Nağıllar, hekayələr

Sabir Süleymanlı. Qonaq

Gündüzgil hər il yayda bağa köçürlər. Onların həyətindəki alça ağacı bu il çoxlu bar gətirmişdi. Anası Gündüzə tapşırmışdı ki, ağacı qorusun. Meyvəsini uşaqlar dərib yerə atmasınlar, mürəbbə bişirəcəkdir.

 

Buna görə də Gündüz çox vaxt həmin ağacın altında olardı.

 

Bir dəfə Gündüzün yoldaşı Kamil alça ağacının yanından keçirdi. O, səs eşidib ayaq saxladı. Yuxarı baxanda gördü ki, alça ağacının budağında balaca bir oğlan oturub. Oğlan həm alça yeyir, həm də yemədiklərini yerə atırdı. Kamil oğlanı tanımadı və dedi:

 

- Ay oğlan, düş aşağı! Axı sən budağı sındırırsan!

 

Ağacdakı oğlan Kamilə qulaq asmadı. Kamil tez ağacdan uzaqlaşdı. Bir azdan o, Gündüzlə geri qayıtdı.

 

Ağaca çıxmış oğlan alçaları yeyəndə budaqlardan birini sındırmışdı. Oğlan hələ də budaqların üstündə idi.

 

Gündüz Kamilə dedi:

 

- Bu, Səlim müəllimgilə gələn qonaqdır. Qonağa nə deyim? İcazəsiz ağaca çıxıb budaqları sındırmaq, bəlkə, onun xoşuna gəlir...

 

Gündüzün sözləri oğlanı bərk utandırdı. O, bir söz deməyib aşağı düşdü.