9 iyun - beynəlxalq Dostlar Günüdür. Bu tarix dünyada qeyri-rəsmi bayram kimi qeyd olunur. Bütün xalqlar hər zaman ən böyük mənəvi dəyərlərdən biri sayılan dostluğa önəm verir. Təsadüfi deyil ki, müxtəlif ölkələrdə dostluğa həsr olunmuş bayramlar mövcuddur.
Bunlardan biri də hər il iyunun 9-da müxtəlif ölkələrdə qeyd olunan Beynəlxalq Dostlar Günüdür. Dostlar Günü bizə həyat şəraitindən, müxtəlif ziddiyyətlərdən asılı olmayaraq dostluğun nə qədər vacib olduğunu bir daha xatırladır.
9 iyunun Dostlar Günü kimi qeyri-rəsmi qeyd olunmasının kim tərəfindən və nə zaman təyin olunduğu məlum olmasa da, yenə də yadda qalan bir gün kimi populyarlığını qoruyub saxlayır.
30 iyul isə Beynəlxalq Dostluq Gününün qeyd olunduğu tarixdir.
Dostluq haqqında kifayət qədər atalar sözlərimiz də mövcuddur:
Bacar dost qazan, düşmən qapısında.
Baş-başa verməyincə daş yerindən qalxmaz.
Bir dəfə gəldin – yoldaş, iki dəfə gəldin – qardaş.
Bir gün düz yediyin yerə, qırx gün salam ver.
Dostun dostu da dostdur.
Dostun evini öz evin bil.
Dostun könlü xoş olsun, düşmən gözü kor olsun.
Dostun versə qum, Al ovcunda yum!
Dostunu göstər, sənin kim olduğunu deyim.
Dostunu mənə göstər deyim necə insansan.
Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
Yolda yoldaş, evdə qardaş.
Yoldan irəli – yoldaş, evdən irəli – qardaş.
Yoldaş yoldaş ilə tən gərək, tən olmasa gen gərək.
09.06.2024