Nağıllar, hekayələr

Aygün Həsənoğlu. “Həsrət”

Şuşanın başı üzərinə yağan alovlu mərmilərdən ürkərək meşəyə tərəf qaçmışdı. Atəş birdən kəsildi. Şuşa tamam boşalmış, tərk edilmişdi. O da atılmışdı. Doğma həyətə girəndə bunu anladı. Həmişə hay-küylü olan evdən səs-səmir gəlmirdi. Saatlarca həyətdə vurnuxdu, o tərəf-bu tərəfə qaçaraq sahibini axtardı, axtardı... tapmadı. Qapqara gözlərindən iki damla yaş süzüldü. Ağlına sığışdıra bilmirdi ki, hər gün onu tumarlayan əllər necə yox ola bilər, hər gün belində gəzdirdiyi kəslər onu necə unuda bilər. Amma unudulmuşdu.

 

Həyətə bir dəstə qara geyimli adam doluşdu. Onların atəş açaraq insanları öldürdüklərini görmüşdü. Ona görə də gizlənməyə yer axtardı. Lakin qara geyimlilər onu gördülər, qulağına tanış olmayan dildə bir-birinə nəsə deyib güldülər. Dövrəyə alaraq fit çala-çala onu tutmağa çalışdılar. Biri evdən yataq örtüyünü gətirdi, örtüyü başına atdılar. Gözləri qaraldı, çırpınaraq xilas olmaq istəsə də, bacarmadı, onu tutdular! Köməkləşib zorla yük maşınına qaldıranda dırnaqları ilə son dəfə yeri eşdi və doğma torpağın bir parçasını dırnaqları arasında özü ilə apardı.

 

O gündən ayağı torpağa dəymədi, gözləri yaşıllıq görmədi. Sonra onu kiməsə satdılar. Yeni sahibi də erməni idi, neçə illər İsveçrədə yaşasa da, Qarabağda türklərin arasında böyüdüyündən atları çox sevirdi. Atı oxşayıb əzizlədi, qarşısına ot qoydu. Acından az qala dizləri bükülən At ağzını dərhal ota uzadıb tez də geri çəkdi, ağzına aldığı otu yerə tökdü. Erməni bir neçə yerdən cürbəcür ot gətirdi, At heç birini yemədi. Ermənini fikir götürdü, belə getsə, At acından ölə bilərdi. Axı onu bura gətirmək üçün bir ətək pul tökmüşdü ki, ayın sonu keçiriləcək cıdır yarışında iştirak etsin. Amma nə qədər çalışsa da, At onun üzünə belə baxmır, heç nəyə ağzını vurmadan hey ətrafa boylanaraq nəyisə, kimisə axtarırdı. Erməni yenə xeyli pul tökərək Qarabağdan ot və su gətirməyə məcbur oldu. Otun iyini alan At dəli kimi kişnədi, əvvəlcə otu yaladı, yaladı, sonra acgözlüklə qırpmağa başladı. Suyu da bol-bol içəndən sonra dizlərini bükərək başını otun üstünə qoydu, qoxusunu içinə çəkməyə başladı.

 

Acından arıqlamış at bir neçə günün içində özünə gəldi və atılıb-düşməyə, vurnuxmağa başladı. Atın genişlik istədiyini anlayan erməni onu gəzintiyə çıxardı, bir neçə dəfə minib doyunca çapdı. At artıq yeni sahibinə öyrəşmişdi, çünki erməni ona istədiyi otu, suyu gətirmişdi. Bundan başqa, o, Atın dilini tapmışdı, onunla azərbaycanca danışırdı.

 

Nəhayət, yarış günü gəlib çatdı. İsveçrənin ən gözəl mənzərəli yerlərinin birində – dağların ətəyindəki yaşıl düzənlikdə minlərlə insan toplaşmışdı. Aparıcı ilk sırada yarışa çıxacaq atların adını elan etdi. “Qarabağ gözəli” də onların arasında idi. Atı həmin erməni – Armen Papazyan sürəcəkdi. İşarə verilən kimi At ildırım sürəti ilə irəli atıldı. “Qarabağ gözəli” rəqiblərini bir-bir arxada qoyaraq irəli keçəndə Armen sevindiyindən öz dilində bağırdı. Beyni gicəlləndirən hay-küy içində Atın qulağı belində daşıdığı adamın yad dildə dediyi sözləri aldı, sürəti yavaşıdı. Atın gözləri artıq ayaqları altındakı torpağın yadlığını hiss edirdi. Özündən ixtiyarsız başını qaldırdı və gözləri qarşıda açılan nəhəng düzəngaha, onun sonunda görünən dağlara sataşdı. Elə bildi ki, qarşısındakı Cıdır düzüdür, bütün qüvvəsi ilə irəli atıldı.

 

Finişə çatmağa bir neçə addım qalmış Armen öz dilində “Qələbə!” deyə bağırdı. Bu bağırtı Atı diksindirdi. O, iki ayaqları üstə şahə qalxaraq dəli bir kişnərti çəkdi. Armen qamçı ilə atı sakitləşdirməyə çalışdı, lakin o, yenə ayaqlarını qaldırdı, bir də şahə qalxdı və qəzəblə ayaqlarını yerə çırpanda sanki torpaq titrədi. At üçüncü dəfə şahə qalxaraq dəli bir kişnərti ilə ermənini belindən atdı və finiş xəttini təkbaşına keçərək öz cıdırına sarı üz tutdu.

 

Arxadan fit çalır, onu qovurdular, lakin heç kölgəsinə də çata bilmirdilər. Qarabağ atını həsrət çulğamışdı, baş götürüb onu böyüdən, yetişdirən yurduna doğru qaçırdı. Lakin nə qədər qaçırdısa, doğma torpağın qoxusu dəymirdi burnuna. Bu yerlər nə qədər gözəl olsa da, nə qədər Qarabağ çöllərini xatırlatsa da, yad idi, yadların idi. O isə öz yurdunu, öz torpağını axtarırdı, ona görə də dəli kimi ürəyi atlana-atlana qaçır, qaçır, qaçırdı... Nəhayət, ürəyi dözmədi, ağzı köpükləndi. Atın dizləri büküldü, yerə gəldi. Bir neçə dəfə qüvvəsini toplayıb qalxdı, hətta iki-üç addım irəli getdi də. Amma artıq yaşıllıq qurtarmışdı, qarşıda gözqamaşdırıcı işıqlara bürünmüş yad bir şəhər görünürdü. Atın gözləri qaraldı, dizləri yerə toxundu, yorulmuş, üzülmüş vücudunu daşımağa taqəti çatmadı, torpağa sərildi.

 

Get-gedə altındakı torpağın soyuğu canına işləyirdi. Gözləri səmaya baxırdı. Bu səmanın altında, haradasa onun öz torpağı, öz otu, öz suyu, yurdu vardı. Bəli, vardı, elə bunu hiss etmək də gözəl idi. Bayaqdan onu izləyən helikopter yaxınlıqda yerə endi. Oradan düşən adamlar yaxınlaşanda At artıq can verirdi...

 

Papazyan atın ölümünü seyr edə-edə cib telefonunu çıxardı, oğluna zəng etdi. Oğlu Ermənistan ordusunun tərkibində idi və Qarabağ üçün vuruşurdu. Qarabağ atını da atası üçün o alıb göndərmişdi. Armen oğlunun səsini eşidən kimi dedi:

– Təcili bilet al, İsveçrəyə gəl, oğlum. Vuruşmağın mənası yoxdur, Qarabağ heç vaxt bizim olmayacaq. Özgə torpaqdan vətən olmaz.