Nağıllar, hekayələr

"Dəvəsi itən kəs". Qasım bəy Zakir

Günlərin bir günü qoca bir kişinin dəvəsi itir. O, kədərli, qəmli gəzməkdənsə, günlərini şad və sevincli keçirirdi. Dəvəsinin itməsinə baxmayaraq, onun xoşbəxtliyi hər kəsi təəccübləndirirdi. Özünü ağıllı hesab edən bir adam dəvəsi itmiş kişi ilə rastlaşır. Ondan itmiş dəvə üçün kədərlənmək əvəzinə,  nəyə görə fərəhli olduğunu soruşur və onu bu hərəkətinə görə cahil adlandırır.


Kişi bu sözün qarşılığında deyir: - “Mən nə dəliyəm, nə də arsız, sadəcə olaraq, Allaha ümidim var. Əgər dəvəmi tapsam, çox xoşbəxt olaram. Amma dəvəm tapılmasa, bu mənim üçün ən böyük faciədir.


Kişini dinlədikdən sonra özünü ağıllı hesab edən adam:  “Sənin nə qədər sərsəri, lazımsız adam olduğunu başa düşdüm”, – deyib ondan uzaqlaşmaq istəyəndə dəvəsi itmiş kişi ona deyir:


– Ağıllı insanın ürəyinə şeytan yol tapmamalıdır. Qəmi olan nə özünü pərişan edib, düşməni şad etməli, nə də sevincli olub başqalarının rişxənd dolu sözlərini eşitməlidir. Bütün gün çöldə, dərə-təpədə itirdiyi mülkü axtarmaq quldurların işidir. Evdə oturub malını itirdiyinə görə ağlamaqsa, qadınlara məxsus bir xüsusiyyətdir.


Bir az danışdıqdan sonra dəvəsi itmiş şəxs özünü ağıllı hesab edən şəxsə yenidən üzünü tutaraq deyir: “Məgər şairlərimizin daha əvvəldən bu məzmunda yazdıqları şeiri oxumamısanmı?  Dünyanın əzab-əziyyətindən, rahatlığından nə qəmginləşmək, nə də şad olmaq lazımdır. Çünki bu, dünyanın adətidir: bir günün xoş, bir günün isə naxoş keçər”.

 

Qasım bəy Zakir