Təbiət

İnsanın qan dövranı

Qan dövranı sistemi qanı hərəkət etdirir, onu bədənin bütün hissələrinə paylayır və qanın öz funksiyalarını yerinə yetirməsinə şərait yaradır. İnsan orqanizmində qan qapalı damar sistemində müəyyən bir istiqamətdə fasiləsiz hərəkət edir.

 

İnsan orqanizmində quruluş xüsusiyyətinə və funksiyasına görə arteriya, vena və kapilyar qan damarları mövcuddur.

 

Arteriyalar qanı ürək boşluğundan çıxarır, venalar isə qanı ürək boşluğuna gətirir. Arteriya damarlarının divarındakı saya əzələ qatı vena damarlarına nisbətən daha qalındır. Vena damarlarında qanın geriyə axmasının qarşısını alan cibəbənzər aypara qapaqlar mövcuddur. Çox kiçik diametrli damarlar olan kapilyarların divarları birqat yastı epiteli hüceyrələrindən təşkil olunmuşdur. Mübadilə prosesləri bilavasitə kapilyarlarda baş verir.

 

Qan bədənimizdə böyük qan dövranı və ağciyər dövranı olan iki qan dövranı ilə hərəkət edir. Böyük qan dövranı ürəyin sol mədəciyindən başlayır. Sol mədəcik yığılaraq arterial qanı ən iri arteriya olan aortaya vurur. Aorta ürəkdən çıxdığı yerdə sol aorta qövsü əmələ gətirir. Aorta qövsü uzaqlaşdıqca orta və kiçik arteriyalara şaxələnir. Toxuma və hüceyrələrdə əmələ gələn parçalanma məhsulları vena kapilyarlarına toplanaraq əvvəlcə kiçik, sonra isə iri venalara ötürülür. Bilavasitə yuxarı və aşağı boş venalar vasitəsilə ürəyin sağ qulaqcığına daşınır. Yuxarı boş vena baş, boyun və qollardan, aşağı boş vena isə bədənin digər hissələrindən venoz qanı ürəyə gətirir. Böyük qan dövranı sağ qulaqcıqda bitir.

 

Ağciyər dövranı ürəyin sağ mədəciyindən ağciyər kötüyü ilə başlayır. Ağciyər kötüyü venoz qanı ağciyərlərə aparan sağ və sol ağciyər arteriyalarına ayrılır. Bu arteriyalar ağciyərlərə daxil olur. Burada venoz qan arterial qana çevrilərək ağciyər venaları ilə ürəyin sol qulaqcığına çatdırılır. Ağciyər dövranı sol qulaqcıqda bitir.

 

Ağciyər dövranını ilk dəfə 1242-ci ildə İbn ən-Nəfis təsvir etmişdir. O, ürəyin sağ mədəciyindən arteriyaya vurulan qanın ağciyərləri qidalandırmaq üçün deyil, oksigenlə zənginləşmək üçün getdiyini, ürəkdə sağ mədəciklə sol mədəcik arasında keçid olmadığını bildirmişdir.

 

Ürəyin mədəciklərinin yığılması zamanı qanın arteriyaların divarlarına göstərdiyi təzyiq qan təzyiqidir. Mədəciklərin sistolası zamanı yaranan təzyiq maksimal, diastolası zamanı yaranan təzyiq isə minimal təzyiqdir. Qan damarlarla hərəkət etdikcə təzyiq tədricən azalır.


Ortayaşlı sağlam insanlarda sakit vəziyyətdə normal sistolik (maksimal) arterial təzyiq 110–120 mm civə sütunu, diastolik (minimal) arterial təzyiq isə 70–80 mm civə sütunu səviyyəsində olur. Arterial təzyiq göstəriciləri insanın yaşı, həyat tərzi və digər fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər. Hipertoniya – arterial təzyiqin normadan yuxarı olması ilə xarakterizə olunan xəstəlikdir. Bu vəziyyət uzun müddət davam etdikdə ürək, beyin, böyrəklər və digər həyati orqanlara ciddi zərər verə bilər. Hipotoniya isə arterial təzyiqin normadan aşağı olması ilə xarakterizə olunur. Müalicə edilmədiyi təqdirdə hipotoniya beyin toxumalarında oksigen çatışmazlığına, ürək-damar sisteminin fəaliyyətində pozuntulara və müxtəlif orqanların funksional çatışmazlığına səbəb ola bilər.


Ürəyin fəaliyyəti ilə əlaqədar arteriyaların divarlarının ritmik dalğalanması nəbz adlanır. Arteriyaların bədənin səthinə yaxın yerlərdə, məsələn, biləyin içəri tərəfində, gicgahda və boyunda nəbz vurğularını yaxşı hiss etmək olur. Nəbzin tezliyi ürək yığılmalarının tezliyinə uyğun gəlir.


Toxuma mayesinin bir hissəsi ucu qapalı olan limfa kapilyarlarına keçir və burada limfa mayesini əmələ gətirir. Limfada hüceyrələrin həyat fəaliyyəti nəticəsində əmələ gələn məhsullar toxuma mayesindən çoxdur. Rəngsizdir, qandan fərqli olaraq eritrositlərə malik deyil. Hüceyrəarası sahələrdə limfa kapilyarlarına yığılan limfa iri limfa damarlarına toplanır. Limfa damarlarına toplanmış limfa körpücükaltı venaya açılır. Limfa yalnız bir istiqamətdə hərəkət edir. Onun hərəkətinə səbəb limfa damarlarını əhatə edən skelet əzələlərinin və limfa damarı divarlarının ritmik olaraq yığılmasıdır. İri limfa damarlarının daxilində limfanı geriyə axmağa qoymayan aypara qapaqları olur. Damarlar boyunca limfa düyünləri yerləşir. Limfa düyünləri xüsusi növ leykositlərin yetişdiyi və aktivləşdiyi mühüm orqanlardır. Onlar eyni zamanda limfanı süzgəcdən keçirərək zərərli maddələrdən, patogen mikroorqanizmlərdən və ölü hüceyrələrdən təmizləyib orqanizmin müdafiəsini təmin edirlər.

 

Limfa damarları və limfa düyünləri birlikdə limfa sistemini təşkil edir. Bu sistem orqanizmdə qanın maye tərkibi, miqdarı və qatılığının tənzimlənməsində, həmçinin mikroorqanizmlərin zərərsizləşdirilməsində mühüm rol oynayır.