Əziz Sultan. Arı və ayı
Ana arı bal paylaşırdı. İstəyirdi ki, qış gəlib başlarının üstünü alanda heyvanların canları soyuğa qarşı möhkəm olsun. Heyvanlar arıların yuva saldığı qoca palıd ağacının altına toplaşmışdı. Ana arı onlara tapşırdı:
— Hər biriniz baldan yalnız bir ağız qədər götürün ki, bal hamınıza çatsın, — vızıldayıb dövrə vurdu.
Xəbəri eşidən qonur ayı da qaça-qaça gəlib palıd ağacının yanına yaxınlaşdı. Gördü ki, heyvanlar ədəb-ərkanla düzülüb növbə gözləyirlər.
Ayı acgöz idi, sırada dayanmağa, növbə gözləməyə hövsələsi yox idi. Kimisə incidərəm, kiminsə haqqını tapdalayaram düşüncəsi onun qanacağına sığmırdı. Heyvanların arasında narazı halda deyinən olsa da, ayı saldı ayılığına, atıldı lap qabağa. Geri boylanıb elə nərildədi ki, meşədəki ağaclar da tir-tir titrədi. Palıd ağacının altına sakitlik çökdü. Ayı pəncəsini oyuğa saldı. Baldan bir ovuc götürüb ağzına apardı. Bal ağzına yağ kimi yayıldı, canı xoşhallandı. Baxdı ki, yaman dadlıdır. Dərhal yuvadakı balın hamısını yanında gətirdiyi vedrəyə bənzəyən qaba doldurmağa başladı. Ayını dayandıran olmasa, başqa heyvanlara bal qalmayacaqdı.
— Bəsdir!..
— Dayan!..
— Bizə də saxla!.. — deyənlər olsa da, bunu elə zəif səslə deyirdilər ki, birinin dediyini yanındakı heyvan eşitmirdi. Qorxurdular ki, ayı onlara qəzəblənər.
Ana arı gördü ki, iş heç də onun planladığı kimi getmir. Ayının tamahkarlığı, başqalarına qarşı qabaqlığı onu acıqlandırdı. Acgöz ayı bu hərəkətinə görə ana arının gözündə kiçilib alçalmağa başladı. Ana arının cəsarəti isə şişib nəhəng bir dağ boyda olmuşdu. Vızıldayaraq bütün arılara əmr verdi:
— Hamınız vızıldayın! Hər biriniz ayının uzun bir tükündən tutub vızıldayın! Vızzz!
Qoca palıd ağacının sinəsindəki oyuqdan çölə vızıltili qara bir duman fışqırdı. İçəridəki bütün arılar ana arının əmrinə tabe olaraq hücuma keçmişdilər. Hər biri ayının bədənində özünə bir yer tapıb yapışdı. Ayının arı yapışmayan boş tükü qalmamışdı. Hətta tutmağa tük tapa bilməyən arılar iki-iki, üç-üç onun kirpiklərindən və burnunun ucundan da yapışmışdı. Qonur ayı hava dolmuş nəhəng balon kimi ağır-ağır yuxarı qalxmağa başladı.
Ayaqları yerdən kəsilən ayı qucaqladığı qabı atıb çabalamağa başladı. Lakin qarşısında pəncəsi ilə vurub yıxa biləcəyi bir rəqib yox idi. Arılar onu xırda qanadları olan kürk kimi hər yandan sarmışdı.
Ayı nə qədər nərildəyib qıvransa da, arıların əlindən yaxasını qurtara bilmədi. Havada hərlədiyi pəncələrinin heç bir faydası olmadı. Ana arının əmri ilə arılar ayını aparıb qayalı dağın arxa tərəfindəki armud ağacının altında yerə saldı. Ana arı dedi:
— Bir də belə hərəkət etsən, hamısının səni eyni anda sancmasını əmr edəcəyəm!
Ayı öz hərəkətindən dərs almaq əvəzinə, daha da qəzəblənib uzun-uzun nərildədi:
— Elə bilirsən, səndən qorxub qaçacağam? Gələn dəfə o ağacı yerindən qoparacağam!
Ana arı dedi, ayı dedi, ana arı dedi, ayı dedi… Axır, onlar razılığa gələ bilmədilər. Ayı öz ayılığından, tamahkarlığından əl çəkən deyildi.
O gündən sonra arılarla ayıların ulduzu barışmadı. Harada bir-birini görsələr, eyni mübahisə yenidən başlayırdı. Arılar insanların himayəsinə sığındı ki, onları ayılardan qorusunlar. Çox az sayda arı ailəsi meşədə qalsa da, onlar da yuvalarını bacardıqları qədər yüksəklikdə qurdular ki, ayılar onları narahat etməsin.
15.10.2026