Təbiət

Afrika çöl iti

Afrika çöl iti, və ya Kaftarabənzər it (lat. Lycaon pictus) — Məməlilərin yırtıcılar dəstəsinə, İtlər fəasiləsinə daxil olan heyvan növüdür. Latın dilindən tərcümədə adı bədənindəki rəngbərəng naxışlara görə "gözəl boyanmış canavar" mənasını verir.

 

Bir zamanlar bu çöl canlısı bütün Afrikanın çöllərində, savannalarda və Böyük səhranın cənubunda yayılmışdı. 

 

Bədəni qara, sarı, kürən və ağ ləkələrlə örtülüdür. Bu naxışlar hər bir fərd üçün insanın barmaq izi kimi tamamilə unikaldır. Böyük, dairəvi qulaqlar: Şaquli duran böyük qulaqları həm bədən temperaturunu tənzimləməyə (sərinləməyə), həm də savannadakı ən zəif səsləri belə eşitməyə kömək edir. Digər itkimilərdən fərqli olaraq, ön pəncələrində cəmi 4 barmaq var (beşinci barmaq təkamül nəticəsində yox olub). Çox cəld və arıq bədən quruluşuna malikdirlər.

 

Bədəninin uzunluğu 120 sm; quyruğunun uzunluğu 30-44 sm; çəkisi 18—36 kq-dır. Erkək və dişilər xarici görünüşcə fərqlənmirlər. Ağız-burun nahiyəsi tünd, quyruğunun ucu isə ağdır.

 

Onlar 7-dən 30-dək fərddən ibarət yüksək mütəşəkkil sürülərdə yaşayırlar. Sürüdə yalnız bir dominant "alfa cütlük" olur və adətən yalnız onlar nəsil artırır. Sürü daxilində aqressiya demək olar ki, yoxdur. Onlar xəstə, yaralı və yaşlı üzvlərə çox şəfqətlə yanaşır, uğurlu ovdan sonra əti gətirib ilk növbədə balaları və xəstə fərdləri yedizdirirlər.

 

Davamlı olaraq geniş ərazilərdə yerlərini dəyişirlər. Yalnız alfa dişi yuvasında bala dünyaya gətirib onları südlə bəslədiyi dövrdə bir yerdə sabit qalırlar. Hamiləlik dövrü 70—73 gün davam edir. Bir nəsildə (birlikdə doğulanlar arasında) 4-dən 12-yə qədər bala olur. Ömür uzunluğu təxminən 10 ildir. Növün nəsli kəsilmək təhlükəsi var, hazırda cəmi 5500-dən az heyvan mövcuddur. 

 
Ən uğurlu yırtıcılarından biri sayılır. Onların ov cəhdlərinin təxminən 80–85%-i uğurla nəticələnir. Gündüz vaxtı sürü halında ov edirlər və qoxudan çox görmə qabiliyyətinə güvənirlər. Qurbanı uzun məsafələrə təqib edə bilirlər və saatda 50–55 km sürət yığırlar. İnanılmaz dözümlülükləri sayəsində qurbanlarını (əsasən orta ölçülü antilopları) tamamilə əldən salıb ovlayırlar.
 
Günün ən isti vaxtında itlər yatırlar.
 
Əsas ov üsulu — qurbanı tamamilə əldən düşənə qədər təqib etməkdir. Tez-tez sürünün digər üzvləri təzə qüvvə ilə təqibə qoşulur və qaçış sürətini daim yüksək səviyyədə saxlayırlar. Bəzən bütün sürü əldən düşmüş qurbanın üzərinə atılır.
 
İtlər adətən gündə 3,5 saat ov edirlər, lakin ovlarının 25%-ni itirdikləri təqdirdə bu vaxtı 12 saata qədər artırmaq məcburiyyətində qalırlar.