Görkəmli şəxsiyyətlər

Məmməd Səid Ordubadi

Azərbaycan yazıçısı Məmməd Səid Ordubadi Ordubadda anadan olmuş, ilk təhsilini atasından almış, sonra xüsusi məktəbdə oxumuş, gənc yaşlarından Ordubaddakı ipək fabrikində çalışmış, "Fəqir" təxəllüsü ilə şeirlər yazmağa başlamışdır.

 

O, "Şərqi-Rus" qəzetinin nəşri münasibətilə yazdığı ilk şeiri 1903-cü ildə bu qəzetdə dərc etdirmişdir. Sonralar müntəzəm olaraq "Şərqi-Rus", "İrşad", "Təzə həyat", "Tərəqqi", "İttifaq" və digər qəzetlərdə şeir, məqalə, felyetonlar çap etdirmişdir. Onun 1906-cı ildə "Qəflət" və 1907-ci ildə "Vətən və hürriyyət" adlı kitabları yaradıcılığının ilk qələm təcrübəsi idi. M.S.Ordubadi bir müddət Həştərxanda yaşamış, burada nəşr olunan "Hümmət" qəzetində əməkdaşlıq etmiş, sonralar isə bu qəzetin redaktoru olmuşdur.

 

1906-cı ildən "Molla Nəsrəddin" jurnalında daim əməkdaşlıq etməsi onun yaradıcılığına qüvvətli təsir göstərmişdlir. Bu illərdə o, bir-birinin ardınca bədii əsərlər, şeirlər, felyetonlar, məqalələr yazaraq çap etdirmiş, yazıçı kimi tanınmışdır. M.S.Ordubadi 1908-ci ildə "İki cocuğun Avropaya səyahəti", ermənilərin törətdikləri qırğınlardan bəhs edən "Qanlı sənələr", 1914- cü ildə isə "Bədbəxt milyonçu, yaxud Rzaqulu xan Firəngiməab" romanlarını yazmışdır. Onun 1920-ci illərdə "Analıq", "Kənd alverçisi", "Şeirlər", "Köhnə adamlar", "Mollanın yuxusu" və s. kitabları nəşr olunmuşdur. Bütün bunlarla yanaşı, M.S.Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoyan yazıçı kimi məşhurlaşmışdır. Ədib 1933-48-ci illərdə dörd cildlik "Dumanlı Təbriz", 1938-ci ildə "Döyüşən şəhər", 1940-cı ildə "Gizli Bakı", 1946-48-ci illərdə "Qılınc və qələm" əsərlərini yazmışdır.

 

Yazıçının "Dumanlı Təbriz" əsərində Cənubi Azərbaycan xalqının azadlıq mübarizəsindən, "Gizli Bakı" və "Döyüşən şəhər"də Bakı fəhlələrinin həyatından, ölkədə baş vermiş hadisələrdən bəhs olunur. M.S.Ordubadi dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ətrafında səmərəli tədqiqat işləri aparmış böyük şairin həyat və yaradıcılığına, yaşadığı mühitə aid silsilə məqalələr yazaraq müxtəlif mətbuat orqanlarında çap etdirmişdir. Ədib eyni zamanda "Nizami" adlı opera mətnini yazıb 1939-cu ildə çap etdirmiş, 1941-ci ildə isə məşhur "Qılınc və qələm" romanını yazıb başa vurmuş, elə həmin ildə romandan hissələr "Revolyusiya i kultura" jurnalında dərc olunmuşdur. "Qılınc və qələm" romanının birinci kitabı 1946-cı ildə, ikinci kitabı isə 1948-ci ildə Bakıda çaplan buraxılmışdır. Oxucuların rəğbətini qazanmış roman ilk nəşrdən sonra dəfələrlə nəşr edilmişdir. Əsər 1965-ci ildə I.Peçenevin tərcüməsi ilə rus dilində böyük tirajla nəşr olunmuşdur.

 

M.S.Ordubadi bu romanda dahi Nizami Gəncəvinin bədii surətini yaratmaqla yanaşı, Nizami dövrünün bir sıra mühüm ictimai-siyasi məsələlərinə, xalqın işğalçılara qarşı mübarizəsinin təsvirinə də geniş yer vermişdir. Yazıçı bu romnada məşhur şairə Məhsəti Gəncəvinin gözəl surətini yaratmışdır. M.S.Ordubadi bədii tərcümə sahəsində də böyük işlər görmüşdür. O, A.Puşkinin "Baxçasaray fontanı" poemasını, "Boris Qodunov" dramını, D.Bednının "Baş küçə" poemasını, bir sıra başqa əsərləri Azərbaycan dilinə tərcümə etmiş, öz əsərlərini isə başqa xalqların dilinə çevirmişdir.

 

M.S.Ordubadinin əsərləri 1966,1967, 1980, 1981-ci illərdə Bakıda, Moskvada nəşr olunmuşdur. Yazıçının fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, yaradıcılığı ədəbiyyatşünaslar, alimlər tərəfindən araşdırılmış, çoxsaylı əsərlər, məqalələr yazılmış, çap edilmişdir. M.S.Ordubadinin əsərləri, ilk növbədə tarixi romanları oxucular tərəfindən həvəslə, maraqla oxunur, öyrənilir.

 

Azərbaycan Respublikası prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə Məmməd Səid Ordubadinin seçilmiş əsərləri 2 cilddə kütləvi tirajla çap edilmişdir.