Nağıllar, hekayələr

Şir, qurd və tülkü

Günlərin bir günü şir, qurd, bir də tülkü dost oldular. Şərt qoydular ki, hər nə tapsalar,  bir yerdə yesinlər - həm də bir-birinə kömək eləsinlər. Bir gün şir bir öküz, qurd bir qoyun, tülkü də bir toyuq gətirdi. Şir qurda dedi:

 

- Bunları bölüşdür.

 

Qurd dedi:

 

- Şir ağa, öküz sənin, çünki sən böyüksən. Səndən kiçik mənəm, qoyun da mənim. Hamımızdan kiçiyi tülküdü. Toyuq da tülkünün olsun.

 

Bu bölgü şirin xoşuna gəlmədi, dartıb qurdun dərisini boğazından çıxartdı, qurdu parça-parça elədi. Bunu görən tülkü üzünü şirə tutub dedi:

 

- Şir ağa, qulaq as, gör mən necə bölürəm. Boz öküz naharın olsun. Gündüz yeməyin qoyun olsun. Şam yeməyin toyuq olsun.

 

Tülkü kənarda qalsın.

 

Bu bölgü şirin çox xoşuna gəldi. Tülküyə afərin deyib soruşdu:

 

- Bu bölgünü kimdən öyrənmisən? 

 

Tülkü gülə-gülə dedi:

 

- Sən qurdun dərisini boğazından çıxaranda mən dərsimi aldım.

 

- Afərin, yaxşı dərs almısan. Şir bunu deyib öküzü də, qoyunu da, toyuğu da yedi.