Nağıllar, hekayələr

Əzizə Cəfərzadə. Gözəl təşəbbüs

İkinci gecə Şaiqgildə toplanmağı qərarlaşdırmışdılar. Səhhət və Sabirin Şaiqgildə olacağından xəbər tutan Əlicabbar da bu gecə buraya gəlmişdi. Şaiqin ayağı yerə dəymirdi. Tez-tez qonşu otağa keçib, əziz qonaqları üçün yemək və çay gətirirdi.


Əvvəlcə Sabir “Molla Nəsrəddin” üçün yazdığı yeni şeirlərini oxudu. Səhhət Lermontovdan tərcümələr etməyə başladığını söyləyib onun gözəl “Mtsıri” poemasından danışdı:


- Bilmirəm necə çıxacaq, amma Lermontovun aşarına məftun olmuşam. Tərcümə etdikcə elə bilirəm, başqa şairlərdən ruhuma o daha yaxındır.


Oxunan parçanı hamı bəyəndi. Şaiq özünəməxsus bir xəyalpərvərliklə dilləndi:


- Səhhət əfəndi, çox gözəl tərcümə etmisiniz. Məncə, Lermontov bu əsəri bizim dildə yazsaydı, elə beləcə də səslənərdi.


Əlicabbar söylədi:


- Bəli, vəzni də, dili də rəvan, ürəyəyatımlıdı.


- İstəyirəm, Avropa və rus şairlərindən tərcümə etdiyim bir sıra şeirləri “Məğrib günəşləri” adı ilə çap etdirim.


- Gözəl təşəbbüsdü... Uğur arzulayıram. Tezliklə kitabını görək.


- Cəmi bir neçə şeir tərcümə eləmişəm. Hələ qoy bir seçdiklərimin hamısını qurtarım... Onda balalarımız üçün gözəl bir hədiyyə olar. Onlar Puşkin, Lermontov, Krılov, Hüqo kimi şairləri öz doğma dillərində oxuyub feyz alarlar.


- Məncə, Krılovdan tərcümələr Sabir əfəndinin qələminə, ruhuna daha uyğun gələr...


Sabir kədərlə gülümsədi:


- Təəssüf ki, rus dilinə dostum kimi aşina deyiləm. Sonra üzünü gənc Şaiqə tutub ərklə davam etdi:


- Yaxşı, bəs qonaqlara şeir oxutdurursan, mənim cavan dostum, amma bir demirsən, özün nə yazmısan?


Sabir və Səhhət qarşısında öz şeirini oxumağa utanan Şaiq dedi:


- Bilirsinizmi, Mirzə, uşaqlar üçün bir neçə yeni şeir üzərində çalışıram. Balalar üçün yazmağı Mahmud əmi də, cənab Köçərli də mənə məsləhət görürlər. Ana dilində dərsliyin çatışmazlığı, bu dərsliklərə daxil etmək üçün uşaq şeirinin azlığı, hamınız kimi, məni də narahat eləyir. Görək nə çıxar.


- Yaxşı olar, inşallah, yaxşı olar, sən bir şeir oxu görək ... - deyə Sabir təşviq etdi. Səhhət də ona qoşuldu. Əlicabbar dedi:


- Elədi, oxuyun! Bir müəllim kimi, “yazın” deyə tələb edirsiniz. Tələbinizdə də haqlısınız. Amma öz yazdıqlarınızdan bir şey oxuyun, biz də zövq alaq.


Şaiq utanırdı, gülümsədi:


- Madam ki, təkid edirsiniz, icazənizlə bir şeir oxuyum.


O gecə başları şeirə, şeiriyyətə, dərslik məsələsinə elə qarışmışdı ki, səhərin açıldığını lampa işığının zəifləməyindən bildilər.