Təbiət

Zəngçiçəyi

Zəngçiçəyinin dünya florasının tərkibində 300-dən artıq növünə rast gəlmək olar. Bu növlərin Qafqazda 110, o cümlədən Azərbaycanda 46 növü yayılmışdır. Onun bir çox növündən xalq təsərrüfatının müxtəlif sahələrində — boyaq, dərman, qida, ədviyyat,
yem və bəzək bitkisi kimi istifadə edilir.


Qida və ədviyyat kimi ən qiymətli növlərindən: enliyarpaq zəngçiçəyini  qeyd etmək olar.

 

Enliyarpaq zəngçiçəyinin gövdəsinin hündürlüyü 100-200 m-ə çatan çoxiilik ot bitkisidir. Kökü lifli olub, südəbənzər şirə ifraz edir. Yarpaqları çılpaq uzunsov yumurtavari, bəzən kələkötür olub, uzunluğu 7-12, eni isə 3-6 sm-ə çatır. İri çiçəkləri çiçəkyatağının üzərində yuxarı yarpaqların qoltuğunda yerləşərək qısa sünbül və yaxud nadir hallarda salxım əmələ gətirir. Kasa yarpaqları çılpaq, armudvari, iri qaramtıl rəngdə olub, 6 sm-dir. Çiçək tacı göyümtül, abı, bəzi hallarda isə ağımtıl rəngdə olub, qıfvarıdır. Meyvəsi qutucuqdur. İyul-avqust aylarında çiçək açır, avqust-sentyabrda meyvə verir.
 
 
Enliyarpaq zəngçiçəyi respublikamızın Quba ərazisində, Kiçik Qafqazın mərkəzi zonalarında yayılmışdır. Buna ən çox yuxarı meşə zonalarından tutmuş, subalp çəmənliklərinə qədər rast gəlmək olar. Kök hissəsinin tərkibində 1,95-2,55% monosaxarid, 12,64-13,07%-ə qədər pentozan inulin, 3,28-6,01% pektin, 1% kauçuk, 7,94-11,34% aşı maddəsi, alkoloid və s. vardır. Yerüstü hissəsində isə azotlu birləşmələrdən xolin, betain, yarpaqlarında 1-1,8% kauçuk aşkar edilmişdir.
 
 
Kök hissəsindən hazırlanan dəmləmə spirtli ekstrakt qıc olmada, mədə-bağırsaq xəstəliklərində işlədilir. Altay vilayətində cövhərindən qadın və əsəb xəstəliklərində istifadə edilir. Çiçəklərindən hazırlanan mazı yarasağaldıcı xüsusiyyətə malikdir. Enliyarpaq zəngçiçəyi həm də qiymətli ərzaq bitkisidir. Belə ki, ondan təzə və bişirilmiş halda kükü, piroq içi, qutab hazırlanır. Erkən dərilmiş cavan zoğ və yarpaqlarından ədviyyə qatqısı kimi istifadə edilir. Mal-qara üçün qiymətli yem hesab olunur. Bəzək və nektar bitkisi sayılır.
 
 
Yoğunkök zəngçiçəyi- Hündürlüyü 30-100 sm olub, budaqlanan yoğun kökə malik çoxillik ot bitkisidir. Kökətrafı və aşağı yarpaqları uzun saplaqlı olub, ürəkvari — yumurta və yaxud uzunsov ürəkvari formasındadır. Çiçəkləri çiçək dayaqcığında tək-tək halda yerləşərək göyümtül-bənövşəyi rəngdədir. Çiçəkyatağı qıfabənzər zəngvaridir. Meyvəsi qutucuqdur.
 
 
Yoğunkök zəngçiçəyi Azərbaycanın demək olar ki, hər yerində yayılmışdır. Buna düzənlik sahələrdən tutmuş subalp çəmənliklərinə qədər rast gəlmək olar. Ən çox meşə açıqlıqlarında, talalarda, kolluqlarda, qayalıqlarda yayılmışdır.
 
 
Bunun kökünün tərkibində inulin, Iyuteolin, kauçuk və s. maddələr vardır. Bolqarıstanda kökündən hazırlanan preparatlardan boğaz nahiyəsində yenicə əmələ gələn şişlərin, ağız və diş diblərində olan yaraların müalicəsində qar-qara kimi istifadə edilir. Yerüstü hissəsindən hazırlanan şirəsi açıq və laktogen xəstəliklərinin müalicəsində işlədilir. Yarpağından hazırlanan şirəsindən Argentinada ziyil xəstəliklərini müalicə edirlər. Mal-qaraya yem kimi verdikdə sağmal heyvanların südü artır.
 
Bu bitkinin kök və cavan zoğlarından qutab, qoğal, müxtəlif salatlar və s. hazırlanır. Yoğun kök zəngçiçəyi həm də gözəl bəzək bitkisidir.