EY MIXI MİSMAR ELƏYƏN ALLAH!
EY MIXI MİSMAR ELƏYƏN ALLAH!
«Sən saydığını say, gör fələk nə sayır» mənasında işlədilən ifadə.
İfadə xalq arasında yayılmış qədim bir rəvayətdən qaynaqlanır.
Həmin rəvayətdə deyilir ki, bir padşah başqa ölkəyə qəsbkarlıq yürüşünə hazırlaşır. O, qoşuna lazım olan atları nallatmaq qərarına gəlir. Lakin padşahın anbarlarında mıx tapılmır. Şəhərdəki yeganə qoca dəmirçini yanına çağıraraq əmr edir ki, səhərə qədər on min mıx hazırlasın. Dəmirçi nə qədər yalvarır, and-aman edir ki, bu qədər mıxı bir gecədə hazırlamaq mümkünsüzdür, padşah inadından dönmür, on min mıx hazırlamasa, səhər dəmirçini asdıracağı ilə hədələyir.
Kor-peşman evə gələn dəmirçi səhərə qədər oturub Allaha yalvarır, ona kömək göstərməsini istəyir. Səhərə yaxın dəmirçinin qapısı döyülür. Şah xidmətçisi xəbər verir ki, gecə ikən padşah ölüb, ona görə də tabutu mismarlamaq üçün dörd ədəd mismar lazımdır. Dəmirçi bu işi əlüstü görür, əllərini göyə qaldırıb deyir: «Ey mıxı mismar eləyən Allah, kərəminə şükür!»
Bu motiv Səməd Vurğunun «Vaqif» dramında da istifadə olunmuşdur.
29.10.2026