Nağıllar, hekayələr

Fuad Tanrılı. Mən Azərbaycanlıyam

Sizə kimdən deyim, kimdən xəbər verim... Farizdən. Çoxunuz onu tanımır. Amma məhəllələrində yaşayan uşaqların hamısı ona həsədlə baxırlar. Niyə? Eh, birini bilirsiniz, birini yox. Səbəbi var. İş burasındadır ki, babası evlərinin həyətində onun üçün yaraşıqlı raket dözəldib. Taxtadan. Lap doğruçuya oxşayır. Açılıb-örtülən girdə qapısı, sıra-sıra pəncərələri, hərlənən kreslosu, əlvan döyməcikli pultu, sükanı var. Atası isə televizor ...hə, hə... işləyən televizor quraşdırıb. Yaşıl düyməciyi bas... cizgi filminə bax.

 

Hər səhər yuxudan duran kimi Fariz başına böyük dəbilqə qoyur. Motosikletçilərdə olandan. Gözlərinə enlişüşəli eynək taxır. Ovcunun içi sarı-ağ əlcəklərini geyinir və ...raketə tələsir. Yerini rahatlayıb düyməciklərdən birin basır. Qırmızı rənglisini.

 

— Mən 210-am! Kosmonavt Farizəm! Uçuşa hazıram! Mühərrikləri işə salın. Sayıram... beş... dörd... üç... iki... bir! Getdik!..

 

Nədənsə bu dəfə növbəti səfərə bir azca ləngidi. Deyəsən, yuxudan kal durmuşdu. Elə yerinin içində uzanıb fikrə getmişdi. Götür-qoy eləyirdi. Axı tanımadığı təzə ulduza uçmalıydı... Birdən çilçırağın işığı öz-özünə yandı. Ürək kimi döyündü. Deyəsən, nəyisə işarə eləyirdi. Televizorun da ekranı işıqlandı. Oradan ona ömründə görmədiyi bir oğlan gülümsündü. Tez-tez həyəcanla danışmağa başladı. Fariz onun dediklərini başa düşmədi. Hələ bu dildə danışan adama rast gəlməmişdi.

 

Birdən raketindəki kompüter söhbətə qarışdı. Oğlanın söylədiklərini Azərbaycan dilində səsləndirdi.

 

— Diqqət! Diqqət! Danışan Planetlərarası Böyük Kompüterin növbətçi operatoru Eaa Zennoraadır! Günəş sistemindən çıxıb bizim Krasanus Süni Planetlər Birləşməsində uçursunuz. Ehtiyatlı olun. Raketiniz böyük sürətlə Qara Nəhəngə sarı uçur. Tədbir görün! Qəzaya uğraya bilərsiniz. İki saniyəniz qalıb... iki saniyəniz qalıb!

 

Fariz qorxmadı. Əvvəlki uçuşlar vaxtı başına bundan da çətin hadisələr gəlmişdi. Buna görə sakitcə soruşdu:

 

— Nə etməliyəm?

 

— Sükanı üç dərəcə sağa çevirin. Bircə saniyəniz qalıb!..

 

Raketdəki kompüterin əlvan gözcükləri cərgə-cərgə, sıra-sıra alışıb yandılar. Səs-səsə verdilər... Üç dərəcə... üç dərəcə... sağa... sağa! Bir göz qırpımında Qara Nəhəng yolun sol tərəfində qaldı.

 

Fariz gözünün üstünə düşən dəbilqəsini düzəltdi. Ekrana göz gəzdirdi. Raketi saysız-hesabsız ulduzlar aləminə uçurdu.

 

— Görəsən, mənimlə danışan oğlan bunların hansında yaşayır? Eaa Zennoraa!

 

O dəqiqə cavab aldı.

 

— Sən iki günəşli, on peykli Arqonis planetinə xoş gəlmisən! Görüşümüzə çox şadam. 50A saylı kosmodrom raketini qəbul etməyə hazırdır...

 

Bu dəfə Eaa təmiz Azərbaycan dilində ondan soruşdu:

 

— Hardan gəlmişsən?

 

— Gönəş sistemindən.

 

— Onu bilirəm. Hansı planetdən, hansı ölkədən?

 

— Yer planetindən. Azərbaycandan!

 

— A-zər-bay-can-dan?! Vətənini çoxmu sevirsən?

 

— Mən fəxr eləyirəm ki, azərbaycanlıyam!..

 

Oğlan ekrandan yox oldu. Yerində bir-birini qovan rəqəmlər göründü.

 

Fariz diksinib gözlərini açdı. Otağındakı televizorun ekranında nə Eaanı, nə Arqonisi, nə Krasanus Süni Planetlər Birləşməsini gördü. Vay, olmaya Eaanı yuxuda görüb?! Yox, yox, ola bilməz. Axı bayaq oyanmadı? Bəlkə, bunlar doğrudan olub?! Bəlkə...

 

Oğlan başına gələnləri babasına danışmaq üçün onun emalatxanasına yüyürdü. Qonşu uşaqlar hasara dırmaşıb yenə həsrətlə ona tamaşa eləyirdilər...