Təbiət

Qurşaq vaxtı

Yer kürə şəklində olduğuna görə onun sutkalıq hərəkəti zamanı ayrı-ayrı sahələrdə müxtəlif vaxtlar olur. Bu vaxtlar arasında əlaqə yaratmaq üçün Yerin öz oxu ətrafında fırlanma dövrünə uyğun olaraq 24 saat qurşağı ayrılır.

 

Beynəlxalq razılaşmaya əsasən qurşaqların hesablanması Qrinviç meridianından başlanır. Bu meridian xətti XXIV və ya şərti olaraq qəbul edilən 0 qurşağın orta meridianı hesab edilir. Bu halda XXIV və ya 0-cı qurşaq 7,5° (7°30') ş.u. və 7,5° (7°30') q.u. arasında, I qurşaq 7,5° ş.u.- 22,5° ş.u. arasında yerləşir. Azərbaycan üçüncü saat qurşağına düşür. Meridianlar qərbə doğru da hesablandığına görə XXIII qurşaq 7,5° q.u.-22,5° q.u. arasında yerləşir.

 

Meridianın hansı saat qurşağında yerləşdiyini tapmaq üçün onun qiyməti 15°-yə bölünür. Əgər qalıq 7,5°-dən çox olarsa, cavaba 1 saat əlavə olunur. Əgər məntəqə Qərb yarımkürəsində yerləşirsə, alınan cavab 24-dən çıxılır. Yəni, XXIV saat qurşağından qərbə doğru hesablanır.

 

Hər bir saat qurşağı üçün onun ortasından keçən meridian üzərində olan yerli vaxt qurşaq vaxtı* kimi qəbul edilir. Əgər 0-cı saat qurşağının orta meridianı başlanğıc meridian hesab olunursa, bu halda qurşaqlarda bu xətt hər 15°-dən bir keçirilmiş olacaq. I saat qurşağında 15° ş.u., II saat qurşağında 30° ş.u. (2 • 15° = 30°) orta meridian kimi qəbul edilir, yəni, saat qurşağının qiyməti 15°-yə vurulur. Şərqə getdikcə qurşaq vaxtı bir saat artır, qərbə getdikcə bir saat azalır.

 

Beynəlxalq razılığa əsasən yeni sutkanın başlanması 180° meridiandan hesablanır. Bu meridian Təqvim vaxtının Beynəlxalq dəyişmə xətti adlanır.