Nağıllar, hekayələr

Tuva nağılı. Tənbəl bayquş

Çayın kənarında bir tənbəl bayquş yaşayırdı. İlıq, sakit səhərlərin birində o, söyüd ağacının budağında şirin-şirin mürgüləyirdi.


Böyük yaşıl meşədən al-əlvan bir ağacdələn uçub gələrək bayquşdan bir az aralıda olan ağaca qonub, onun gövdəsini uzun burnuyla döyəcləməyə başladı: Tık-tık, tık-tık!


Bayquş diksindi, ayıldı, ətrafa boylandı və gördü ki, aləlvan bir ağacdələn qonşu ağaca qonub onu döyəcləyir. Bayquş əsəbiləşdi, qanadlarım çırpıb qışqırdı:


- Ey, ağacdələn! Sən niyə bura uçub gəlmisən? Sən burda nə eləyirsən?


- Necə yəni, nə eləyirsən? - ağacdələn məəttəl qaldı. -


Mən burda yemlənirəm. Burda çoxlu yem var, bur-da, bur-da.


- Cəhənnəm ol başqa yerə, orda da yemini ye! Axı, sən mənim təmtəraqlı rahatlığıma, aldığım həzzə, mənim şirin yuxuma mane olursan! Bu dəqiqə rədd ol, burdan! - bayquş qışqırdı.


- Eh, səni... yatağan! - ağacdələn dedi. - Sən yuxu torbasısan!


O, darı kimi xırda gözləri ilə heyrətlə bayquşa baxıb, yaşıl meşəyə uçdu.


Bayquş yenə yuxuladı. Amma tezliklə bir ququ quşu uçub ağaca qonaraq nəğməsini oxumağa başladı.


- Quqquldamağı qurtar, ququ! Bu nə səs-küydür?! Sən məni oyatdın!


- Ha-ha, ha-ha, ha-ha! - ququ güldü. - Məgər belə gözəl bir səhərdə yatmaq olar? Bulaqda sular oxuyur, ağacda yarpaqlar titrəşir, otlar günəşin şüaları altında parıldayır! Məgər sən görmürsən ki, bütün heyvanların və quşların ən gözəl dövrü başlayır? Mən belə bir günü mahnılarımda vəsf edirəm. Mən buradan heç yana getmərəm!


Bayquş bilmədi nə eləsin. Məcbur olub özü uçdu. O, budaqları suya əyilmiş boz, balaca bir söyüdə qondu. Elə o dəqiqə də yuxuya getdi. Ancaq tezliklə yenə səsə yuxudan ayıldı.


Yaşıl, kinli gözlərini gəzdirib gördü ki, onunla lap yanaşı ağacda bir pəsnək quşu ustalıqla özünə dəyirmi, yumşaq yuva qurur. Quşcığaz qovağın pərğu tüklərini tutub, yorulmadan balaca evini tikirdi. Bayquş balaca quşcuğazdan belə çalışqanlıq görüncə, öz tənbəlliyindən utandı. Heç kimi görməsin deyə, bayquş uzaq bir yerə uçmağı qərara aldı. İtiuclu daşları olan çılpaq qayaya qonub fikirləşdi: “Bax, bura yaxşı yerdir. Bura heç kəs gəlməz, yuxulamağa heç kim mane olmaz”. Amma qayaların çatlarında qaranquşlar özlərinə yuva qurmuşdular. Odur ki, onların civiltisi bayquşu yuxudan oyatdı.


“Yox, bura pis yerdir, - deyə o, fikirləşdi. - Yaxşısı budur, çölə-düzə uçum”.


Amma düzdə də torağaylar və çəyirtkələr ona yatmağa mane olurdular. Bayquş hara uçurdusa, hər yerdə həyat qaynayırdı.


Və bayquş fikirləşdi: “Bu balaca bacarıqlı pəsnək quşundan mənim nəyim əskikdir? Mən də özümə bir yuva qurum!”


Burdan-ora, ordan-bura uçduğu üçün yorulduğundan elə ordaca qərara aldı: “Yuvanı səhər quraram, hələlik yatmalıyam...”


O biri günü bayquş yenə yuvanın tikilişini ertəsi günə keçirdi. Və hər gün belə oldu. Şaxtalar düşdü. Qar yağdı. Artıq ətrafda nə quru otlar, nə qovağın pərğu tükləri, nə də yuvanı tikmək üçün lazım olan yumşaq gil yox idi.


Beləliklə də yuxulu bayquş hər dəfə işini sabaha qoyduğundan, bu günə kimi onun evi-yuvası yoxdur. Gah ora, gah bura uçur və soyuq gecələrdə sümüklərinə kimi donur.