Nağıllar, hekayələr

Tuva nağılı. Üç qardaş

Nə vaxtsa yer üzündə üç qardaş yaşayırdı. Onların aman-zaman bir atları var idi. Bir dəfə qardaşlar yuxudan qalxanda kiçik qardaş dedi:


- Bizim atı oğurlayıblar.


Ortancıl qardaş dedi:


- Tez olun onun iziylə gedək.


Böyük qardaş dedi:


- Tələsmək lazım deyil. Gəlin əvvəlcə çay dəmləyək, içək və fikirləşək.


Onlar çay dəmləyib, içdilər və fikirləşdilər.


- Bizim atı çayın o biri sahilinə aparıblar, - böyük qardaş dedi.


- Bizim atı çayın o biri sahilindəki alaçıqdan olan adam aparıb, - ortancıl qardaş dedi.


- Bizim atı aparan adamın adı Oodeçikdir, - kiçik qardaş dedi.


Onlar üçlükdə Oodeçikin yanına getdilər.


- Sən bizim atımızı oğurlamısan. Qaytar onu! – qardaşlar dedi.


- Siz necə sübut edə bilərsiz ki, atı mən oğurlamışam?


Sizin şahidiniz hanı?


- Bizim şahidimiz yoxdur, bunu biz özümüz başa düşdük, - qardaşlar cavab verdi.


- Əgər siz belə fərasətli, diribaşsınız, diqqətli müşahidəçisinizsə, onda gəlin, mən bir şeyi gizlədim, siz isə onu tapın.


Qardaşlar alaçıqdan çıxdılar. Oodeçik hörümçəyi tutub altında gizlətdi.


- Gəlin! - deyə qışqırdı.


Qardaşlar gəldilər.


- Siz xalçanın altında nəsə gizlətmisiniz, - böyük qardaş dedi.


- Nəsə uzun barmaqlıdır, - ortancıl qardaş dedi.


- Bu hörümçəkdir! - kiçik qardaş dedi.


- Mən sizə inanmıram. Siz yəqin baxırdınız. Gəlin təzədən başlayaq. Düzə çıxın, bir az uzağa gedin, - Oodeçik dedi.


Qardaşlar alaçıqdan çox uzaqlaşdılar. Oodeçik sandıqda bir itburnunun meyvəsini gizlətdi.


- Bura gəlin! - o, qardaşları səslədi.


Qardaşlar içəri daxil oldular.


- Siz sandıqda nəsə gizlətmisiniz, - böyük qardaş dedi.


- Nəsə giləmeyvədir, - ortancıl qardaş dedi.


- Bu itburnudur, - kiçik qardaş dedi.


Oodeçik belə qərara gəldi ki, bu qardaşlar nəsə qeyri-adi adamlardır, onlardan küsmək olmaz. Oğurladığı atı gətirdi.


Qardaşların üçü də atı minib çölə tərəf getdilər. Çayın sahilində bir iz gördülər.


- Arabanın təkəri sınıb, - böyük qardaş dedi.


- Onların dəvəsi kor, atın isə quyruğu qısadır, - ortancıl qardaş dedi.


- Sahibin bir qızı var, arvadı isə hamilədir, - kiçik qardaş dedi.


Tezliklə onlar köçərilərə çatdılar. Sahib dala qaldı. Qardaşlar ona yanaşdılar.


- Sənin arabanın təkəri sınıb, dəvən kordur, bir qızın var, arvadın isə hamilədir, - onlar dedilər.


Sahib məəttəl qaldı.


- Dediklərinizin hamısı düzdür, - o, dedi. - Siz haradan bildiniz?


- Biz izə baxdıq, - qardaşlar cavab verdilər.


Sahib onları çaya dəvət etdi. Qardaşlar yollarına davam elədilər. Gəlib xan aalına çatdılar. Onlar xanın alaçığına girdilər.


- Siz kimsiniz, harda yaşayırsız? - xan soruşdu.


- Bizim aalımız yoxdur, -böyük qardaş cavab verdi.


- Biz tək bir atımızla ölkələr dolaşırıq, - ortancıl qardaş dedi.


- Sizin aalı görüb, gecələmək üçün bura döndük, - kiçik qardaş dedi.


- Bizim yanımızda boş alaçıq var, - xan dedi. - Orda çörək yeyib gecələyə bilərsiz.


Qardaşlar alaçığa gəldilər. Onlara ət və araq verdilər.


Xan öz qulluqçusunu onların alaçığına göndərib, qardaşların nə haqda danışacaqlarını öyrənib bilmək istədi.


- Siz elə bilirsiz, bizi xan qəbul etdi? Xeyir, biz adi adama baş əydik, böyük qardaş dedi.


- Siz elə bilirsiz, bizə araq verdilər? Xeyir, biz su içdik, -ortancıl qardaş dedi.


- Siz elə bilirsiz, bizə qoyun əti yedirtdilər? Xeyir, yediyimiz it əti idi, - kiçik qardaş dedi Çuğulçu qaçıb xana xəbər apardı.


- Ac, yalavac səfillər! - xan qışqırdı. - Onlar ölümün pəncəsində idilər, mən onları yedirtdim, içirtdim, indi də onlar mənim taamlarımı ələ salır, məni də adi insan adlandırırlar!


Əmr edərəm, onların başı vurulsun! - Sonra o, nə fikirləşdisə əvvəlcə anasından həqiqəti öyrənmək qərarına gəldi: bəlkə qardaşlar haqlıdırlar.


O, anasının yanına gəldi.


- Ana, axı, bu qardaşlar xana təzim etdilər, amma deyirlər ki, adi, sadə adama təzim ediblər. Onlar niyə belə dedilər?

- Xan, mənim ərim uzun müddətə tayqaya gedib. Sənin atan sadə insandır. Onlar ona görə belə deyiblər, - ana cavab verdi.


- Axı, mən onlara qoyun əti vermişdim. Onlar deyir ki, ət it ətidir. Onlar niyə belə deyirlər?


- Keçən ilin yazında o quzunun anası ölmüşdü. Onu itin yanına buraxdıq, it də onu əmizdirdi. Dünən kəsilən quzu itin əmizdirdiyi həmin quzu idi. Onlar ona görə belə deyiblər.


- Axı, onların içdiyi araq idi! Amma deyirlər ki, su idi.


Onlar niyə belə deyirlər?


- Qardaşlara verdiyimiz arağı qışda qaynadıblar. Həmin qaba da buz qoymuşdular. Buz də arağa qarışıb deyə, onlar belə deyiblər.


Xan məəttəl qaldı və dedi:


- Bunlar adi qardaşlar deyillər. Bu qardaşlar, həqiqəti görməyi bacaran qardaşlardır.


Xan əmr etdi ki, onları layiqincə qonaq etsinlər və hörmətlə yola salsınlar. Qardaşlar üçlükdə bir atı minib çölə tərəf getdilər ki, səyahətlərini davam etdirsinlər.