Xəbərlər

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib

Bakı, 27 aprel, AZƏRTAC


Aprelin 26-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunub.


AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılan tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır.


Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, AMEA-nın, Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.


“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40-dan artıq ümumtəhsil məktəb və liseyinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar müxtəlif təqdimatlarla çıxış ediblər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar, musiqili kompozisiyalar, rəsm əsərləri təqdim ediblər. Şagirdlər intellektual yarışlarda iştirak edib, fləşmob keçiriblər.


Tədbir çərçivəsində, həmçinin 30-dək nəşriyyat və kitabxana kitab sərgi-yarmarkası təqdim edib. “Oxu günü”ndə iştirak edənlər bir sıra nəşrləri güzəştli qiymətlərlə əldə ediblər. Nəşriyyatlar bəzi çap məhsullarını kitabsevərlərə ödənişsiz paylayıb.


“Oxu günü” çərçivəsində “Kitab qoy - kitab götür” aksiyası da keçirilib və mütaliəsevərlər oxuduqları kitabları başqaları ilə paylaşıblar.
Heydər Əliyev Mərkəzinin parkında bu qədər insanın bir arada toplaşdığı mənzərə göz oxşayırdı. Hər kəs əlindəki kitabı vərəqləyir, şəkillər çəkdirir, müzakirələrə qatılırdı.


Bakıdakı 100 nömrəli tam orta məktəbin müəllimi Nüşabə Məmmədova bildirib ki, belə tədbirlərin keçirilməsi ölkəmizin ictimai həyatında mühüm hadisədir. Çünki son zamanlar oxuya, mütaliəyə həvəs azalıb. Kitab oxumaq və kitaba bağlılıq ənənəsi gənclərin bilik səviyyəsinin artmasına da təsirini göstərəcək.
Həmin məktəbin şagirdi, oxumağı, öyrənməyi, kitabları çox sevdiyini deyən Nigar Dadaşova sonuncu dəfə “Görünməz ada” kitabını oxuduğunu söyləyib.
Paytaxtdakı 290 nömrəli məktəbin sərgini maraqla izləyən şagirdləri Mirsadiq  Rəsulov və Nicat Qorçıyev daha çox macəra və dedektiv kitablar oxumağı xoşladıqlarını söyləyiblər.


Kitab bir nəslin digər nəslə mənəvi sərvətidir. Bu gün  ölkəmizin ən gözəl məkanlarının birində - Heydər Əliyev Mərkəzinin parkında bu qədər insanın bir araya gəlməsi  mütaliəyə olan hörmətimiz, marağımız və həvəsimizdir.