Nağıllar, hekayələr

Reyhan Yusifqızı. Sevimli güllər

Yay tətili idi. Bir gün dostum Teymur bizə gəlmişdi. Onunla filmə baxdıq, şahmat oynadıq, pazl yığdıq. Sonra da xalçanın üstündə güləşməyə başladıq. Birdən ikimiz də zərblə masaya dəydik. Büllur güldan masanın üstündən aşdı. Yerə çırpılan güldan çilik-çilik oldu. İçindəki su və qızılgüllər yerə dağıldı. İkimiz də çaşqın halda dayanıb baxdıq.

 

Dedim:

 

- Birazdan anam gələcək, bizə hirslənəcək.

 

Mən qaçıb döşəmə silmək üçün dəsmal gətirəndə Teymuru qapıda gördüm. Dedi: 

 

- Nihad, mən daha gedim, evdə narahat olarlar.

 

Teymur gedəndən sonra öz-özümə dedim: "Belədə dost olar? Məni bu halda qoyub qaçdı! Ayrı vaxt axşamacan bizdə qalıb oynayardı".

 

Anam gələnəcən hər tərəfi təmizlədim Sonra boş stola baxıb fikirləşdim: "Görəsən mən nə edim ki,anam məyus olmasın?"

 

Qapını gülə-gülə açdım. Anamın üzündən öpüb çantasını aldım. Yumşaq başmaqları cütləyib qarşısına qoydum. Anam sevindi:

 

-Çoxsağol, oğlum! Şükür, balam böyüyüb mənə qulluq edir.


Otağa keçdi. Teymuru görməyib soruşdu:


- Teymur niyə tez getdi?

 

Anamın kefi pozulmasın deyə heç nə demədim.

 

Sonra diqqətlə stolun üstünə baxdı. 

 

Vərəqdə rəsm çəkib qəşəng rəngləmişdim. Vərəqi çərçivəyə salıb stolun üstündə büllur güldanın yerinə qoymuşdum. O, şəkli əlinə alıb heyran-heyran baxdı:

 

- Oğlum, nə gözəl çəkmisən! Bunlar mənim gördüyüm ən gözəl qızılgüllərdir!

 

Gözlədim ki, anam büllur güldana qoyduğu gülləri soruşacaq. O isə heç nə demədi.

 

Gülümsəyib mətbəxə keçdi.

 

Axşam Teymur anası ilə bizə gəldi. Əlində bir dəstə qızılgül vardı...