Nağıllar, hekayələr

Yalançı tülkü

Günlərin birində Tülkü ilə Kirpi söhbət edirdilər. Birdən otların arasından bir İlan çıxdı. Tülkü qorxusundan tir-tir əsdi, Kirpiyə yalvarmağa başladı:


– Amandır, Kirpi qardaş, məni bu əfi İlanın əlindən qurtar.


Kirpi İlanı öldürdü. Tülkü ölmüş İlanı yabanın ucuna keçirib meşəyə gətirdi. Meşədəki heyvanlar – Şir, Ayı, Canavar, Pələng və Çaqqal Tülkünün başına yığışdılar. Tülkü ölmüş İlanı onlara göstərib özünü tərifləməyə başladı:


– Baxın, mən ilanların qənimiyəm.


Birdən kolluqdan başqa bir İlan çıxdı. Heyvanlar bir ağızdan qışqırdılar:


– Tülkü qardaş, bu İlanı da öldür, yoxsa bizi çalar.


Ancaq baxıb gördülər ki, Tülkünün heç izi-tozu da qalmayıb. Qorxusundan hamıdan əvvəl qaçıb canını qurtarıb.