Nağıllar, hekayələr

Gülzar İbrahimova. Həsən və ulduz

Ana Həsənə yaxınlaşıb üzündən öpdü. Yorğanı üstünə çəkib getdi. Həsən gözüyumulu başını yorğanın altına soxub özünü gülməkdən güclə saxladı. Səssiz, için-için o qədər güldü ki...   O, ata-anasının söhbətinə gülürdü. Hər gün onlar Həsəndən danışır, Həsən də özünü yatmışlığa vurur, böyüklərin söhbətini eşidirdi:


-  Bu gün Həsən özünü necə aparıb?
-  Bu gün də pişiyin quyruğuna konserv qutusu bağlayıb, məhəllədə hay-küy düşüb. Yenə bir başqa qonşu gəlmişdi şikayətə.
-  Niyə?
-  Pişik onun pişiyi idi.
-  Cəzalandırdın Həsəni?
-  Əlbəttə, dondurma almağa da pul vermədim, küncə də qoydum, karuselə də aparmadım!
Belə deyəndə Həsən gülməkdən uğundu. Çünki həmin gün dondurma da yemişdi, karuselə də minmişdi. Dərsdən gələndə nənəsi ilə rastlaşmış, nənə ona dondurma üçün də, karuselə minmək üçün də pul vermişdi. Həsən yorğanın altında o qədər güldü, gözlərindən yaş gəldi. 
-  Düz eləmisən cəzalandırmısan, ─ ata dedi, - hər gün danlanır, amma yenə də bir iş çıxarır. Düzəlmir ki, düzəlmir.
-  Dərslərini də yaxşı oxumur.
-  Bu uşağın fikri götürüb məni.
-  Məni də... 


Bir azdan səs kəsildi. Yəqin ki, hamı yatdı. Həsən başını yorğanın altından çıxartdı. Bu vaxt kimsə işığı yandırdı. “Bu kim ola bilər?” - deyə Həsən düşündü. Amma heç kim deyildi. İşıq da yanmırdı. İşıq pəncərədən evə düşürdü. Həsən yorğanı üstündən atıb ayağa qalxdı. Diqqət edib gördü ki, bayırdan düşən Ay işığı evi elə işıqlandırıb, elə bil səhər açılıb.
Pəncərəyə yaxınlaşanda gördü ki, bu heç Ay işığı da deyil, balaca bir ulduzdur, elə parıldayır ki, az qalır alışıb-yansın. Həsən istədi pərdəni çəksin, gördü ulduz yavaş-yavaş aşağı düşür. Ulduz düşdü, düşdü, sonra isə düz yaxınlaşdı pəncərənin qarşısında dayandı. Həsən qorxdu. Çünki Yanan ulduzun insan kimi gözləri, ağzı, hətta muncuq kimi qızıl dişləri vardı. Zərli saçları elə dalğalanırdı ki, elə bil karuseldi, fırlanır. Hələ bu harasıdır, Ulduz Həsənə baxıb mehriban bir təbəssümlə elə gülümsədi ki, Həsən pəncərəni açıb soruşdu:


-  Kimsən sən?
-  Ulduz!
-  Niyə yatmırsan?
-  Ulduzlar gecə yatmır!
-  Nə edirlər?
-  Gündüz gördükləri işlərə baxır, sevindiklərindən daha da alışıb-yanırlar.
-  Hansı işlərinə?
-  Kim hansı işi görübsə ona!
-  Ulduzlar nə iş görür?
-  Ulduzlar iş görmür. Onlar da vaxtı ilə insan olublar. Ömürləri bitdikdən sonra hər kəs ulduza çevrilir. Kimisi parıldayır, işıq saçır, sevindiyindən nur saçır, kimisi utandığından gözlərini yumur, parıldamır və qaranlığa çevrilir, qaranlıq yaradırlar.
-  Neyləmək lazımdır ki, qaranlıq yox, işıq olasan?
-  Bu çox asandır. Heç kimi ağlatmırsan. Çalışırsan, ətrafında hər kəsi sevindirəsən!
-  Neyləyim, dondurma alım, paylayım?
-  Yox, mən dondurma alıb paylamamışam!
-  Neyləmisən?
-  Sən bu gün ananı həyəcanlandırmısan, atanı bikef eləmisən, sinif yoldaşını acılamısan, pişiyi qorxutmusan, ağlatmısan.
-  Neyləyim, bütün günü sakit oturum?
-  Qaranlıq yox, işıq olmaq istəyirsənsə, həmişə sevindirməlisən!
-  Hələ balacayam, bu yaşda neyləyə bilərəm ki sevinsinlər?
-  Mən sən yaşda olanda elə işlər görürdüm ki, hər yanda məni tərifləyir, haqqımda  ağızdolusu danışırdılar. Bundan fərəhlənirdim. Sonra böyüdüm, yol saldım, körpü saldım, uzun yolları qısa, əyri yolları düz elədim, dağları yardım, tunel çəkdim. Evlər tikdim, dağılanı düzəltdim. Evlərə su çəkdim, insanları sevindirdim. İndi hər gün elədiklərimi görürəm, sevindiyimdən daha da işıqlanıram.
-  Mən də ulduz olmaq istəyirəm!
-  Elə isə vaxt itirmədən dəyiş!
-  Yaxşı!


Axşam Həsən yenə özünü yatmışlığa qoyub böyüklərin söhbətini eşitdi:


-  Həsən bu gün ağıllı oğlan olub!
-  Nə yaxşı!
-  O tamam dəyişib!
-  Sevindirdin məni!       
-  Özüm də o qədər sevinmişəm ki...


Həsən bu dəfə yorğanın altında sevindiyindən gülürdü.