Nağıllar, hekayələr

Özbək xalq nağılı. Ağıl və sərvət

Tərcümə edən: Gülnar Nəzərova

 

Biri var idi, biri yox idi, bir qoca və onun dörd oğlu var idi. Bir gün qoca oğlanlarını yanına çağırıb:

- Oğullarım, mən artıq qocalmışam, - dedi, və Sizlərdən biriniz ailənin başçısı olmalısınız. Kim ağıllı və zəngin olsa, mənim miras ona qalacaq. İndi hər biriniz mənə ağıllı və varlı olduğunuzu sübut edin.

 

Ən böyük oğul zümrüd gözlü qızıl üzük taxdığı barmağını uzadıb:

- Budur mənim sərvətim, varlı adamda ağıl da olur, - dedi.

 

İkinci oğlu əyninə bahalı paltosunu geyib:

- İndi məni görən hər kəs mənim zənginliyimdən və zəkamdan təsirlənəcəkdir, - dedi.

 

Üçüncü oğul isə gümüş və cəvahiratlarla bəzədilmiş kəmərini belinə bağlayıb:

- Heç kim həyatında belə bir kəmər görməmişdir, - dedi.

 

Qoca başını yellədi və oğlanlarına heç nə demədi. Daha sonra qoca ən kiçik oğluna baxaraq:

- Bəs, sən niyə susursan? Sən hansı sərvətinlə lovğalanacaqsan? - deyə soruşdu.

- Mənim zümrüd gözlü üzüyüm, bahalı paltom, bahalı kəmərim yoxdur. Ancaq mənim çalışqan əllərim, cəsarətli bir ürəyim və ağıllı başım var, - dedi.

 

Ən kiçik oğlunun cavabı qocanın xoşuna gəldi və mirasını ona verməyə qərar verdi. Böyük oğlanlarına da onun sözündən çıxmamaqlarını tapşırdı.