Nağıllar, hekayələr

Balaca aşpaz

Təranənin atası Səlim dayı dəniz buruqlarında mühəndis, anası Səkinə xala isə uşaq həkimi idi. Təranə altıncı, qardaşı Hafiz isə üçüncü sinifdə oxuyurdu. İkisi də dərsə səhər gedirdi. Uşaqlar məktəbdən qayıtdıqdan sonra evə verilən tapşırıqları yerinə yetirib, analarına kömək edirdilər.

 

Təranə otağı qaydaya salmağı, döşəməni yumağı, paltar ütüləməyi, paltarın düyməsini, sökülən yerini tikməyi də bacarırdı. O, həmişə bacarmadığı işləri anasından öyrənməyə can atırdı. Ancaq xörək bişirmək Təranəni hər şeydən çox maraqlandırırdı. Ona görə də anası xörək bişirəndə Təranə yanında durub, gözünü onun əlindən çəkmirdi.
Bir dəfə Təranə anasına dedi:
- Anacan, qoy bu gün xörəyi mən hazırlayım yaxşımı?
- Yox qızım, atanın işdən qayıtmasına az qalıb. Gərək xörəyi tez hazırlayım. Bir də ki, bu gün qonağımız olacaq, layiqli xörək hazırlamaq lazımdır. Yaxşı olar ki, sən hələlik bax, gör mən xörəkləri necə bişirirəm.


Günlər keçdikcə Təranənin xörək bişirməyə həvəsi daha da artırdı. Bir gün Səkinə xala xəstə uşağın yanında ləngiməli oldu. O, evə zəng edib gec qayıdacağını Təranəyə xəbər verdi.
Bu vaxt saat beş idi. Təranə dərslərini hazırlayıb təzəcə ayağa durmuşdu. O, dibçəklərdəki güllərə su verdi, evi səliqəyə saldı və bütün işləri görə-görə axşama xörək hazırlamaq haqqında fikirləşdi. Axı bir azdan onun atası işdən qayıdacaqdı. Hələ də heç bir şey hazır deyildi. Təranə mətbəxə girdi. Əvvəlcə qazanı pilətənin üstünə qoyub içinə xeyli su tökdü, əti doğradı. Bir ayrı qabda noxud bişirib qazanda qaynatdığı ətə qarışdırdı. Soğan doğrayanda gözlərindən yaş axmağa başladı. O, dəsmalla gözlərini dönə-dönə sildisə də, yaş dayanmadı. Elə bu vaxt Hafiz yan otaqdan çıxıb onun yanına gəldi.
- Boy, sənə nə oldu, niyə ağlayırsan?
- Ağlamıram ey, soğan gözlərimi acışdırdı. Sən narahat olma, get dərslərini hazırla...


Hafiz dinməzcə mətbəxdən çıxdı. Təranə isə öz işı ilə məşğul oldu.
Xörəyin hazır olmasına az qalanda onun yadına düşdü ki, xörəyə bibər atmayıb.
Axı anası bibərli xörəyi çox sevirdi. O, kasadakı göy bibərlərdən dörd-beşini doğrayıb xörəyə tökdü. Sonra isə stolu hazırlamağa başladı.
Qapının zəngi çalındı. Təranə tez qaçıb qapını açdı. Gələn atası idi. O, qızının halını soruşdu. Paltarlarını dəyişdi. Yemək otağına keçəndə Təranə dedi:
- Ata, anam zəng etmişdi, bu gün evə bir az gec qayıdacaq. Çay hazırdır, gətirimmi? Atacan, xörəyimiz də var.
- Bala, nəyin var, gətir, düzü, bərk acmışam.


Təranə dərhal nimçəyə xörək töküb atasının qabağına qoydu. Qızının qulluğundan xoşallanan Səlim gülümsəyirdi. Təranənin isə gözləri atasının üzünə dikilib qalmışdı. Elə bil ki, az bilən şagird tələbkar müəllimə imtahan verirdi. O öz-özünə: “Görəsən, xörək atamın xoşuna gələcəkmi?” - deyirdi.
Səlim xörəkdən bircə qaşıq ağzına alan kimi üz-gözünü turşutdu. Düşündü ki, yəqin, arvad tələsib, yoxsa bu qədər bibər tökməzdi. O, Təranənin xörək bişirməsini isə heç ağlına belə gətirmirdi. Səlim xörəkdən bir neçə qaşıq da yedi. Lakin dili, ağzı od tutub odlandığı üçün kənara çəkildi. Təranə atasının gözlərindən yaş axdığını görcək təəccübləndi. Onu fikir götürdü: “Atamın gözü niyə yaşardı? Yəqin, xörək duzludur”. O, utandığından yan otağa keçdi. Lakin atası onu çağırdı:
- Qızım, içməli su gətir. Uşaqlar həyətdə qartopu oynayırdılar.


Atası xörəyin çoxunu yeməmişdi. Bu, balaca aşpazı yamanca narahat etdi. “Görünür, xörək atamın xoşuna gəlməyib”. O, xörəyi mətbəxə apararkən bir qaşıq ağzına aldı. “A... bu ki lap zəhərdir!..” Təranə səhvini yalnız indi başa düşdü. O, utandığından bir müddət atasının gözünə görünə bilmədi.
Aradan bir xeyli keçmişdi ki, Təranənin anası gəldi. Qız qapıda anasının boynunu qucaqlayıb onu mətbəxə apardı. Orada bütün əhvalatı anasına danışdı. Sonra da xahiş etdi ki, bu barədə atasına heç bir söz deməsin. Anası qızının bərk xəcalət çəkdiyini görüb onu bağrına basdı və dedi:
- Mənim balaca aşpazım, niyə bu qədər narahat olursan?! Hər iş başlanğıcda çətin olur. Fikir etmə, yavaş-yavaş öyrənərsən. Atana da bu haqda heç bir söz demərəm.