Nağıllar, hekayələr

İlk dərs (rəvayət)

Qədimdə müəllimlər şagirdlərə nəyi isə başa salmaq üçün bəzən çox sərt üsullardan istifadə edirdilər. İndi nəql edəcəyimiz rəvayətdə də bir müdrik müəllimin cavan oğlana verdiyi ilk dərs haqqında danışılır.


Bir varlı gənc müdrik qocanın yanına gəlib deyir:
- Müəllim, mən nə edim ki, Sizin kimi bilikli olum?
Alim gəncə baxıb soruşur:
- Sənin həyatda ən çox sevdiyin nədir?
- Var-dövlət, hökmranlıq, bir də dostlarla əylənmək.


Müdrik qoca başını aşağı salıb heç nə demir. Oğlan isə əl çəkmir:
- Müəllim, mən bilikli olmaq istəyirəm. Məni şagirdliyə götürün.
Qoca yenə də heç nə deməyib əli ilə “Çıx get” işarəsi verir. Lakin oğlan inadkarlıq göstərir:
- Nə qədər desəniz, pul verərəm. Mənə bilik verin. Söz verirəm ki, bütün dediklərinizə əməl edəcəyəm. Çalışqan olacağam.


Müəllim görür ki, cavan oğlan əl çəkməyəcək. Ayağa qalxıb ona işarə edir ki, arxasınca gəlsin. Onlar həyətdəki hovuzun yanına gəlirlər. Müəllim şagirdlərindən iki nəfər qoldan qüvvətlisini çağırır. Əmr edir ki, hər üçü hovuza girsin. Gənclər hovuza düşəndə müəllim şagirdlərinə əmr edir ki, cavan oğlanın başından tutub suya salsınlar. Şagirdlər əməl edirlər. Gənc suyun altında çırpınmağa başlayır. Bu vəziyyət xeyli davam edir. Nəhayət, oğlan taqətdən düşür. Boğulmaq məqamına çatanda müəllim şagirdlərə işarə verir ki, onu buraxsınlar. Oğlan başını sudan çıxarıb dərindən nəfəs almağa başlayır. Qoca soruşur:
- Suyun altında niyə çırpınırdın? Nə istəyirdin? - Hava... Hava istəyirdim... - deyə oğlan təngnəfəs cavab verir. - Bəs var-dövlət, hökmranlıq? - Yox... Heç ağlıma da gəlmirdi... - Bəs dostlarla əylənmək? - Yox... Yalnız hava... Qoca gülümsünüb deyir:
- Yadında saxla, oğlum, doğrudan da, bilikli olmaq üçün sən biliyi də bax belə istəməlisən.Suyun altında havanı istədiyin kimi. Çünki biliksiz heç nəyə nail ola bilməzsən.