Təbiət

Tarazlaşan və tarazlaşmayan qüvvələr

İpçəkmə yarışında komandalar ipə əks istiqamətlərdə qüvvə tətbiq edirlər. Hər komandanın ipi öz tərəfinə çəkməsinə baxmayaraq bəzən ip hərəkət etmir. Bu zaman komandaların ipə tətbiq etdikləri qüvvələrin ədədi qiyməti bərabər, istiqamətləri isə bir-birinin əksinə olur. İpə sağdan və soldan təsir edən qüvvələr bir-birini tarazlaşdırır.

 

Cismə tətbiq olunan qüvvələrin ədədi qiymətləri bərabər, istiqamətləri isə əks olarsa, bu cismə tarazlaşan qüvvələr təsir edir.

 

Məsələn, rəfdəki kitaba ağırlıq qüvvəsi təsir edir. Lakin kitab yerə düşmür. Deməli, kitaba təsir edən ağırlıq qüvvəsi başqa bir qüvvə ilə tarazlaşıb.


Ağırlıq qüvvəsi aşağı yönəldiyindən digər qüvvə onun əksinə, yəni yuxarı yönəlməlidir. Bu qüvvə dayağın reaksiya qüvvəsi adlanır. Hərəkətsiz cismə tarazlaşan qüvvələr təsir etdikdə o, əvvəlki vəziyyətində qalır.

 

Məsələn, suyun səthində dayanmış gəmiyə ağırlıq və Arximed qüvvələri təsir edir, bu qüvvələr bir-birini tarazlaşdırdığı üçün gəmi suda batmır. Tarazlaşan qüvvələr hərəkət edən cismə təsir etdikdə onun da hərəkətində dəyişiklik baş vermir, yəni həmin cismin sürəti nə artır, nə də azalır.

 

Hərəkət edən və ya hərəkət etməyən hər hansı cismə tarazlaşan qüvvələr təsir edərsə, onun hərəkətində heç bir dəyişiklik baş verməz.


İpçəkmə yarışında ip bəzən sola və ya sağa doğru hərəkət edir. Buna səbəb komandalardan birinin ipə daha böyük qüvvə tətbiq etməsidir. Bu zaman qüvvələr bir-birini tarazlaşdırmır. İp tarazlaşmayan qüvvələrin təsiri altında olduqda qiyməti böyük olan qüvvə istiqamətində hərəkət edir.

 

Hərəkətsiz cismə tarazlaşmayan qüvvələr təsir etdikdə o hərəkətə başlayır və sürəti artır. Oxşar olaraq suya buraxılan metal kürəyə təsir edən ağırlıq qüvvəsi Arximed qüvvəsindən böyük olduğundan kürə tarazlaşmayan qüvvələrin təsiri altında olur və stəkanın dibinə doğru hərəkət edir.

 

Hərəkətdə olan cisimlərə də tarazlaşmayan qüvvələr təsir etdikdə onların sürəti dəyişir. Məsələn, bərabər sürətlə hərəkət edən oyuncaq maşına eyni anda iki qüvvə təsir etdikdə hərəkət istiqamətindəki qüvvə böyük olarsa, onun sürəti artar. Lakin hərəkətin əksi istiqamətində təsir edən qüvvə böyük olarsa, maşının sürəti azalar.