Nağıllar, hekayələr

Zahid Xəlil. Akvarium balığı

Balaca qırmızı balıq akvariumda üzüb fikirləşirdi. “Bir az böyüyən kimi dənizə, oradan isə okeana keçəcəyəm. Əslində, burada çətin bir şey yoxdu. Okeanda üzmək bu balaca şüşə akvariumda üzməkdən min dəfə asandı.

 

Dalğalar səni ürəyin istədiyin səmtə atır. Nə qədər istəyirsən üz”. Əlbəttə, bu fikirlərini hamıdan gizlədirdi. Fikirləşirdi ki, birdən ata-anası razılıq verməz, ondan sonra bu şüşədən çıx görüm, necə çıxırsan. Balaca qırmızı balıq o günü səbirsizliklə gözləyirdi. “Bircə bu üzgəclərim böyüsəydi, daha dərdim olmazdı, — deyə fikirləşdi. — Əlbəttə, quyruğumun böyüməsi də olduqca vacibdi”.

 

Bir dəfə akvariuma bir balıq saldılar. O, akvarium balıqlarına qətiyyən oxşamırdı. Bumu sivri, döşünün altı ağ idi. Üzgəcləri və quyruğu da şüşə evdə yaşa- yanlannkına bənzəmirdi. Təzə balığın belindəki pulcuqlar xala oxşadığına görə onu Xallı çağırdılar. Amma Xallı heç kəslə dostluq etmək fikrində deyildi. Həmişə tək dolanırdı və nəyinsə dərdini çəkdiyi üçün daim fikirli olurdu.

 

Bir dəfə balaca qırmızı balıq ona yaxınlaşıb dedi:

 

— Bu qədər fikir çəkməkdən yorulmadın? Bizim bu şüşə evimizin nəyi pisdir, hə?

 

Xallı ona çəp-çəp baxdı. Hiss olunurdu ki, Balacanın sözləri heç də xoşuna gəlmir.

 

Balaca da onun kimi başını aşağı salıb akvariumun lap dibi ilə üzməyə başladı. Xallı hiss edirdi ki, akvariumun içindəki balıqların, deyəsən, ən səmimisi elə bu Balacadır. Ona görə də bir dəfə dedi:

 

— Bura bax, Balaca, sən heç bilirsən ki, mən haradan gəlmişəm?

 

Balaca təəccüblə onun üzünə baxdı.

 

- Mən dəniz balığıyam, başa düşdün? Dəniz balığının akvariumda yaşaması mümkün deyil. Amma uşaqları necə başa salasan? Onlar bilmirlər ki, mən cəmi bir neçə aydan sonra o qədər böyüyə bilərəm ki, hətta onların bu şüşə evciyinə sığışmaram. Sonra görüm neyləyəcəklər.

 

Qırmızı balıq dedi:


— Ah, nə gözəl olardı ki, tez böyüyəydim. Ömrümdə böyük balıq görməmişəm.

 

— Ay axmaq! — deyə Xallı hirsləndi. — Böyümək heç də həmişə adama xoşbəxtlik gətirmir. Sənin xoşbəxtliyin elə balaca qalmağındadır.

 

— Yox! — deyə Balaca qışqırdı. — Böyümək və okeanları səyahətə çıxmaq mənim ən böyük arzumdur. Balaca qalmağn nəyi yaxşıdır ki?!

 

— Balaca qalmaq ona görə yaxşıdır ki, səni balıqçı qarmaqları, cürbəcür torlar gözləmir. Amma məni bir az böyüyən kimi yağda qızardacaqlar. Ondan sonra səsim heç yana çatmayacaq.

 

Balacanın başı fırlandı. Onun qətiyyən ağlına gəlmirdi ki, insanlar balıq əti yeyə bilər.

 

Əlbətdə, Xallının dedikləri nə qədər qorxulu olsa da, Balaca dənizə çıxmaq arzusunu bir an da yaddan çıxartmırdı. Bir dəfə hansı xeyirxah uşaqsa akvariumu aparıb çaya boşaltdı. Balıqlar bunu gözləmədiklərinə görə qorxuya düşdülər. Özlərinə gələndə gördülər ki, çay onları axıdır. Xallı sinəsi ilə Balacanı birtəhər suyun burulan yerinə gətirdi. Başqa balıqları su aparmışdı.

 

Xallı dedi:

 

— Məndən bir addım da uzaqlaşma. Bura akvarium deyil. Qarmağa ilişdin, batdın.

 

— Bura bax, — deyə Balaca soruşdu. — Axı heç danışmadın, necə oldu ki, gəlib akvariuma düşdün? Niyə dənizdə yaşamadın?

 

Xallı qaşqabağını tökdü.

 

— Bura nağıl danışmaq yeri deyil. Sadəcə olaraq tora düşdüm. Amma balaca olduğuma görə bir qırağa atdılar. Balaca bir uşaq məni gətirib sizin yanınıza atdı, vəssalam... İndi başını aşağı salıb özünə yemək axtar. Acından ölərsən.

 

— Belə çıxır ki, akvarium çaydan yaxşı imiş. Orada yedizdirir, suyumuzu tez-tez dəyişdirirlər. Nazımızla oynayırdılar. Amma burada hər şeyi gərək özün axtarasan. Belədirsə, akvariumu niyə bəyənmirdin?

 

— Bilirsən, — deyə Xallı onun suallarına səbirlə cavab verməyə başladı. — Burada hər dəqiqə bizi təhlükə gözləyir. Amma hara istəsək, üzüb gedə bilərik. Yəqin ki, bu çay hansı bir dənizəsə tökülür. Günlərin birində bir də gözümüzü açıb görəcəyik ki, dənizdəyik. Özünü bütün yekə balıqlardan qoru. Böyüklər balacaları yeyir. Bu, dəniz qanunudur.

 

Xallı sözünü yarımçıq kəsib dayandı. Balaca özünü saxlaya bilməyib xeyli irəli üzsə də, axır ki, dayana bildi. O, deyəsən, çətinlik çəkirdi.

 

- Niyə dayandın? — deyə Xallıdan soruşdu. Xallı gözü ilə qabağı göstərib dedi:

 

— Qabaqda təhlükə var. Biz onun yanından ehtiyatla keçməliyik.

 

Balaca qabağa baxırdı. Yoğun bir balıq çayın lap sahilində dayanıb teztez başını sudan çıxarıb yenə də suya girirdi. Sonra yenə də ordunu su ilə doldurub çayın üzünə çıxdı.

 

Xallı ilə Balaca yavaş-yavaş yoğun balığın ov yerinə yaxınlaşdılar, gözlədilər ki, balıq bir də suyun üzünə çıxsın. Elə suyun üzünə çıxan kimi sürüşüb keçməyə başladılar. Sən demə yoğun balıq özünü qəsdən görməməzliyə vururmuş. Xallı ilə Balaca onun tuşuna çatanda qəfildən üstən aşağı cumdu. Onlar əvvəl özlərini itirdilər. Az qaldılar ki, düz yoğun balığın üstünə üzsünlər. Amma bu, bir anlıq oldu. Yoğun balığın onlara çatmasına hələ iki metr qalmış Xallı qışqırdı:

 

— Balaca, qaç!

 

Onlar sürətlə çayaşağı üzməyə başladılar. Bu hadisədən sonra üç gün onlar heç bir düşmənə rast gəlmədilər. Bu üç gün ərzində Xallı xeyli yekələşmişdi. Bumu və üzgəcləri bir az da uzanmışdı. Balaca öz üzgəclərinə baxıb məəttəl qaldı. Deyəsən, axı onun da üzgəcləri böyüməyə başlayırdı.

 

— Xallı, bir bax, deyəsən, axı mən də yavaş-yavaş böyüyürəm.

 

— Boş-boş danışma. Akvarium balıqları heç zaman böyümür.

 

Balaca həm də fikirləşirdi ki, axı niyə belə olsun. Çay yaşamaq üçün yaxşıdı, amma hər dəqiqə təhlükəsi var. Akvariumda təhlükə deyilən şey yoxdur, amma orada yaşamağa dəyməz. Eyni şeyə gündə nə qədər baxmaq olar?

 

Beləcə fikirləşirdi və birdən gözləri öz üzgəcinə sataşdı. Deyəsən, üzgəcləri əməlli-başlı böyümüşdü.

 

Xallının da gözü birdən Balacaya sataşdı və heyrətlə qışqırdı:


— Balaca, sən əməlli-başlı böyümüsən! Bir bax, üzgəclərin də, lap elə quyruğun da xeyli böyüyüb.

 

Balaca sevindiyindən bir neçə dəfə o tərəf-bu tərəfə üzdü. Xallı dedi:


— İndi mən başa düşürəm ki, çayda və dənizlərdə yaşayan balıqlar niyə sürətlə böyüyür. Onları belə böyüdən hər addımbaşı rast gəldikləri təhlükədir. Böyüyürsən ki, düşməninə qalib gələ biləsən.

 

Balacanın qulağına uğultuya oxşayan bir səs gəldi. Elə bil nəhəng bir balina nərə çəkirdi. Xallı qışqırdı:

 

— Çatmışıq. Çay burada dənizə tökülür. Ləpələrin uğultusunu eşidirsənmi?

 

— Əlbəttə, eşidirəm! — deyə Balaca da eyni sevinclə qışqırdı. Amma ləpələrin uğultusundan qorxduğunu demədi.

 

Dəniz onları elə bil ki, sorub qoynuna aldı və Balaca bir də gözünü açıb gördü ki, Xallı yoxdur. Dalğalar onların hərəsini bir tərəfə atmışdı.

 

Yazıq Balaca bilmədi ki, neyləsin. Əslində, dənizdə üzmək olduqca çətinmiş. Sən bu tərəfə üzmək istəyirsən, dalğalar səni başqa səmtə tullayır. Bir sözlə, üzgəclər sözünə çətin baxır. Deməli, taleyin olur dalğaların əlində. Balaca akvariumdakı günlərini xatırladı. Günlər bir-birinə oxşasa da, akvariumda yaşamaq olduqca asan idi. Amma dənizdə yaşamaq hər oğulun işi deyilmiş...

 

Birdən qaçaqaç düşdü. Balaca gözlərini açana kimi iri bir Naqqa balığı onu diri-diri uddu.

 

Balaca gözlərini açanda bir şey başa düşmədi. Sonra yavaş-yavaş Naqqa balığının onu necə udduğunu xatırladı. Amma başa düşə bilmədi ki, buraya — iri və yaraşıqlı akvariuma necə düşüb. Yəqin ki, Naqqanı elə həmin andaca balıqçılar tutub və kürüsünü çıxarmaq üçün qarnını yarıblar. Hiss ediblər ki, Balaca hələ ölməyib. Onu suya salıb dirildiblər. Axı Balaca nə qədər böyüsə də, akvarium balığı olduğu o saat bilinirdi. Onu akvariuma saldılar. Bununla da Balacanın yeni həyatı başlandı. Balaca başına gələnləri akvariumdakı balıqlara danışdı. Kimsə dilləndi:

 

— Nə yaxşı ki biz akvarium balığı olmuşuq.

 

Balaca köksünü ötürdü:

 

— Əgər balacaları yeyən balıqlar olmasa, dənizdə yaşamaq olduqca yaxşıdır.

 

Akvariumdakı balıqlar öz xoşbəxtliklərindən ağızdolusu danışsalar da, onların hər biri heç olmasa bircə dəfə dənizdə olmağı arzulayırdılar. Amma bu barədə, dillərinə bir kəlmə də gətirmirdilər.