Bu maraqlıdır!

Nyutonun birinci qanunu

Ətalət qanunu


Avtomobilin yük yerindəki qutu yük yerinə bağlanmazsa, avtomobil hərəkətə başladıqda yerə düşər. Ayağı maneəyə ilişən piyada irəliyə tərəf yıxılır. Avtobus sola döndükdə sərnişinlər sağa, sağa döndükdə isə sola əyilirlər.


Hər üç hadisənin oxşar cəhəti var. Bu halların hər birində cisimlər əvvəlki vəziyyətdə qalmağa çalışır. Avtomobil hərəkət edir, yük əvvəlki yerində qalır və artıq dəstəksiz olduğu üçün yerə düşür. Piyada əvvəlki istiqamətdə hərəkətini davam etdirərək irəliyə yıxılır.

Avtobus sola döndükdə sərnişinlər əvvəlki istiqamətdə hərəkət etməyə çalışır və sağa əyilirlər.


Cismə başqa cisimlər təsir etmədikdə cisim sükunətdə qalır, yaxud düzxətli bərabərsürətli hərəkət edir. Bu hadisə ətalət adlanır.

 

 

Yuxarıdakı misalların hər birində cisimlərin ətaləti müşahidə olunur:


a) sükunətdə olan yükü hərəkətə gətirmək istədikdə;


b) düzxətli bərabərsürətli hərəkət edən piyada sürətini dəyişdikdə;


c) düzxətli bərabərsürətli hərəkət edən avtobus hərəkət istiqamətini dəyişdikdə.


Oxşar halları bütün cisimlərdə müşahidə etmək olar, çünki bütün cisimlər ətalətə malikdir.


Ətalət nəqliyyat vasitələrində təhlükəsizliyi təmin etmək üçün nəzərə alınır. Məsələn, avtomobil başqa avtomobil ilə toqquşduqda və ya sürətini anidən azaltdıqda sürücünün irəliyə hərəkəti dərhal dayanmır. O, ətalətə görə hərəkətə davam edir və əgər təhlükəsizlik kəməri taxmayıbsa, maşının qabaq şüşəsi ilə toqquşub zədə alır. Cisimlərin ətaləti olduğuna görə onların hərəkətində dəyişiklik baş verməsi üçün həmişə müəyyən zaman müddəti tələb olunur.

 

Ətalət latınca “inertia” sözündən götürülüb və fəaliyyətsizlik deməkdir.

 

Cisim hərəkət edirsə, onu dayandırmaq üçün, sükunətdə olduqda isə hərəkət etdirmək üçün qüvvə tətbiq olunmalıdır. “Qüvvə” mövzusundan məlumdur ki, cismin hərəkət istiqamətini dəyişmək üçün də ona qüvvə təsir etməlidir. Deməli, cismə qüvvə tətbiq olunmasa, o, əvvəlki vəziyyətində qalacaq.


Bəzi hallarda cismə bir neçə qüvvə təsir edir, ancaq bu qüvvələrin əvəzləyicisi sıfıra bərabər olur. Bu halda da cismin sükunət halı və ya düzxətli bərabərsürətli hərəkəti dəyişmir.

 

Cismə qüvvə təsir etmədikdə və ya təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olduqda cisim sükunətdə qalır, yaxud düzxətli bərabərsürətli hərəkət edir.

 

Cismə hər hansı qüvvə təsir etmədikdə və ya tarazlaşmış qüvvələr təsir etdikdə onun hərəkəti Nyutonun birinci qanunu ilə təsvir olunur. Nyutonun birinci qanununa görə:


a. cisim sükunətdədirsə, sükunətdə qalacaq 


b. cisim düzxətli bərabərsürətli hərəkət edirsə, düzxətli bərabərsürətli hərəkətə davam edəcək .