Nağıllar, hekayələr

Əli Vəliyev. Nənənin söhbəti

Qırxbuğumlu düzündə cərgə ilə qurulmuş çadırların birində Arazla Afaq nənələri ilə qalırdı. Arası kəsilmədən qırx il müəllimlik eləyən Fəxrəndə qarının on iki nəticəsi vardı. Onun yaşı yetmişi haqlasa da, özünü gümrah hiss eləyirdi. Hər il iyun ayının əvvəllərindən avqustun axırlarına qədər Salvartı yaylağının soyuq bulaqlarından içər, bütün günü yediyi süd, qatıq, göy-göyərti olardı.
 
 
Nəticələrinin biri üçüncü, o birisi dördüncü sinifdə oxuyur. Bakıdan təzə gəlmişlər. Mal-qara, qoyun-keçi, at-dəvə haqqında heç bir məlumatları yoxdur.

 

 
Qocaman müəllim hər səhər qonaqlarına ya üstü şəkərli qaymaq, ya şirin süd verir, ya da ki, təzə yağla balı qatışdırıb xamralı çörəyin üstünə yaxır, nəticələrinə yedirirdi. Nahara mütləq ya xörək bişirir, yaxud qırxbugum, quzuqulağı, gicitkən kətəsi hazırlayırdı.
 

 

Elə ki nəticələrini yedirib toxtayır, nənə çadırın qabagına palaz salıb üstünə döşək qoyur, uşaqları da böyründə oturdub, onlara kolxozun naxırı, sürüləri, ilxısı, dəvəsi barədə danışırdı.
 
 
Fəxrəndə müəllimin məqsədi bu idi ki, nəticələrinə heyvanlar barədə məlumat versin. Bir həftədən artıq yaylaqda olmalarına baxmayaraq, uşaqlar dana ilə buzovu ayırd edə bilmir, qulanla ürkəni qarışıq salır, nərlə arvanı tanımırdılar.
 
 
Göyün üzü ayna kimi dumduru idi. Gecə ayaz olduğundan indi elə qəşəng gün idi ki, Arazla Afaqa ləzzət verirdi. Fəxrəndə nənənin heyvanlar barədə söhbəti isə daha ləzzətli oldu.
 
 
Bax, daşın böyründə durub agzını tərpədən heyvan inəkdir. Yediyini sınırmaq üçün kövşək çalır. Onun balası bir yaşına qədər buzov adlanır. İki illiyində dana olur. Üç yaşına adlayanda dişisinə düyə, erkəyinə cöngə deyirlər. Dörd yaşından sonra düyələr inək, cöngələr öküz olur. Heyvanların adı yaşı ilə əlaqədardır.
 
Qara rəngli, yekəqarın, iribuynuz heyvana camış deyirlər. İnəkdən çox süd verir. Südü yağlıdır. Camışın qatıgı ilə qaymagı, inəyin südü ilə yagı dərmandır. Camışın balası bir yaşına qədər balaq, iki illiyində kəlçə olur. Böyüyəndən sonra dişisi camış, erkəyi kəl adlanır.
 
Qoyunun balası quzu, toglu, şişək, erkək, azman adı ilə adlanır, atalarına qoç, analarına qoyun deyirlər.
 
Afaq sual elədi:
 
— Fəxri nənə, qoyunun südü yaxşıdır, inəyin?
 
— İnəyin südü, qoyunun pendiri ələ düşməz.
Araz dilləndi:
 
— Bəs keçinin balasına nə deyirlər?
 
— Keçinin balasına bir yaşınacan oğlaq, iki yaşında çəpiş, sonra dübür-küyər, keçi-təkə deyirlər.
 
Fəxrəndə qarı çeşməyinin şüşələrini silib gözünə taxdı. Afaqın xurmayı saçlarına sığal verdi. Arazın boynuna əl salıb özünə tərəf çəkdi, sinəsinə sıxandan sonra sözünə davam elədi:
 
— Daşlıqda sal duzu yalayan heyvana at deyirlər. İyirmi-otuz il qabaq atın hörməti çox, qiyməti baha idi. Minik və yük maşınları çıxandan sonra atlar urvatdan düşüblər. Araz bacısına macal verməyib xəbər aldı:
 
— Maşınlar atlara nə eləyib ki?
 
— Əvvəllər adamlar səfərə çıxanda at minərdilər. Dağa köçəndə yükləri atlar daşıyardı. Arabalara qoşulan, faytonları çəkib aparan, meşədən odun gətirən, dərz daşıyan, xırman döyən atlar idi. Hətta deyirdilər «At kişinin qanadıdır». Yaxşı igid atı ilə adlanardı. Həcər, Aynalı, Bozat Qaçaq Nəbinin sədaqətli dostları olub.
 
Afaq dedi:
 
— Fəxri nənə, bəs atın balasına nə deyirlər?
 
— Atın balası bir yaşına qədər qulun, iki yaşında dayça, üç yaşında qulan-ürkə, böyüyəndə madyan-köhlən adlanır. Hərgah erkək at qaçağan, kara gələn olursa, ona köhlən, əgər tənbəl, yük götürməyən olursa, ona yabı deyirlər.
 
 
Gün şaxıyır, uşaqlar tərləyirdilər. Nənə balalarını çadıra aparıb söhbətinə ara verdi. Soyuq qatıqaşını iki boşqaba töküb uşaqların qabağına qoydu. Ayaqqabılarını dəyişdi. Yun şalı çiyninə salıb bayıra çıxdı. Dəvələr qanqallı dərədə idi. Biri də soyuq bulağın yanında durub gicitkən yeyirdi.
 
 
Fəxrəndə qarı Arazla Afaqı səslədi. Özü ortada dayanıb hərəsinin bir əlindən yapışdı, birbaş Soyuq bulağa tərəf addımladı. Qarı elə gedirdi ki, uşaqlar güclə ayaqlaşırdılar.
 
 
Bulağa çatıb nəfəslərini dərəndən sonra nənə dedi:
 
— Boynu əyri, caydaq, gicitkəni kökündən qoparıb yeyən heyvana dəvə deyirlər.
 
Fəxrəndə qarı nəticələrinin maraq içində olduğunu görüb bir az dayandı. «Qoy əməlli baxsınlar. Uşaqlar hər şeyi bilməlidir. Təbiətə həsrət, heyvana tamarzıdırlar. Bulaq suyu dillərinə dəyməyən, ayaqları şehdə yuyunmayan uşaqların ürəyi təzələnərmi?
 
Üzünə yağış çırpmayan, dodağını ayaz çatlatmayan, sifətini şaxta qovurmayan uşağın canı sağ olarmı?» — deyə nənə düşünürdü ki, Afaq dilləndi:
 
— Fəxri nənə, dəvənin balalarından danış.
 
— Dəvənin balasına köşək, iki yaşında olanda daylaq deyirlər. Üç yaşına adlayandan sonra nərmaya, lök-arvana, buğur-haçamaya, balxımaya-göyün olur.
 
Dəvə bulaqdan uzaqlaşdı. Uşaqlar su içmək istəyəndə nənələri dedi:
 
— Əvvəlcə əl-üzünüzü yuyun, sonra için.
 
Uşaqlar əllərini suya vuranda diksindilər. Qayanın altından gələn su çox duru, olduqca soyuq, dedikcə dadlı idi. Onlar suyu doyunca, birnəfəsə içə bilmədilər. Dişləri göynədi. Ara verə-verə içdilər.
 
— Fəxri nənə, bizi gəzməyə apar da, — deyə Afaq mızıldayan da, Araz bacısının sözünə qüvvət verdi:
 
— Fəxri nənə, bu gün yaxşı gündür, gedək gəzməyə.
 
 
Nənə nəticələrini sakitləşdirdi:
 
— Qayıdaq çadıra, nahar eləyək, sonra sizi baldırğanlı dərəyə aparacağam...