Odlar Yurdu

Şəki xanı Hacı Çələbi (... - 1755)

Azərbaycan xanlıqları arasında Şəki xanlığının, Azərbaycan xanları arasında isə Hacı Çələbi xanın özünəməxsus yeri var. Hacı Çələbi haqqında yazılanlara, tarixi mənbələrə nəzər salanda hər şeydən əvvəl onun cəsarəti və mərdliyi diqqət çəkir. O, Nadir şah Əfşarın itaətindən çıxan, hətta onunla döyüşə girməkdən çəkinməyən yeganə Azərbaycan xanı olub. Bununla bağlı ibrətamiz əhvalatlar qələmə alınıb.
Birinci əhvalat. Nadir şah Əfşar tərəfindən vilayətə məlik təyin olunmuş Nəcəfin hədsiz zülmü insanları cana doydurmuşdu.  Əhalinin narazılığı gedib Nadir şaha da çatır.  Şah Şəki əyanlarına tapşırır ki, öz aralarından məlik Nəcəfin fəaliyyətinə nəzarət edə biləcək bir  nəfər seçsinlər. Onlar da varlı və nüfuzlu bir şəxs olan Hacı Çələbini seçirlər. Şah onu Şəki mahalı üzrə vəkil təyin edir və ona Nəcəfin yığdığı vergilərə nəzarət etmək səlahiyyəti verir. Bundan sonra Hacı Çələbi faktiki olaraq, hakimiyyəti öz əlinə alır və məlik Nəcəfin vəzifəsinə daxil olan bir çox işlərə müdaxilə etməyə başlayır. İşi belə görən Nəcəf şaha şikayət edir. Qəzəblənən Nadir şah Hacı Çələbini yanına çağırır və sorğu-sual etmədən onu asmaq əmrini verir. Boynuna kəndir keçirilmiş Hacı Çələbi and-aman edib yalvarmaq əvəzinə deyir: Məlik sizdən nə tapşırıq alsa, üstünə özündən birini də qoyur.  Nadir şahın Hacı Çələbinin bu cəsarətindən xoşu gəlir. Onu bağışlayır və əmirlərinə deyir: "Hamınız bunu bilə-bilə səsinizi çıxara bilmədiyiniz halda  bu şəkili Çələbi boynu kəndirdə ola-ola məndən qorxmayıb, öz fikrini bildirdi. İndi görəcəksiniz, o, yenə nəsə bir iş törədəcək. Mən öz zənnimdə heç vaxt yanılmıram".
Nadir şah doğrudan da zənnində yanılmamışdı. Şah Şirvandan çəkiləndən sonra yenidən onun əleyhinə çıxışlar başlanır. Hacı Çələbi məlik Nəcəfin iqamətgahına hücum çəkərək onu öldürür və 1744-cü ildə  Şəkini müstəqil xanlıq elan edir.
Çox keçmədən Nadir şah öz qoşununu Hacı Çələbinin üzərinə göndərir. Hacı Çələbi müdafiə olunmaq üçün dağlarda yerləşən “Gələrsən, görərsən” qalasına çəkilir.  Qoşun nə qədər çalışsa da, qalaya yaxın düşə bilmir. Bir müddət sonra Nadir şah yenidən qayıdıb gəlir və “Gələrsən, görərsən” qalasını daha böyük qoşunla mühasirəyə alır. Amma bu dəfə də məqsədinə çata bilmir.  Beləliklə, Hacı Çələbi üç ilə yaxın Nadir şahın hər cəhətdən üstün ordusuna mərdliklə müqavimət göstərir.
İkinci əhvalat. “Qarabağ tarixi” əsərinin müəllifi Mirzə Camal Cavanşir yazır ki, Şəki xanı Hacı Çələbi Şamaxı xanı ilə birləşib Qarabağa hücum çəkir. Onlar Bayat qalasını üç aya yaxın mühasirədə saxlasalar da, Pənahəli xanı məğlub edə bilmirlər. Məcbur olub geri dönürlər. Düşməninin qoçaqlığını etiraf edən Hacı Çələbi belə deyir: "Pənahəli bir xan idi. Biz onu şah edib qayıdırıq".
Bu əhvalat Hacı Çələbinin hətta rəqibinin mərdliyini də dəyərləndirmək kimi nəcib xüsusiyyətindən xəbər verir.
Üçüncü əhvalat. Bir dəfə Kaxetiya çarı İrakli Azərbaycan xanlarına təklif edir ki, birləşib Hacı Çələbinin mənəm-mənəmliyinə son qoysunlar.  Qarabağ, Gəncə, Naxçıvan, Qaradağ xanları bu məsələni müzakirə etmək üçün Gəncə yaxınlığındakı Qızılqaya deyilən yerə toplaşıb İraklinin gəlməsini gözləyirlər. İrakli hiylə işlədib xanların dördünü də əsir götürür. Xəbər Hacı Çələbiyə yetişir. Baxmayaraq ki, əsir götürülən xanlar onunla düşmənçilik edirdilər, Hacı Çələbi onları azad etmək qərarına gəlir. Qoşun götürüb Gəncə tərəfə yollanır. Kür çayının sahilinə çatıb dayanırlar. Hacı Çələbi  vəzir-vəkilə tapşırır ki, yığışıb hücum planını müzakirə etsinlər. Sən demə, onların könlündən geri qayıtmaq keçirmiş. Ona görə də çayı keçməyin çətin olduğunu söyləyirlər. Hacı Çələbi bunun bəhanə olduğunu duyub deyir: "Nə qərar qəbul edirsiniz-edin. Amma içində Kürü keçmək məsələsi hökmən olmalıdır".
Qoşunun əlaçı kəsilib Kürü keçir. Hacı Çələbi gürcüləri Tiflisəcən qovur. Xanları azad edir. Oğlu Ağakişini Qazax və Borçalı tərəflərin hakimi təyin edib geri qayıdır. “Kürü keçmək məsələsi” də o vaxtdan zərb-məsələ çevrilir...