Nağıllar, hekayələr

Tərs çəpiş

Biri vardı, biri yoxdu, bir çəpiş – yəni balaca keçi vardı. Çəpiş çox tərs idi. Hər şeyi öz istədiyi kimi eləmək istəyirdi. Axı bütün keçilər tərs olur.
Bir gün tərs çəpiş istədi ki, evdən çox uzağa gəzməyə getsin. Getdi də…


Gedəndə anası onu xəbərdarlıq elədi:
- Uzağa getmə, göyün üzündə qara buludlar var, yəqin, yağış yağacaq, ildırım çaxacaq!
- Hava çox istidir, heç bir ildırım olmayacaq!


Belə deyən çəpiş meşəyə gəzməyə yollandı.
Meşə qaranlıq idi. Çox keçmədi ki, lap qaranlıq düşdü.


Külək, ondan sonra isə möhkəm yağış başladı. Hələ bu azmış kimi, ildırım da çaxdı.


Tərs çəpiş qaçmağa başladı. Amma hansı tərəfə qaçırdı, özü də bilmirdi.


Qaçdıqca tərs çəpişə elə gəlirdi ki, çaxan şimşək, guruldayan ildırım onun ardınca gəlir.


Birdən torpaq ayağı altından necə sürüşdüsə, çəpiş yumbalandı düz gölün içinə. Üzmək bilmədiyindən, su onu apardı gölün ortasındakı ada kimi yerə. Çəpiş otlardan tutub, boğulmaqdan  birtəhər  canını qurtardı. Qorxsa da, heç nə eləyə bilmədi. Dayanıb gözlədi ki, kimsə gəlib onu xilas eləsin.


Yağış təzəcə kəsmişdi ki, bir donuz gölə girib su içməyə başladı. Çəpiş sevincək onu çağırdı:
- Donuz, ay donuz! Nə olar, sən üzə bilirsən, məni də xilas elə!
- Vaxtım yoxdur, yemək ¬üstündən yarımçıq qalxmışam ki, sərin su içəm.
- Xahiş edirəm!
Onun xahişini donuz eşitmədi. Çünki ordan uzaqlaşmışdı.
- Həpçi, həpçi, – çəpiş asqırdı. Sonra isə donuzun arxasınca qışqırıb dedi: «Ayıb olsun sənə!».


Donuz gedəndən sonra çəpiş yenə də tək qaldı.


Bu vaxt meşədə quldurlar gəzirdi. Bunlar vəhşilikləri ilə tanınmış dörd boz canavar idi. Onlar uzaqdan adada tək qalmış çəpişi görüb sevindilər:
- Çoxdandı ağzımıza çəpiş əti dəymir!
- Çəpiş əti çox dadlı olur!


Ancaq onlardan heç biri suya girmək istəmədi. Ona görə də belə razılaşdılar:
- Yaxşısı budur, gedək qayıq gətirək, çəpişi qayığa qoyub yuvamıza aparaq!


Çəpiş isə heç nədən xəbərsiz yerində oturub gözləyir və fikirləşirdi: "Görəsən, məni burdan qurtaran tapılacaq? Bəlkə elə qalıb burda öləcəyəm?" Bunu düşünəndə çəpişin lap ağlamağı tutdu. Bərkdən mələdi:
- Məəəə, məəəə…..


Bu vaxt göldə bir vəhşi ördək üzürdü. O, çəpişə yaxınlaşıb soruşdu:
- Sən burda neyləyirsən?
- Azmışam, özüm də üzə bilmirəm, mənə kömək elə!
- Mən tək heç nə edə bilmərəm, qoy gedim dostlarımı köməyə çağırım!
- Tez gəl, – çəpiş yazıq-yazıq ağladı.
- Ağlama, gəlirəm, – deyib ördək uzaqlaşdı.


Ördək yaxınlıqda yaşayan bütün quşları, heyvanları köməyə çağırdı. Dovşanlar, dələlər, ördəklər, qazlar hamısı çəpişə köməyə tələsdilər. Az bir vaxtda xırda odunlar toplayıb onları bir-birinə bağladılar. Çəpiş onun üstünə tullandı. Sonra taxtaya iplər bağlayıb, darta-darta quruya çıxartdılar.


Çəpiş sevincək qaçıb evlərinə getdi. Uzaqdan qışqırıb hamıya «Sağ olun, dostlar!» - dedi.


Çəpiş təzəcə qaçmışdı ki, canavarların qayığı göründü. Onlar çəpişi görməyəndə hirslənib ördəyə qışqırdılar:
- Hanı bizim çəpiş? Onu, yəqin, sən xilas elədin?
- Hə, mən xilas elədim, – deyə vəhşi ördək cavab verdi.
- Bu saat sənə göstərərik!  Qəzəblənən canavarların dördü də ördəyə qışqırdı. Sonra  qayığı düz, ördəyin üstünə sürdülər ki, onu tutub yesinlər. Hələ çıxıb-getməyə macal tapmamış durnalar, ördəklər hərəsi dimdiyinə bir daş alıb, canavarların başına atmağa başladılar.


Hətta sahildəki dovşanlar da  canavarları daşladı. Qayığa o qədər daş tulladılar ki, qayıq ağırlaşıb batdı. Canavarlardan boğulanı boğuldu, boğulmayanı da qaçıb güclə canını qurtardı.


Bir neçə gündən sonra Çəpişin ata-anası qonaqlıq düzəltdi. Onların balasını xilas edənlərin hamısını qonaq çağırdı. Şənliyə donuz da gəldi. Amma ona yer verməyib dedilər: - Əziyyət çəkib oturma, çünki çəpiş səni köməyə çağıranda, sən əsl donuz kimi hərəkət eləmisən! Çəpişin köməyinə birinci çatan vəhşi ördəyi isə fəxri yerdə oturtdular. Gecəyarıya qədər hamı şənləndi, dedilər, güldülər, rəqs elədilər. Çəpiş anasının sözünə qulaq asmadığına görə peşman olmuşdu.