Herhard Holtz-Baumert. Mənim adımı niyə "Gopçu Alfons" qoydular
Atam, anam deyəndə ki, payız tətilində Hans əmigilə – kəndə gedəcəyəm, əvvəlcə buna çox sevindim. Axı mən kənd-kəsəkdə heç vaxt əməlli-başlı qalmamışdım, heç heyvanları da yaxından görməmişdim, gördüyüm bir şey vardısa, tutuquşu idi. Düzü, o da lap zəhləmi tökmüşdü.
Birinci dəfə idi ki, dəmiryol ilə təkbaşına gedirdim, özü də nə az, nə azacıq – düz dörd saat yol getməli idim. Hə, məni yola salanda xoşagəlməz, balaca bir əhvalat oldu: ata-anamla sağollaşarkən yellədiyim yaylığı külək əlimdən qapıb apardı. Elə o dəqiqə də burnum axmağa başladı. Heç bilmirdim, vaqonda neyləyim. Əvvəlcə köynəyimin qolu ilə vəziyyətdən çıxmaq istədim. Birtəhər başımı girələyib işimi yola verərdim, amma mənimlə üzbəüz oturan xalaya bu, xoş gəlmədi. Onda burnumu içimə çəkməyə başladım, bu da yanımda oturan əminin ürəyincə olmadı. Onda mən hər şeyə tüpürüb dedim:
– Cəhənnəmə ki, qoy axsın, nə qədər axır, axsın!
Bu yerdə də bələdçi gəlib çıxdı:
– Səninçün heç ayıb deyilmi? Görmürsən, burnun axır? Körpə deyilsən ki!
…Stansiyada məni Hans əmi qarşıladı və dərhal kəndə baxmağa yollandıq. Burada hər şeydən çox ürəyimə yatan fermanın mal-qara damı oldu. Ora çox işıqlı idi, həm də təmiz saxlanırdı. Amma burada da bir balaca xoşagəlməz hadisə baş verdi.
Mən inəklərin arasındakı keçiddə dayanıb Hans əmi ilə ciddi söhbət eləyirdim: inəklərin sağımı ilə maraqlanırdım. Bu texnikanı heç cür başa düşə bilmirdim.
Bir də hiss etdim ki, nə isə ilıq bir şey baldırıma dəyir. Qışqırdım. Qorxudan büdrəyib düz axura düşdüm. Uzanıb qaldığım yerdən üstümdə inəklərin selikli ağzını gördüm. İsti nəfəsləri düz üzümə dəyirdi.
Var gücümlə bağırdım:
– Ay haray! Kömək eləyin! Məni yeyirlər!
Hans əmi ilə o biri kəndlilər qarınlarını tutub gülməkdən uğundular.
– Ha-ha-ha!.. İnək ki onu eləcə yaladı, amma qorxudan axura yıxıldı… Deyir ki, inək məni yeyir!
Birtəhər axurdan çıxa bildim. Hirsimdən tir-tir əsirdim! Özümə qəti söz verdim ki, gərək bundan sonra elə eləyim, bu kəndlilər mənə gülə bilməsinlər. Onlara sübut etməliyəm ki, əntiqə oğlanam.
Ertəsi gün (bu cür balaca bir kənddə hər şeydən necə də əlüstü xəbər tuturdular, lap mat-məəttəl qalmışdım) uşaqlar arxamca qışqırıb deyirdilər:
– Ey, adamyeyən inək!
Mən dodağımı dişləyib yenə də özümə söz verdim: “Bir dayanın, siz məni hələ sonra tanıyacaqsınız!”
Bir neçə gün keçəndən sonra mən özümü göstərə bildim. Günortaüstü Hans əminin arvadı Marta xala mənə kofe ilə dolu böyük, göyümtül bir bidon, bir dənə də ləbaləb yemək dolu zənbil verdi. Tapşırdı ki, bunların hamısını sahəyə – Hans əminin iş yerinə aparım.
– Onlar tozağacı meşəliyinin dalındakı kartofdadılar, – deyib məni ötürdü.
Mən nəsə onu başa düşə bilmədim:
– Hans əmi kartofdadır? Bu bapbalaca şeyin içində nə cür oturub axı?
– Vay səni, şəhərli balası! – Marta xala məni utandırdı. – Onlar orada yeri qazıb kartof çıxarırlar, indi qandın?
Mən başımı tərpətdim, amma fikirləşdim: “Məzəli şeydir! Bizim yerlərdə ancaq xəndək qazırlar, kartofu ki yığırlar”.
Marta xala mənə haradan gedəcəyimi deyib yola saldı. Mən əvvəlcə kəndin içindən keçdim, sonra da örüş boyunca getdim, inəklərdən mümkün qədər uzaq olmağa çalışırdım – hələ mal-qara damında başıma gələnləri yaddan çıxarmamışdım. Bax bu da meşə. Meşə çox gözəldir. Amma elə ki, vəhşi qabanlar adamın yadına düşür, o saat halın birtəhər olur. Deyirlər, onlar yaman amansızdırlar. Mən getdikcə ağaclara baxırdım, ölçüb-biçirdim, söz yox, ehtiyat üçün eləyirdim. Deyirdim, birdən qaban üstümə atılsa, mən də dırmaşaram ağacın başına, canımı birtəhər qurtararam. Heç demə, lap yaxşı eləmişəm.
Birdən qulağıma səs gəldi: kolluqda nəsə xışıldayırdı. Səsi eşidib bir göz qırpımında hündür şam ağacına tərəf cumdum, istədim lap yuxarı dırmanım, amma gövdəsi çox yoğun idi, alınmadı. Bax beləcə də ipi qırılmış oyuncaq meymun Yeni il ağacından sallanan kimi mən də bir müddət beləcə asılıb qaldım, hətta gözlərimi də yumdum. Amma bu dəfə hər şey yaxşı oldu. Sən demə, kolluqda xışıltı salan dovşan imiş. O yazıq məndən də çox qorxubmuş.
Öz-özümə dedim ki, bu nə axmaq iş idi başıma gəldi! Qorxaq bir dovşana görə şalvarım da cırıldı. Özü də şalvarda böyük bir deşik açılmışdı. Hans əminin naharı qumun içində idi, ağaca dırmaşanda onu əlimdən salıb dağıtmışdım. Yaxşı ki, hələ vəhşi qaban-zad görünüb eləmirdi.
Ancaq nə yalan deyim, elə ki, meşə qurtardı, qarşımda düzənlik gördüm, bu mənə ayrı cür ləzzət elədi. Aha, bu da tozağacı meşəliyi. Hans əmi ilə onun briqadası, deyəsən, onun dalındakı sahədə işləyirdi.
Bəs bu nə olan şeydir? Meşədən tüstü qalxırdı. Yox, mən səhv-zad eləmirdim: oralarda harasa od düşmüşdü. Bax bu da bir tüstü burumu, bu da digəri. Meşəyə yanğın düşüb! Mən var gücümlə geriyə – kəndə qaçmağa başladım. Ürəyimdə deyirdim ki, indi kim olduğumu sizə göstərərəm! Meşəni xilas etməliyəm! Kəndi xilas etməliyəm! Mənim haqqımda qəzetdə “xilaskar” deyə yazı verəcəklər, uşaqlar da paxıllıqlarından partlayacaqlar. Bəlkə, lap elə medal da verdilər?
Mən bütün bu düşüncələri fikrimdən keçirə-keçirə birnəfəsə qaçırdım. Vəhşi qabanlardan belə qorxub eləmirdim.
Bir qədər qaçandan sonra böyrüm sancdı. Gör çempionlar nə cür ağrılara tab gətirməli olurlar… Mən də əsl çempion kimi başımı aşağı əyib ağzımı geniş açmışdım! Deyəsən, qaçmaq bir az yüngülləşdi. Yol bir az kəsə olsun deyə birbaş örüşdən keçdim. İnəklər də quyruqlarını yelləyir, qulaqlarını oynadır, gözlərini bərəldib səfeh-səfeh üzümə baxırdılar.
– Ehey, inəklər, çəkilin qabağımdan, yol verin, meşə yanır! Meşə yanır!
İnəklər movuldadı. Mən özümü çəpərin altına verib aradan çıxdım. Nə olsun ki, ora soxulanda şalvarımın o biri balağı da cırıldı. Bunun heç bir əhəmiyyəti yox idi. Axı mən kəndi xilas eləməli idim!
Təngnəfəs özümü mətbəxə salanda Marta xala qorxudan sapsarı oldu.
– Alfons, nə olub sənə? Səni uşaqlar döyüblər? Gör bir nə haldasan!
Xalam köynəyimi çıxartdı, köynək əlində iki parça qaldı. Onu nə vaxt belə parçaladığımı isə heç hiss etməmişdim.
– Köynək nə olan şeydir! – Mən qışqırdım. – Kəndi… mən kəndi xilas etməliyəm!
Marta xala ağzını azca da açıb heç nə deyə bilmədi, təkcə başını buladı. Mən də var gücümlə qışqırdım:
– Yanır, Marta xala, yanır! Yanğındır!
– Aman Allah! Haradadır o yanğın!
– Meşə yanır!
Marta xala o saat yerindən götürüldü. Onun taxta ayaqqabıları taqqıldayırdı. Mən də onun ardınca özümü yetirdim! Heç pis qaçmırdı. Kəndə yaxın dəryaçanın böyründəki anbarın yanında dayanıb asılmış rels parçasını döyəclədi. O qışqırdı:
– Yanğın var, yanğın, meşə yanır!
– Mən bunu öz gözlərimlə görmüşəm, – bir daha təsdiq elədim.
Bütün kənd bircə anın içində çöp soxulmuş qarışqa yuvasına döndü. Evlərdən birinci uşaqlar bayıra atıldılar, sonra da arvadlar. Axır ki, kişilər də gəldilər. Onlar yüyürə-yüyürə yanğın üçün saxladıqları gödəkçələrini geydilər. Yanğın komandasının rəisi elə burqomistr idi. O, köynəkdə, aşırmalı pencəkdə, başında dəbilqə gəldi. Mənə dedilər ki, yanğının harada olduğunu tez başa salım. Yanğınsöndürənlər tələsik anbarı açdılar, birlikdə nasosu çıxartdılar. Atları da qoşub gətirdilər.
Burqomistr qışqırdı:
– Bu nə axmaqlıqdır! Nasosu yerinə qoyun! Meşədə nasos nəyə gərəkdir?! Orada ki su yoxdur!
O belə deyəndən sonra hamı beldən yapışdı. At arabası gəldi, altı nəfər yanğınsöndürən arabaya mindi. Mən də mindim. Onlara yol göstərməli idim.
Atlar o saatdaca dördnala çapdılar. Mən özümü möhkəm saxlamışdım. Yanğınsöndürənlər heç cür paltarlarını geyə bilmir, nəyisə söyürdülər. Onlardan biri kəmərini yaddan çıxartmışdı, bir başqası taxta ayaqqabılarında idi, burqomistr hətta gödəkçəsini unutmuşdu. Ancaq bundan heç xəbəri də yox idi.
Xəbər tutanda qışqırdı:
– Saxla görüm!
Sürücü cilovları çəkdi, araba bir göz qırpımında dayandı. Biz də hamımız bir-birimizin üstünə yıxıldıq.
– Bir dayanın, axı mən gödəkçəmi yaddan çıxartmışam, – deyib burqomistr burnunun üstünə düşən dəbilqəsini düzəltdi. – Di yaxşı, cəhənnəm olsun! Tərpən, gedək! Axı meşə yanır!
Mən də elə bu dəm qışqırdım:
– Dayan!
Atlar durdular, indi də başlarımız bir-birinə dəydi. Burqomistrin də dəbilqəsi burnunun üstünə düşdü.
– Niyə dayandıq axı? – könüllülər dəstəsi səs-küy saldı.
Mən dedim:
– Biz buradan getsək, kəsə olar, birbaş örüşdən keçək.
Könüllülər mənə nəsə belə birtəhər baxmağa başladılar. Burqomistr də burnunu ovuşdura-ovuşdura mənə tərəf dönüb donquldandı:
– Fikrin nədir, bəlkə, arabayla çəpərin üstündən atlanıb keçək?! Vay səni, avara!
Biz də bu sözlərdən sonra çaparaq meşənin içindən keçdik. Birdən yolda nəsə gördüm. Əvvəlcə onun nə olduğunu başa düşmədim, sonra əməlli baxanda artıq gec idi. Təkərin altında xırçıldadı. Bu, Hans əmi üçün apardığım yemək zənbili ilə bidon idi.
– Dayan! – hövlnak qışqırdım.
Sürücü cilovu çəkdi. Biz hamımız yenə də bir-birimizin üstünə gəldik. Burqomistr hətta qışqırdı: dəbilqə onun burnuna bərk dəymişdi.
– Lənət şeytana! Yenə nə oldu?
– Hans əminin naharı zay olub getdi, – dedim və arabadan hoppanıb geri qaçdım.
Bidon əzilib yerə yapışmışdı, noxud şorbası da dağılmışdı. Mən hirsimdən ağladım da. Axı bu nə cür olan iş idi ki, çörəyi lap yolun ortasında qoyub getmişdim? Bunu necə edə bilərdim?
Könüllülər dəstəsi də qışqırdı:
– Tez ol, otur! Day olan olub!
Biz çöllüyə çıxdıq, sonra da tozağacı meşəsindən çapıb keçdik, axırda da gəlib Hans əminin briqadasının işlədiyi yerə çatdıq. Yanğınsöndürən arabanın içində könüllülər dəstəsini görəndə hamı işini buraxıb bizə tərəf qaçdı.
Mən elə başa salmaq istəyirdim ki, burqomistr bağırdı:
– Ehey! Tez arabaya oturun! Meşə yanır!
Mən onun aşırmasını dartışdırdım.
– Səsini kəs! – O mənim üstümə çəmkirdi. – Sən onsuz da boş yerə iki dəfə bizi ləngitmisən.
Hans əminin briqadasından olan bütün kişilər arabaya doluşdular, sürücü də arabanı döndərib çapmağa başladı.
Hans əmi də məni elə indi gördü. Nədənsə o, uzun-uzadı mənim əlimdə tutduğum əzilmiş bidona, bir də cırılmış köynəyimə baxırdı.
– Yanğın hay-küyünü qaldıran bax bizim bu qoçaq oldu! – Burqomistr qırmızı burnunu ovuşdura-ovuşdura başı ilə məni göstərdi.
– Dayanın! – Mən qıy-qışqırıq saldım. – Dayanın!
Sürücü yenə cilovu çəkdi, hamı yenidən qabağa yıxıldı, dəbilqə də burqomistrin burnunu yaraladı.
– Lənət şeytana! – O söydü. – Yox, daha bəsdir!
– Bəs yanğın? – Mən soruşdum.
– Bəs hanı, axı hanı o yanan yer? – Könüllülər dəstəsi bir ağızdan qışqırdı.
Mən arxadakı çölü nişan verdim. Axı ora, doğrudan da, yanırdı. Hər tərəfdə topa-topa yığılmış şeylər gömgöy tüstü verirdi.
– Görmürsünüz? Hər yer yanır!
Könüllülər dəstəsi bir-birinin üzünə baxdı. Burqomistr başından dəbilqəni götürdü. Kim isə səssizliyi pozub pıqqıldayıb güldü. Onun ardınca da o biriləri… Axıra yaxın Hans əmi də güldü, onun dalınca da burqomistr. Onlar gülməkdən turp kimi qıpqırmızı oldular. Yaşarmış gözlərini sildilər.
Burqomistr əli ilə dəbilqəsini şappıldadıb gülməkdən boğula-boğula dedi:
– Axı orada kartofun şaxlarını yandırırlar! Başa düşdün, şaxları? Bunun harası yanğındır?
Bu əhvalatdan sonra kənd uşaqları mənə “adamyeyən inək” yox, “gopçu Alfons” deyirdilər. Mən Hans əmidən xahiş etdim ki, bu barədə evimizə yazmasın. Əvəzində öz cibxərcliyim ilə onun üçün bidon aldım.
Bu hadisədən sonra kartofu da sevmirəm, zəhləm gedir ondan, onu görən kimi dərhal hay-küy yadıma düşür. Allah eləməmiş, hələ məktəbdə uşaqlar bundan xəbər tutmuş olsalar, vay halıma, məndən mütləq qəzetə yazacaqlar, amma “gülüş guşəsi”nə. Buna heç bir şübhə yoxdur.
22.09.2026