Nağıllar, hekayələr

Gülarə Munis. "Küçə fənərinin nağılı"

Keçmiş zamanlar lap uzaqda qalmışdı. Hər şey dəyişmişdi. Yollara asfalt döşənmişdi. Yolların kənarlarına dirəklər basdırılıb, onlardan işıq fənərləri asılmışdı. Artıq küçələr axşamlar da işıqlı olurdu. Yoldan keçən maşınlar və adamlar əziyyət çəkmirdilər. Fənərlər söhbət etməyə bir kimsə tapmadıqları üçün gündüzlər çox darıxırdılar. Bikar qalan fənərlər axşam düşənə qədər yatırdılar.
 
 
Bir gün yol kənarında olan dirəklərə üçrəngli bayraqlar asdılar. Bayraqlar vüqarla dalğalanırdı. Bunu görən fənərlər çox təəccübləndilər. Fənərlərdən biri yanına sancılan bayraqdan soruşdu:
 
- Səni bura niyə asıblar? Sən də küçələri işıqlandıracaqsan?
 
Üçrəngli bayraq qürurla dedi:
 
- Yox! Mən küçələri yox, insanların ömür yolunu işıqlandırıram! Mən onları işıqlı gələcəyə aparıram!
 
Küçə fənəri bir şey başa düşmədi. Odur ki, maraqla soruşdu:
 
- Bu necə olur? Axı onların yolunu mən işıqlandırıram. Məni axşamlar yandırırlar, bəzən səhərlər söndürmək yaddan çıxır, günorta söndürürlər. Mən işıq saçıram, sənin isə işığın yoxdur. Sən onların ömür yoluna necə işıq saçırsan?
 
Üçrəngli bayraq vüqarla dedi:
 
- Mən insanlara azadlıq gətirirəm, məni uca tutub, başlarının üstündə gəzdirirlər. Müharibə vaxtlarında əgər bayrağı aparan əsgər yaralanarsa, başqa bir əsgər tez məni əlinə götürür ki, yerə düşməyim. Axı bayraq yıxılsa, bu artıq məğlubiyyət olar. Ən möhtəşəm bayramlarda, idman yarışlarında qalib gələnlərin şərəfinə həmin ölkənin bayrağını ucaldırlar.
 
Küçə fənəri bütün bu sözlərə diqqətlə qulaq asırdı. Bayraq sözünü bitirəndən sonra fənər ondan soruşdu:
 
- Bəs bu gün səni nəyə görə buraya asıblar? Məgər burada idman yarışları var?
 
Bayraq dedi:
 
- Sabah bu ölkənin - Azərbaycan Respublikasının ən əziz bayramıdır. Bu bayram, həqiqətən, insanları azadlığa çıxarıb. Onlara ağ günləri bəxş edib, ona görə də bütün yolların kənarına, möhtəşəm binaların divarlarına bayraqlar sancıblar. İnsanlar üçrəngli bayrağı görəndə ürəkləri sevinclə döyünür. Uşaqlar fərəhlə bu bayrağa baxıb deyirlər: ”Bu bizim bayrağımızdır!” Heç bilirsən, körpə balaların dilindən bu sözləri eşidəndə nə qədər sevinirəm?!
 
Küçə fənəri bir gündə o qədər təzə şeylər öyrənmişdi ki, istəyirdi, bayraq yenə danışsın. Bayraq isə ona dedi:
 
- Bugünlük bəsdir. Sən bütün gecəni yatmamısan, indi gəlib səni söndürəcəklər. Yat, dincəl, axşam yenə söhbət edərik.
 
Fənər təəccüblə soruşdu:
 
- Bəs sən yatmırsan?
 
Bayraq qürurla dedi:
 
- Mənim işim indi başlanır! Mən axşama qədər dalğalanıb yoldan keçənlərə əl edəcəyəm. Onlar da mənə salam verəcəklər. İnsanlar gül-çiçəklə gəzməyə çıxacaqlar, bu bayramı iftixarla qeyd edəcəklər. Axı bu, müstəqillik bayramıdır. Bu bayramı əldə etmək üçün insanlar çox əziyyət çəkiblər, bu yolda nə qədər qanlar tökülüb. İndi isə bu xalq azaddır.
 
Fənər dedi:
 
- Kaş bu gün də bizi söndürmək yaddan çıxaydı, mən də bayrama gedən adamlara baxardım.
 
Bayraq fənəri başa saldı ki, əgər işıqlar boş yerə yansa, bu işıq hədər olar. İşığı yalnız axşamlar yandırmaq olar.
 
Elə bu vaxt küçə fənərini söndürdülər. O, yavaşca yuxuya getdi...