Nağıllar, hekayələr

Monqol nağılı. Dəvə niyə su içəndə ətrafa baxır

Bir vaxtlar bir dəvə yaşayırdı. Çox gözəl və əzəmətli buynuzları var idi. Tək buynuzlar deyil! Çox gözəl və qalın quyruğu da var idi.


O zamanlar maralın buynuzu, atın isə quyruğu yox idi. Daha doğrusu maral keçəl idi, atın isə  quyruğu çirkin və nazik bir ipə bənzəyirdi.


Bir gün dəvə su içmək üçün gölə gəldi. Sudakı əksini görüb heyranlıqla öz-özünə düşündü! "Nə gözələm!  Mən dünyanın ən gözəl heyvanıyam!".


Sonra meşədən sizcə kim çıxdı? - Maral! Kefsiz idi və gözlərindən yaş axırdı.


- Nə olub? - dəvə soruşdu, - Nə üçün kədərlisən?


- Meşə heyvanları məni fəxri qonaq kimi bir məclisə dəvət ediblər.


- Bu ki, gözəl xəbərdi! Yeyib içərsən!


- Məsclisə bu qədər çirkin, keçəl başla necə gedə bilərəm? Orada pələng olacaq, nə qədər gözəl bir xəzə sahib olduğunu yaxşı bilirsən. Xahiş edirəm dəvə, mənə buynuzlarını borc ver. Yalnız iki-üç saatlıq.

Məclisə gedim, sonra qaytaracağam. Bu axşam, olmasa sabah səhər mütləq qaytaracam.


- Yaxşı! - dəvə səxavətlə cavab verdi, - Həqiqətən olduqca çirkin görünürsən. Mən sənə kömək edəcəyəm. Buynuzlarımı götür.


Dəvə buynuzlarını çıxarıb marala verdi. Maral buynuzları taxıb qürurlu bir baxışla sürətlə oradan uzaqlaşdı.


- Hey! Dəvə onun ardınca qışqırdı. - Buynuzlarımı giləmeyvə suyu ilə ləkələməməyə diqqət yetir! 


Bir az getmişdi meşədə maral bir atla qarşılaşdı.


- Salam! - at dedi - Yaxşı buynuzların var! Bunu haradan əldə etmisən?


- Bəli, buynuzlarım əladır! - maral cavab verdi - dəvə verdi.


“Mmm, xahiş etsəm dəvəyə bəlkə mənə də yaxşı bir şey verər” deyə at öz-özünə düşündü.


Dəvə hələ də gölün sahilində durub su içir, ətrafa baxırdı.


- Günün xeyirli olsun, əziz dəvə! - at salamlaşdı - Nə gözəl quyruğun var! Mənimlə dəyişməyə razı olarsanmı? Uzun müddətlik deyil, yalnız bir axşam üçün. Heç olmasa səhərə qədər. Sənin heyranın olan gənc bir dişi atla görüşəcəm. Bir düşün sənin quyruğunla onun görüşünə getsəm nə qədər xoşbəxt olacaq!


Atın sözləri dəvənin xoşuna gəldi.


- Doğrudan? Heyrandı mənə deyirsən? Yaxşı dəyişək. Yalnız çirkləndirmə haaa!!! Axı bu, dünyanın ən gözəl quyruğudur.


O vaxtdan bəri çox günlər və illər keçdi. Maral hələ də buynuzlarını dəvəyə qaytarmadı və atın - özünüz də görürsünüz – küləkdə yellənən uzun və gözəl bir quyruğu var. 


Beləliklə, dəvə bəzəksiz qaldı. Ancaq yenə də ümidini itirmir. Buna görə də, indi də hər dəfə su içmək üçün çayın kənarına gələndə davamlı olaraq ətrafa baxır.  İndiyədək maral ilə atın ona buynuzunu və quyruğunu verməyə gələcəklərini gözləyir. 


Bu səbəbdən dəvə həmişə belə kədərli görünür.