Nağıllar, hekayələr

Əli Səmədli. "Canlı saat"

Orxan dərsə tez-tez gecikirdi. Yatıb yuxuya qalırdı.

 

Bir gün qar yağmışdı. Sərçələr onun pəncərəsinə qonaraq civildəşirdilər. Orxan pəncərənin qabağına bir parça taxta bərkidib üstünə dən tökdü. Sərçələr dəni yedilər.

 

Səhəri gün tezdən idi. Orxan şirin yuxudan sərçələrin civiltisinə oyandı. Gözünü açan kimi saata baxdı. Saat yeddi idi. Orxan vaxtında yuxudan oyandığına çox sevindi. O qalxıb paltarını geyindi. Tez sərçələrə dən səpdi. Sərçələr dəni dimdikləyib yedilər. Orxan:

- Səhər yenə gəlin, yenə dən verəcəyəm, - dedi.

 

Həmin gündən Orxan bir də dərsə gecikmədi. Hər səhər sərçələr onun pəncərəsinə yığılıb civilti ilə şüşəni döyəcləyir, ondan yem istəyirdilər. Orxan yuxudan ayılıb onları yemləyirdi*. Sərçələr Orxanın canlı saatı idi.