Qasım bəy Zakir. Məlikzadə və Şahsənəm
Dünyada yüzlərlə məhəbbət mövzulu nağıllar, hekayələr var. Amma indi sizə danışacağım bu hekayəti nə eşidən, nə görən olub.
Əcəm diyarında bir Məlikzadə var idi. Müharibələrdən, basqınlardan cana doyan bu Məlikzadə artıq tab gətirə bilməyib vətənini tərk edir. Bir at, bir də qamçı götürüb tək-tənha Misirə yol alır. Karvansaraya çatıb yer tutur.
Bu Məlikzadə elə yaraşıqlı, boylu-buxunlu idi ki, gəl görəsən. Bir baxan deyərdi, bir də baxım. Görən gözəlliyinə aşiq olur. Hə... Misirə çatınca oğlanın camalı hər yana səs salır. Onu gözəllikdə Yusifə bənzədirlər. Hətta dillərdə gəzir ki, Misirin əzizi dirilib.
Xülasə, onu hər görən qız qəlbində oğlana aşiq olur, amma heç kim dilə gətirmir. Beləcə, oğlan bir müddət burada qalır. Bir gün ətrafı seyr etməyə çıxanda yolda bir qıza rast gəlir. Qız sanki bir gül idi. Onların baxışları bir an toqquşur. Oğlan Şahsənəm adlı bu gözəli görən kimi könlü açılır, ürəyinə od düşür. Qız keçib-gedəndən sonra oğlanı qəm bürüyür. Elə bil ki şamı söndürüblər, pərvanə şamsız qalıb — ürəyi həsrətdən yanır. Sanasan ki, ovçu ovuna ox atıb, ovu ürəyindən vurub. Qərəz, oğlan qızı görəndən sonra elə ovsunlanır ki, gecəsi-gündüzü bilinmir. Düz yol ilə gedərkən sərxoş adamlar kimi gah yıxılır, gah durur. Günbəgün əriyir, dizlərində taqəti belə qalmır. Tənhalığa çəkilir. Vaxt ötür, gün batır, hava yavaş-yavaş qaralır.
Məlikzadənin bu məmləkətdə dərdini deyə biləcək bir kimsəsi də yox idi. Əlacsız qalıb bir evin kandarında əyləşib qəm dəryasına qərq olur. Bunu görən ev sahibəsi ərinə deyir:
— Günortadan bəri bu yazıq cavana baxıram, ürəyim ağrıyır. Çox dərdlidir. Yazığın, deyəsən, gedəcək yeri də yoxdur. Allaha xoş getməz, dur o növcavanı evə dəvət et, bir gecə qonaq edək. Soruşaq görək bu biçarənin halı nədir? Neçə saatdır ona baxıram, dünyadan xəbəri yoxdur. Gah yıxılır, gah durur. Lap məəttəl qalmışam.
Xülasə, oğlanı evə gətirib dinməz-söyləməz yerini rahatlayırlar. Gecə keçir, gün çıxır, səhər olur. Səhərin gözü açılar-açılmaz kişi çıxıb işinin dalınca gedir. Oğlan da bir azdan yuxudan durur. Arvad fikir verib görür ki, yox, bu oğlanın halı hal deyil, lal, kar da deyil. Ağlı üstündə birinə bənzəyir. Ehmalca soruşur:
— Ey cavan, de görüm, sənə nə olub? Gül rəngin niyə payız görmüş yarpaq kimi solub?
Oğlan xeyli susandan sonra deyir:
— Ey mehriban ana, bir dərdə düçar olmuşam ki, əlacı çətin tapıla. Dünən bu yoldan keçəndə bir gözəl nazənin gördüm. O nazənin ox atıb ürəyimi yaraladı. Mən yazıq qəribi yarımcan etdi. Heç özüm də bilmədim ki, kimdir, nəcidir. O elə bir sənəm idi ki, ona aşiq olmamaq mümkün deyildi. Sanki o, ovçuymuş, mən də onun şikarı. İndi mənə ömürlük bir cəza verib. Heç bilmirəm ki, bu acıya necə dözüm. Bir kəs də yoxdur ki, məni bu qəfəsdən azad edə.
Arvadın oğlana lap yazığı gəlir. O saat bilir ki, oğlan kimdən söz edir. Şahsənəmdən başqa kim adamın ağlını başından edər? Tez deyir:
— Ay binəva cavan, sən hara, o hara? Gərək hər kəs öz tayını sevsin. Sən bilirsən, o kimdir? O bir şahzadədir, sən isə qərib bir adam. Sən kim, o kim? Heç bilirsən, o qızın həsrətindən nə qədər cavan dərdə düşüb? Onun uğrunda neçə növcavan gecəsini, gündüzünü itirib? Neçəsi cəngə girib, amma vüsala çatmayıb? Yazıqsan, özünə zülm etmə. Gəl bu sevdadan əl çək.
Oğlan deyir:
— Mənim sevdam sən duyduğun qədər sadə deyil. Bu, ilahi eşqdir. Bülbül necə güldən əl çəkmirsə, mən də bu sevdadan dönən deyiləm. Ya gərək vüsala çatam, ya da bu yolda ölüb gedəm. Məni bu yoldan döndərməyə cəhd etməkdənsə, dur get o gözəli sevdamdan xəbərdar et. Yalvar-yaxar, bəlkə, mənə rəhmi gələ.
Oğlan arvada ləl-cəvahirat verib and-aman edir. Axır ki, arvadı yola salır Şahsənəmin yanına. Dünyagörmüş qarı baxıb görür ki, bu qız da qəm dəryasına qərq olub. Elə bil ki buna da bir ovçu oxu dəyib, oxu çıxardıb, amma yarası qalıb. Qarı ağıllıbənd qadın idi, o saat başa düşür ki, bu qız da eşq bəlasına düçar olub, yəqin, elə o da qərib oğlana aşiq olub. Odur ki yavaş-yavaş sözü açıb deyir:
— Ay gözəl sənəm! Heç Allahdan qorxmursan? Bir qəribi oda atmısan, özün isə burada rahat yatmısan. Leyli köçüb, yazıq Məcnun qalıb. Siz gözəllərdə bu nə adətdir ki, aşiqinizə bu qədər zülm edirsiniz? Ovçu kimi oxunu atmısan, heç şikarının halından xəbərin də yoxdur. Biçarə bizim balaca daxmamızdadır, hər nəfəsi ah-zarla keçir. Vallah, o mənim heç nəyim deyil. Qərib bir cavandır. Bizi yaman işə salmısan. İndi məndən xəbər gözləyir. Səndən nə xəbər aparım ona?
Qız deyir:
— Bu elçi səni yaman incidib, deyəsən. Sən ki qonağına belə hörmət etmisən, inşallah, Allah əvəzini verər.
Qız bu sözü deyəndə arvad əmin olur ki, zənni onu aldatmayıb, qız da oğlana aşiqdir. Sözlərində yalan yoxdur, dürüstdür. Sözü qısa kəsib qızdan dəqiq cavab istəyir. Ancaq unudur ki, gözəllərdə bir adət də var: özlərini naza qoyub aşiqi sınayırlar. Şahsənəm də elə edir. Nə biləydi ki, intizar, həsrət biçarə aşiqin ömrünü yeyir. Oğlanı sınağa çəkmək fikri ilə deyir:
— Ay qarı, bu nə sözdür deyirsən? Heç bilirsən, nə danışırsan? O hara, mən hara? Necə cürət edib bu sözü dilinə gətirirsən?! Əcəlin çatıb, deyəsən. Guya sən bilmirsən ki, mən şahzadəyəm. Məlahətin, gözəlliyin sultanıyam. Sən nə haqla məni o yolçuya rəva görürsən?! Məgər bir cənnət quşuna bayquş tay ola bilərmi? Get ona de ki, bu sevdadan əl çəksin. Onun kimi ləl-cəvahirat göndərib könül almaq istəyənləri çox görmüşəm. Mən kim, o kim? Bir yolçu hara, sultan hara?
Qızdan bu cavabı eşidən qarı qəmgin olub geri qayıdır. Gəlib çatanda görür ki, yazıq oğlanın səbri-qərarı lap kəsilib. Həsrət gözləri yol çəkir. Arvadı görən kimi az qalır ki, ürəyi yerindən çıxsın, qəşş edib özündən getsin.
Arvad qızın sözlərini oğlana çatdırır. Sözünü bitirəndə oğlanın ürəyindən bir ah qopur, kədərdən ürəyi partlayır. Bunu eşidən hər kəs qəm dəryasına qərq olur. Cavan oğlana ürəkləri yanır, onu gözəl bir yerdə dəfn edirlər.
Bəli... Aşiqin birinin ruhu artıq qəmdən qurtulmuşdu. Amma digər tayı dünyadan xəbərsiz nakam qalmışdı.
Bu hadisədən bir qədər keçir. Bir gün xəbər yayılır ki, gözəllər gözəli Şahsənəm qəm dəryasına batıb, xəstə yatağına düşüb. Qarı bunu eşidən kimi hazırlaşıb yola düşür, qızın yanına gedir. Şahsənəm arvadı görən kimi sanki bədəninə güc gəlir, dikəlir. Əda ilə deyir:
— Ay nənə, haralarda idin?! Elçidə etimad, etibar olar. Dost yolunda boran olar, qar olar. Birinci dəfə gələn elçiyə “apar” deməzlər ki... Qətiyyətli, dönməz olan mütləq arzusuna çatar. Ay nənəcan, “qız eşiyi, şah eşiyi” deməyiblərmi? Bağlı düyünü açmaq asan deyil. Bir üzgüçü ki dərin dəryalara dalmadı, əziyyət çəkmədi, ona xələt düşərmi? Bax indi xoş gəlmisən! Qədəminə canım qurban. Olan olub, keçən keçib. Ürəyin nə istəyir, deyə bilərsən. Amma əvvəlcə onu de görüm, sənin xəstən necədir? O bu dərdi bilirsə, əlacını da bilər. Çağır onu, mənə də bir çarə tapsın. Hər ikimizin dərdi birdirsə, bu dərddən birgə qurtularıq.
Qarı qəzəbini gizlədə bilmir:
— Sən nə danışırsan? Heç utanmırsan? Allahdan heçmi qorxun yoxdur? Bir canı həlak etdiyin bəs deyil, hələ bir istehza da edirsən? Guya xəbərin yoxdur ki, yazıq cavanın dərdindən bağrı çatladı, canını tapşırdı?
Qarı sözünü bitirər-bitirməz qız yerindən dik atılır. Sevdalısı kimi o da bir ah çəkib canını tapşırır.
Bəli... Elə bilməyin ki, eşq asan işdir, ya bir yalandır. Eşq dünyanın ən güclü silahıdır. O neçə böyük hökmdarı yıxıb, neçə can yaxıb. Amma bütün gözəlliklər də eşqdə, sevgidədir. İnsan eşqlə ucalar. Qoca dünya məhəbbətsiz yaşayarmı heç?
27.08.2026