Nağıllar, hekayələr

Ən dəyərli

Bir zamanlar köhnə bir daxmada qoca və qarı yaşayırdı. Qoca söyüd çubuqlarını kəsir, səbət toxuyur, qarı isə kətan hörürdü. Halal zəhmətləri ilə birtəhər dolanırdılar.

 

Budur! Yenə iş başındadılar. Qarı qocaya səsləndi:

 

- Ay qoca, bizim üçün işləmək artıq çətin olub: iplik çarxım qırılıb!

 

- Doğrudur, doğrudur. Mənim isə bıçağımın sapı çatlayıb, çətinliklə tuturam!

 

- Qoca, meşəyə get, bir ağac kəs. Ağacdan yeni bir çarx və bıçaq üçün sap düzəldərik!

 

- Düz deyirsən, gedəcəm.

 

Qoca meşəyə getdi. Yaxşı bir ağacı gözdən keçirdi. Təzəcə baltasını hazır vəziyyətə gətirmişdi ki, qarşısına paltarı budaqlardan olan, saqqalına şam qozaları düzülmüş, bığları yerə dəyən, gözləri isə yaşıl işıqlarla yanan Meşə babası çıxdı. 

 

- Toxunma mənim ağaclarıma! - o, babaya səsləndi, - Axı ağacların hamısı diridir, onlar da yaşamaq istəyirlər. Sənə nə lazım olduğunu de - hər şey verərəm!

 

Qoca təəccübləndi, eyni zamanda sevindi. Qarı ilə məsləhətləşmək üçün evə getdi. Onlar daxmanın qarşısındakı skamyaya oturub nə istəyəcəkləri barəsində düşündülər. Qoca soruşdu:

 

- Yaxşı, qarı, de mənə, Meşə babasından nə istəyək? Əyər çoxlu pul deyirsənsə, onu da verəcəkdir!

 

- Nəyimizə lazımdır o qədər pul, qoca? Onları gizlədəcək bir yerimiz belə yoxdur. Xeyr, qoca, pula ehtiyacımız yoxdur! 

 

- Yaxşı... bəlkə iri bir inək və qoyun sürüsü istəsək daha yaxşı olar?

 

- Nəyə lazım, qoca? Biz bunun öhdəsindən gələ bilmərik! İnəyimiz var - süd verir, altı qoyunumuz var - yun verir. Bizim üçün daha çoxu nəyə lazımdır? Gərəksizdir!

 

- Bəlkə qarı, Meşə babasından toyuq istəyək?

 

- Nə danışırsan, qoca, yenə nə icad etdin? Onları nə ilə bəsləyəcəyik? Onlarla nə edəcəyik? Üç xırda toyuğumuz, bir də xoruzumuz Petya var - bu bizim üçün kifayətdir!

 

Qoca və qarı uzun-uzun düşündülər, düşündülər - heç bir şey fikirləşə bilmədilər: ehtiyac duyduqları hər şeyə sahibdirlər, istədiklərini isə hər zaman öz əməyi ilə qazana bilərlər. Qoca skamyadan qalxaraq dedi: 

 

Mən, qarı, Meşə babasından nə soruşacağımı tapdım!

 

Beləliklə qoca meşəyə getdi. Qarşısına paltarı budaqlardan olan, saqqalına şam qozaları düzülmüş, bığları yerə dəyən, gözləri isə yaşıl işıqlarla yanan Meşə babası çıxdı. 

 

- De görüm yaşlı adam, nə istədiyini düşündünmü?

 

- Hər şeyi düşündüm, - qoca dedi. - Elə et ki, iplik çarxımız və bıçağımızın heç vaxt qırılmamasın və əllərimiz daim sağlam olsun. O zaman özümüz üçün lazım olan hər şeyi qazanacağıq.

 

- İstədiyin kimi olacaq! - Meşə babası dedi.

 

Qoca və qarı o vaxtdan bəri işləyib, öz zəhmətləri ilə dolanırlar. Qoca söyüd çubuqlarını kəsir, səbət toxuyur, qarı isə yun əyirir, əlcək toxuyur. 


Beləcə ehtiyac duyduqları hər şeyi halal zəhmət ilə əldə edirlər və xoşbəxt yaşayırlar!