Nağıllar, hekayələr

Qəfər Rüstəm. Qanqalın nağılı

Bir gün çiçəklər ağlamaq səsi eşitdilər. Hamı diqqətlə ətrafa boylandı. Bənövşə soruşdu:

 

- Dostum Qanqal, niyə ağlayırsan?

 

Qanqal hıçqıra-hıçqıra dedi:

 

- İnsanlar məni sevmirlər. Başqa çiçəkləri dərib aparır, amma mənə yaxın durmurlar.

 

Bənövşə onun göz yaşını sildi:

 

-Axı sən də gözəlsən. Niyə belə fikirləşirsən? İnsanlar gəlib səni də aparacaqlar.

 

- Mən gözəl deyiləm. Gözəl sənsən, nərgiz, lalə, o biri çiçəklərdir. Mənim tikanlarım, kələ-kötür paltarım var. Bu tikanlara kim yaxınlaşar? Kim mənim çiçəklərimi dərər?

 

Bənövşə gülümsünüb dedi:

 

- Dostum, tikanların olmasa, düşmənlərdən necə qorunarsan? Bax mənim tikanlarım olmadığına görə çox qorxuram.

 

Qanqal bir az sakitləşdi. Dostlarını yanında görüb sevindi. Amma yenə də həsrətlə insanların yolunu gözləməyə davam etdi.

 

Bir gün bir həkim şagirdi ilə dağlarda gəzirdi. Onlar faydalı bitkilər toplayırdılar. Birdən həkimin gözlərinə tikanlı bir bitki sataşdı. Həkim çox sevindi. Onu şagirdinə göstərib dedi:

 

- Bax, bu, qanqaldır. Necə də gözəldir! İnsanların sağlamlığı üçün xeyri var. Harada qanqal görsəm, toplayıb ondan dərman hazırlayıram. Bura da məhz onu tapmaq üçün gəlmişəm.

 

Həkim əlini uzadıb qanqalı qopardı.

 

Qanqalın sevincinin həddi-hüdudu yox idi:

 

- Ura, məni də dərdilər! Heç vaxt ağlıma gəlməzdi ki, bu qədər dəyərliyəm.

 

Nəhayət, Qanqal necə faydalı olduğunu anladı. O, dostları ilə vidalaşdı. Hamı onun arzusuna çatdığını görüb sevindi. Həkim qanqalı heybəsinə qoyub şagirdi ilə oradan uzaqlaşdı.