Nağıllar, hekayələr

Zəhmət ətri

Azadın babası bağban idi. O, ətirli, dadlı almalar yetişdirirdi.
 
Bir gün Azad babasına dedi:
 
– Baba, mən də bağban olmaq istəyirəm.
 
Baba sevincək:
 
– Yaxşı arzudur oğlum, dedi.
 
Həmin gündən babası ona bağbanlığın sirlərini öyrətməyə başladı. Azad bir neçə alma ağacı əkdi. Onlara qulluq etdi. Suvardı, diblərini boşaltdı. İllər keçdi, alma ağacları çiçək açdı, məhsul verdi.
Bir gün baba nəvəsi ilə bağı gəzməyə çıxmışdı. Azad öz əli ilə əkdiyi almalardan birini dərib qoxladı, sonra babasına dedi:
 
– Baba, gör necə gözəl ətri var.
 
Qoca almanı alıb, qoxladı və dedi:
– Bilirsən bu nə ətridir, mənim balam?
 
– Nə ətridir, baba?
 
– Zəhmət ətridir, oğlum.
Azad bu sözə çox sevindi.