Nağıllar, hekayələr

Zahid Xəlil. Güzgü

Dovşan yoldan bir güzgü tapdı. Güzgüdə özünü görüb elə bildi ki, şəkildi.


—Qəşəng bir şəkil tapmışam, lap qəşəng! Deyə səs-küy saldı. Ceyran güzgünü alıb baxdı:


—Doğrudan da gözəldir. Siz bir onun buynuzlarına baxın. Lap mənimkinə oxşayır. Gözlərinə söz ola bilməz!


Canavar güzgünü qapıb aldı.


—Bəri ver görüm, — deyə ceyranın üstünə qışqırdı.


Canavar xeyli baxıb dedi:


—Hm, gözəl olmağına sözüm yoxdur, amma yırtıcıya oxşayır.


O güzgünü ilana verdi. İlan baxıb dedi:


—Ay aman, məgər siz onun dişlərinin dibindəki zəhərə fıkir vermirsiniz? Bu saat o, hamını çala bilər.


Meymun güzgünü ilanın əlindən qapdı və diqqətlə baxmağa başladı. Xeyli baxandan sonra qışqırdı:


— Belə çirkin heyvanın şəklini hələ bir əlinizə də alırsınız? — deyib güzgünü dərəyə tulladı.


Güzgü sındı, hekayə də qurtardı.