Təbiət

Eyfel qülləsi: dəmir gözəl

Artıq bir əsrdən çoxdur ki, 324 metrlik Eyfel qülləsi Fransanın paytaxtı Paris şəhərinin yaraşığına çevrilib. Hər il bu qülləyə təxminən 7 milyon turist çıxır. Hazırda Eyfel qülləsi dünyada turistlərin ən çox üz tutduğu, giriş  pullu olan abidədir.

 


1884-ci ildə layihələndirilən Eyfel qülləsi 1889-cu ildə Parisdə keçirilən Ümumdünya sərgisi üçün ucaldılıb. O vaxtlar belə hündür qüllə ucaltmaq ağlasığmaz iş sayılırdı. Odur ki, mühəndis Qustav Eyfel öz layihəsini həyata keçirmək üçün mübarizə aparmalı olur. Qülləni qəbul etmək istəmirlər... Q.Eyfel inşaat işlərinin  bir hissəsinin xərcini öz cibindən ödəyir.

 


İki il, iki ay və beş gün 250 fəhlə taxtabəndlərlə dırmaşaraq qülləni ucaldır. Eyfel qülləsi 1933-cu ilə qədər dünyada ən uca tikili sayılır. 1930-cu ildə bu rekordu Nyu-Yorkdakı Kraysler-bildinq göydələni təzələyir.

 


Qüllənin layihəsi Qustav Eyfelə məxsus olsa da, ilk çertyojları Eyfel özü deyil, onun əməkdaşları Moris Köhlen və Emil Nuqye çəkiblər. Lakin sütun şəklində qüllə Eyfelin xoşuna gəlmir. O, çertyojların surətini arxitektor Stefan Sovestrə verir. S.Sovestr qülləyə mayakı xatırladan zərif forma verir. Nəticədə məhz bu variant qəbul edilir.

 


Qüllə ucaldılmağa başlayan kimi böyük maraq doğurur. XIX əsrin sonunda rəssamların çoxu onu eybəcər hesab edir! Bundan əlavə, onu təhlükəli sayır və uçub  evlərin üzərinə yıxılacağından ehtiyat edirdilər. 1887-ci ildə 300 yazıçı və rəssam “300 metrlik qüllə” əleyhinə petisiya imzalayır. Xoşbəxtlikdən, narazılıq edən bu adamlara heç kəs məhəl qoymur. Tezliklə qüllənin  pərəstişkarları yaranır: rəssamlar Jorj Sera, Duanye Russo, Pol Sinyak, Pyer Bonnar, Mark Şaqal və Robert Delone önu öz əsərlərində təsvir edirlər.

 


“Dəmir gözəl” 1909-cu ildən elmi təcrübələr laboratoriyasına  çevrilir. Q.Eyfel qüllənin zirvəsində radiostansiya açır. 1916-cı ildə ilk Transatlantik telefon danışıqları məhz buradan həyata keçirilir. 1918-ci ildən ilk radio verilişləri,  1957-ci ildən isə ilk televiziya proqramları qüllənin antenasının köməyi ilə bütün Fransaya yayımlanmağa başlayır.

 


Hazırda  Eyfel qülləsi təkcə Parisin deyil, həm də bütün Fransanın rəmzinə çevrilmiş şedevr sayılır. Onun zirvəsinə bərkidilmiş iki güclü projektor 1985-ci ildən etibarən  Parisin gecə səmasını şualarla bəzəyir, okeanda tənha mayakın işığını xatırladır. 2003-cü ildə Eyfel qülləsində hər saat beş dəqiqə sayrışan  20.000 lampa quraşdırılıb.

 


Bir neçə kəlmə Qüstav Eyfel haqqında: Q.Eyfel 1832-1923-cü illərdə yaşamış fransız mühəndisidir. Metaldan bina və körpüləri ilk dəfə o tikməyə başlayıb. Eyfel bütün dünyada şöhrət qazanıb. Bir çox ölkələrdə ona layihələr etibar edirdilər. Budapeştdə Qərb vağzalını,  Boliviyada La-Pas avtovağzalını, Vyetnamın Xoşimin şəhərində mərkəzi poçt bölməsinin binasını, Portuqaliyada Mariya Pia körpüsünü o layihələndirib. Hətta Nyu-Yorkdakı Azadlıq heykəli də Eyfelin əsəridir. Fransada da onun yetərincə əsəri var:  Qarabi körpüsü, Nittsa rəsədxanası, Parisdə Sen-Lazar  vağzalı və əlbəttə,  karyerasının zirvəsi olan Eyfel qülləsi.