Vanq Tsih Çuan. Aradüzəldən tutuquşu
Fanq Yinq-Hsien Yanq-çou əyalətinə qəlbən bağlı xan-çuanlı bir alim idi. O, əsil-nəcabətli, çox varlı bir duz taciri ailəsindən çıxmışdı. Amma Fanq pul düşkünü deyildi, tacirlik onu maraqlandırmırdı. Odur ki, mal-mülkünü başqalarına etibar etmişdi, özü isə zövqünü oxşayan kitablar, sulu boya ilə çəkilmiş şəkillər, bürüncdən və daşdan düzəldilmiş qədim qablar toplayırdı. Onun Kunq-çu qapısının qarşısında salınmış, içində sərin bulaqlar axan, daş döşənmiş bağçalı-bağlı, gözəl bəzədilmiş çardağı olan ferması var idi. Hər il yay aylarında Fanq bu fermaya köçərdi. Bağçasından bir neçə addım aralı, qarşı tərəfdə varlı Linlər ailəsi yaşayırdı. Onların Suanq-Yinq adlı gözəl bir qızları var idi. Bu qız həm dövrünün ən gözəl, ən ağıllı qızlarından biri idi, həm də qəlbi titrədən şeirlər yazırdı.
Alim Fanq evlənmək yaşı çatmasına baxmayaraq, ailə qurmamışdı və o qıza dərin maraq göstərirdi. Ancaq, təəssüf ki, onun haqqında yalnız eşitmiş, bircə dəfə də olsa, üzünü görməmişdi. Bu, Fanqı çox kədərləndirirdi.
Linlərin evinin arxasında, düz alimin bağçasına bitişik, olduqca böyük başqa bir bağça da var idi. Qız həmişə o bağçaya gəzməyə çıxardı. Fanq daşdan bir təpə düzəltdirdi, onun üstündə də çardaq qurdurdu, bu çardağa isə “Lai-Yinq” (yəni “Yinq gəlir”) adını verdi. Çünki buradan Linlərin bağçası bütövlüklə görünürdü. Amma qız Fanqın məqsədini anladı və bir də həmin bağçaya çıxmadı. Fanq onu görmək üçün hər şeyi sınaqdan keçirirdi: gizli-gizli gözlədi, qulaq verib ətrafı dinlədi ki, bəlkə, bir dəfə görə bilə. Ancaq görmədi ki, görmədi. Aralarındakı o bircə addımlıq torpaq parçası sanki göy üzü qədər sonsuz və dərin bir uçurum idi. Alim artıq eşqindən dəli olmuşdu, nə edəcəyini bilmirdi.
Bir vaxtlar əyalətin varlı-hallı ailələrindən bir çox oğlanlar qızla evlənmək üçün Linlərin qapısını döymüşdü, ancaq qızın atası bütün elçiləri şeir sınağından keçirib heç birinə razılıq verməmişdi. Buna görə də getdikcə qıza elçi düşənlərin sayı azalmışdı. Alim Fanq da qıza elçi düşmək istədi. Bu fikrini qızın ailəsinə çatdırmaq üçün məktəb yoldaşlarına, dostlarına müraciət etdi. Amma Linlər Fanqın tüfeyli gənclərdən biri olduğunu düşünərək istəyini rədd etdilər.
Nəhayət, yeddinci ayın yeddinci gün bayramı gəldi. O gün alim bağçasında boş-boş oturub xəyal dənizinə qərq olmuşdu. Qadın xidmətçilərə evi süpürməyi tapşırdı, “hünərli olmaq” oyunu oynamaq üçün buxurdan və qovunla bəzədilmiş süfrə hazırlatdı. Elə bu dəm bir quş uçub gəldi, yerə dimdiyindən bir kağız atdı. Quşun qanadları yaşıl, pəncələri qırmızı idi. Ayağında da zəncir var idi. Bu, bəlkə də, ev tutuquşusu idi — sahibi vardı. Alim quşu tutmaq istədi, ancaq tutuquşu uçaraq evin qarşısındakı ağaca qonub söylədi:
— Alim Fanq, mənə pislik etmə, gətirdiyim kağızda evimizin “üçüncü qız”ı bir şeir yazıb. Oxu, cavabını da şeirlə yaz, mən də onu sahibinə aparım.
Fanq kağızı götürüb şeiri oxudu. Bu, “sağsağan körpüsünün müqəddəs ərənləri” haqqında yazılan incə ruhlu şeir idi. Şeirdə həqiqi sevgidən, əsl məhəbbətdən bəhs olunurdu. Alim dərhal çiçəklər arasında ucaldılan evinə qaçdı. Fırçasını götürdü, dayanmadan yazdı, yazdı… Quş isə ağacdan onu müşahidə edirdi.
Alim fırçanı bir kənara qoyunca quş ona sarı uçdu, şeiri götürüb getdi. Fanq təəccüb içində donub qalmışdı. Nə baş verirdi? Bəs həmin tutuquşu necə oldu bura gəldi?
Deməli, bu hadisə baş verməzdən əvvəl qız xidmətçisinə quşu təmizləməyi, qayğısına qalmağı tapşırmışdı. Quşu çimizdirib qurtarandan sonra o, qızdan ayağının zəncirini açmağı xahiş etmişdi, hətta yalvarmışdı. Qızın da quşa ürəyi yandığından arzusunu yerinə yetirib zəncirini açmışdı. Tutuquşu azad olan kimi başındakı tükləri, qanadlarını səliqəyə salıb tavandakı dirəklərin arasına uçmuşdu. Çox şən və xoşbəxt görünürdü. Uzun müddətdir evə öyrəşdiyindən xidmətçi qız da onu qəfəsə salmadı. Ancaq birdən tutuquşu xidmətçi baxa-baxa sıvışıb alimin bağçasına getmişdi. Elə xidmətçi tutuquşunu tutub gətirmək üçün kimisə yollayacaqdı ki, quş özü geri qayıtdı. Bir qədər sonra da qız masanın üstündə bir şeir tapdı.
“Boş nərdivan pillələrinə döşənib yarpaqlar,
Kimsəsiz həyətdə soyuq şəbnəmlər var.
Payız gələndə ayrılıq əzabını çəkmək daha ağır olur…
Mən qərib bir insanam,
Barmaqlıqlara söykənib acımı içimdə yaşayıram.
Bir kəlmə də danışmadan
Göy üzündə parlayan cüt ulduza baxıram.
Hörümçək kiçik bir qutuda dayanıb.
Rəngli sap iynəyə keçirilib.
Uşaqlıqda hiss etdiklərimi
Yenidən yaşamaq arzusundayam.
Ancaq tale bizi bir-birimizdən ayırdı.
Heç olmasa, bu bayram gecəsində
Bircə səni görmək istərdim…”
Qız şeiri dəfələrlə oxudu, amma şeirin haradan gəlib bura necə düşdüyünü heç cür başa düşmədi. Şeirin sonunda bu sözlər yazılmışdı: “Xanım Suanq-Yinqin incə duyğulu şeirinə cavab olaraq… Hörmətlə: Yinq-Hsien”. Qız çaşıb qaldı. Tez özünün yazdığı şeiri axtarmağa başladı, ancaq heç yerdə tapa bilmədi. Bu dəfə daha çox təəccübləndi. O artıq alimin bacarıqlı və ağıllı bir gənc olduğunu yəqin etmişdi. Lakin baş verən bu əhvalat haqqında ata-anasına bircə kəlmə də demədi.
Payızın ortaları idi. Bu vaxt payız bayramı keçirilərdi. Qız bu bayramda, adətə görə, Tien-ninq məbədinə getmək istədi. Müxtəlif rənglərlə boyanan qayıq hazırlatmışdı.
Həmin gün alim də bağçasında oturub kitab oxuyurdu. Elə bu vaxt qəfildən gördü ki, həmin tutuquşu ona doğru uçur. Quş özünü onun yanına çatdırıb dedi:
— Bu gün evin üçüncü qızı Tien-ninq məbədinə getmək istəyir. Cənab Fanq, əgər onu görmək istəyirsinizsə, məbədin qapısında gözləyin, muradınıza çatacaqsınız.
Sonra qanad çalıb uçub-getdi. Alim quşun dediklərinə inandı və bir qayıq aldı. Qızın gələcəyi məbədə doğru yola düşdü. Oraya çatanda gördü ki, qayıqlar balığın pulcuqları kimi üst-üstədir. İnsanlar isə bulud yığınına bənzəyirlər. Odur ki alim Linlərin qayığının bağlandığı yeri tapa bilmədi.
Birdən-birə suları şırıldadan rəngbərəng bir qayıq sahilə yaxınlaşdı. Qayığın üstündəki dirəkdən tutuquşu qəfəsi asılmışdı. Alim öz-özünə: “Bu, yəqin ki, həmin qızın qayığıdır”, — dedi. Tez iki qayıqçını köməyə çağırıb öz qayığını qızın qayığının yanında bağladı. Sonra qayığın burun tərəfinə keçib gözlədi. Çox keçmədi ki, qız xidmətçisinin köməyi ilə qayıqdan düşdü. Üzünün gözəlliyinin, telinin zərifliyinin dünyada tayı-bərabəri yox idi. Alim özünü unudub hayıl-mayıl qıza baxarkən tutuquşu uca səslə söylədi: “Alim Fanq, yaxşı bax! Ailəmizin üçüncü qızı gəlir!” Bu səs Fanqı sanki yuxudan ayıltdı. Qız da bu sözləri eşitdiyi vaxt başını yuxarı qaldırdı və alimi gördü: sual dolu gözlər bir-birinə dikildi, bu baxışlar arasında sanki qırılmaz bağ quruldu. Bu bağ elə güclü idi ki, aşiqlər az qala ağıllarını itirəcəkdilər.
Elə bu dəm xidmətçi qız tutuquşuya qışqırdı:
— Bəsdir boş-boş çərənlədin!
Daha sonra hamısı sahilə çıxdı. Evə qayıdar-qayıtmaz isə qız gizlincə xidmətçisindən soruşdu:
— Bu Fanq necə adamdır, görəsən?
Xidmətçi qız:
— Qayıqçılar dedilər ki, bizim qonşumuz Fanqdır, — deyə cavab verdi.
Qız heç nə demədi, ancaq o, Fanqın ağıllı və yaraşıqlı olduğunu artıq bilirdi. Ona bütün qəlbi ilə aşiq olmuşdu.
Digər tərəfdə isə alim Fanq qızı görəndən yeməyi, içməyi unutmuş, yuxusu ərşə çəkilmişdi. Özünə yer tapmayan alim “Lai-Yinq” çardağına qalxdı, gözlərini göyə zillədi, düşüncə aləminə daldı. Bir az sonra oturduğu yerdən dik atıldı, çünki ayaqlarının altında bir xışıltı eşitdi. Gözlərini yerə endirəndə tutuquşunun evin bir küncünə qonub ona baxdığını gördü. Fanq əlləri və gözləri ilə ona minnətdarlıq etdi və:
— Ey əziz quş, gələn sənsənmi? Bu biçarə alimə indi nə xəbər gətirmisən? — deyə soruşdu.
Tutuquşu qanadlarını gərib yuxarı uçdu. Dimdiyi ilə daşa vura-vura bu sözləri yazdı:
“Qızla evlənmək üçün dərhal bir elçi göndər. Artıq taleyin sənə yar olacaq… Sözlərimi unutma!”
Sonra da uçub-getdi. Alim Fanq qızla evlənmək üçün onun atasına bir elçi yolladı. Ancaq bu dəfə kişi narazılıq etmədi, qızını xeyir-dua ilə Fanqa verdi. Elə həmin gün də toy vaxtını dəqiqləşdirib nişan hədiyyələrini qəbul etdi.
Toy günü gəlib çatdı, alim nişanlısını götürüb evinə gəlin apardı. Toy gecəsi alim Fanq başına gələn bütün əhvalatı əvvəldən-axıradək qıza danışdı və dedi:
— Tutuquşu bizim elçimizdir, onu heç vaxt yaddan çıxarmamalıyıq!
Hər səhər-axşam alim Fanq tutuquşunu öz əlləri ilə bəslədi. Ona həmişə hər şeyin ən yaxşısını verdi.
Aylar keçdi, illər ötdü. Bir gün bu sevimli tutuquşu canını tapşırdı. Alim quşu çox sevdiyindən ona “Pinq-şan” türbəsinin yanında bir məzar qazdı və bu məzara “Tutuquşunun məzarı” adını verdi. Üstünə də tutuquşunun əməllərindən bəhs edən bu hekayəni yazdı. O gündən bu səadət quşu Yanq-çou xalqının dilində dastana çevrilib.
27.08.2026