Nağıllar, hekayələr

Sözün qüdrəti

Bir padşahın sevimli iti varmış. Səhərdən axşama kimi onu əzizləyər, gözündən uzaq qoymazmış. Bir gün padşah uzaq səfərə çıxmalı olur. Vəzir- vəkili çağırıb deyir: 
 
- Bax mən qayıdana kimi itimdən muğayat olun. Ona yaxşı baxın, əgər itə bir şey olsa, özünüzdən küsün. Mən qayıdanda onun haqqında “ölüb” sözünü işlədənin boynunu vurduracağam. 
 
Bunu deyib padşah səfərə yollanır. Aradan bir müddət keçir. Bir gün it xəstələnib ölür. Saray əyanları başlarına vuravura qalırlar ki, nə etsinlər, padşah qayıdanda bu xəbəri ona necə desinlər. Elə bu vaxt xəbər gəlir ki, padşah səfərdən qayıdır. Bir-iki günə şəhərə çatacaq. Bu şəhərdə hamının hörmət etdiyi bir müdrik ağsaqqal var imiş. Saray adamları fikirləşirlər ki, qoy itin ölüm xəbərini padşaha bu ağsaqqal çatdırsın. Onu çağırıb deyirlər: 
 
- Padşahımızın sənə böyük hörməti var. Sən gəl bizim qabağımıza düş, gedək padşahı qarşılamağa. İtin ölüm xəbərini ona çatdır. Padşah qəzəblənsə də, sənə heç nə etməz. 
 
Müdrik qoca razılaşır, dəstənin qabağına düşüb padşahın pişvazına çıxır. Padşah bir də görür ki, əyanları onu qarşılamağa gəlir, qabaqlarında da müdrik qoca. Yaxınlaşan kimi qocadan soruşur: 
 
- De görüm, it necədir?
 
- Necə olacaq, padşah sağ olsun - deyə qoca cavab verir.
 
- Özü üçün uzanıb, gözlərini də yumub.
 
Padşah hirslənir:
 
- Necə yəni gözlərini yumub?! Bir əməlli danış görüm!
 
- Əməlli deyəndə ki, sizə necə başa salım, başını qabaq ayaqlarına söykəyib, dişlərini ağardıb. Quyruğu da yerdədir. Tükləri də daha əvvəlki kimi qabarıq durmur.
 
- Daha de ki, it ölüb də!- deyə padşah qışqırır.
 
- Padşah sağ olsun, bunu mən demədim, özünüz dediniz.