Nağıllar, hekayələr

Əyyub Türkay. Ərköyün oğlan

Varlı ailədə Ceyhun adında balaca bir oğlan var idi. O ata-anasının tək övladı olduğu üçün valideynləri onu çox sevir, istədiyi hər şeyi etməyə çalışırdılar. Bu səbəbdən Ceyhun çox ərköyün övlad kimi böyüyürdü. Günün hər saatında onun qulluğunda dayanan dayələri və ev xidmətçiləri ilə kobud rəftar edir, onları lazımsız yerə incidirdi. Ceyhunun xoşagəlməz hərəkətləri valideynlərini çox məyus edirdi. Ona verilən nəsihətləri də qulaqardına vururdu.


Bir gün Ceyhun dayələrinin nəzarəti altında meşə kənarında gəzintiyə çıxmışdı. O, evdə olduğu kimi çöldə də özünü dinc aparmırdı. Tez-tez yerdən tapdığı daşları ağaclarda oturan quşlara atır, ətrafda olan gül-çiçəkləri dərib yerə tullayırdı. Dayələri ona heç nə deyə bilmirdi. Çünki Ceyhun onlara qəzəblə cavab verir, istədiyi kimi hərəkət edə biləcəyini deyirdi. Ceyhun birdən dayələrinin yanından ayrılıb meşənin dərinliyinə doğru qaçdı. Orta yaşlı dayələr nə qədər qaçsalar da sürətlə qaçan Ceyhuna çata bilmədilər. Arxasından Ceyhun, dayan, Ceyhun, dayan deyərək səslənmələri də heç bir fayda vermədi. Ceyhun sola-sağa burularaq sıx ağaclıqların arasında gizləndi.


Dayələrin həyəcan və qorxu ilə onu səsləməsindən zövq alırdı. Əlini ağzına tutub gülürdü. Ceyhun başını yuxarı qaldıranda ağacın budağı üstündə oturan qurbağanı gördü. Ağac qurbağası yerə atılıb Ceyhundan uzaqlaşmağa başladı. Ceyhun da onun
arxasınca gedərək onu izləyirdi. Ağac qurbağası nəhayət gəlib suyu qurumuş bir quyunun içinə atlandı. Ceyhun quyuya düşməkdən ehtiyat etdi. Qurbağa dil açıb ona ardınca gəlməsini söylədi. Onu maraqlı bir yerə aparacağını bildirdi. Ceyhun quyunun
içinə atlanan kimi qəribə bir mənzərə ilə qarşılaşdı. Çöldən içi susuz və qaranlıq görünən quyu sən demə sehrli imiş. Quyuya kim daxil olurdusa başqa bir aləmədüşürdü. Ceyhun burada ağac gövdələrindən tikilmiş, hər tərəfi yarpaqlarla örtülmüş böyük bir saray gördü. Qurbağa tullana-tullana sarayın içinə daxil oldu. Ceyhun da onun ardınca saraya keçdi. İçəridə yaraşıqlı taxt-tacda nəhəng bir qurbağa oturmuşdu.


Sağında-solunda onu qoruyan böyük qurbağalar var idi. Şah Qurbağa Ceyhunu görcək qəzəblə ayağa qalxdı. Onun domba gözləri bir az da irəli çıxmışdı. Ceyhun qəribə bir mühitə düşdüyü üçün həm qorxu keçirirdi, həm də dayələrinin sözünə qulaq asmadığı
üçün peşman olmuşdu. Şah Qurbağa uşağın əynindəki geyimləri çıxarıb ona yaşıl yarpaqlardan qurbağa dərisinə oxşar paltar geyindirməyi əmr etdi. Belə də oldu, ərköyün oğlana qurbağa geyimi geyindirib onunla qurbağa kimi davranmağa başladılar.


Ceyhun nə qədər səs-küy salıb evini, ailəsini istəsə də qurbağalar ona əhəmiyyət vermir, hamı öz işi ilə məşğul olurdu. Beləliklə Ceyhun da bütün qurbağalar kimi işləyir, kanallardan xırda balıqları, çəmənlikdə həşəratları ovlayıb saraya gətirməyə kömək edirdi.
Dayələr ərköyün oğlanı çox axtardılar. Lakin uşağı nə görə bildilər, nə də ondan bir xəbər ala bildilər. Qorxu və həyəcan içində sahiblərinə nə deyəcəklərini düşünürdülər.


Onlar həyətə daxil olanda Ceyhunun atası və anası bağçada güllərə tamaşa edib çay içirdilər. Nisbətən yaşlı olan dayə baş verən hadisəni onlara danışdı. Ceyhunun valideyinləri böyük sarsıntı keçirsələr də, uşaqlarının ərköyün və dinləməz olduğunu
bildiklərindən dayələri cəzalandırmadılar. Onlar hər yerə xəbər saldılar ki, uşağı tapana çoxlu pul və qızıl verəcəklər.


Aylar bir-birini əvəz edirdi. Lakin kimsə uşaqdan şad xəbər gətirmirdi.Ceyhun qurbağalar kimi qidalana bilmədiyindən ağaclardan yığdığı meyvələri yeyir, bəzən isə günlərlə ac qalırdı. Evlərində yediyi yağlı, şirin kökələr üçün çox darıxmışdı,oyuncaqlarını isə yalnız yuxusunda görə bilirdi. Düşdüyü bu mühitdə Ceyhun ilk gündən özünü yaxşı aparır, qorxusundan Şah Qurbağanı qəzəbləndirmirdi. Şah Qurbağa hərgün işdən sonra, qurbağaların yatan vaxtı Ceyhundan bura gəldiyi günə qədər öz evində necə yaşadığı, hansı işləri gördüyü, özünü necə apardığı barədə suallar edirdi.


Ceyhun da valideynlərinə və dayələrinə, eləcə də balaca dostlarına qarşı etdiyi xoşagəlməz rəftarı barədə peşmanlıqla danışırdı. Ceyhunun qurbağalarla birlikdə keçirdiyi müddətin artıq yeddi ayı tamam olurdu. Bu vaxt ərzində Ceyhun əməyə alışmışdı, kimsəyə artıq söz demirdi, hər kəs ilə mehriban davranırdı. Saraydakı qurbağalar hamısı onu çox istəyirdi. Onun günlərinin xoş keçməsi üçün əllərindən gələni edir, hər gün su hövzələrinə aparır, heç vaxt görmədiyi müxtəlif su canlıları ilə tanış edirdilər. Bir gün qurbağaların şahı Ceyhunu yanına çağırıb dedi:
-Yeddi aydır ki burada bizimlə yaşayırsan. Bu müddət ərzində özünü yaxşı göstərə bildin. Nə mənim, nə də ki, burda yaşayan qurbağaların səndən şikayəti yoxdur.

 Xatırlayırsansa, bura təzə gəldiyin zamanlarda dilin acı idi. Hamı ilə kobud rəftar edirdin. Burada yaşayan biz mehriban qurbağalar sənə xoş rəftarı, hər kəsə qarşı nəzakətli olmağı öyrətdik. Bütün bu yaxşı əməllərinin mükafatı olaraq səni yenidən öz ailənin yanına göndərəcəyik. Ceyhun Şah Qurbağanın sözlərinə olduqca çox sevindi. Üzünü tutub saraydakı bütün qurbağalara dedi:
-Mən daha öz ailəm və dostlarımla heç vaxt kobud danışmayacağam. Sizin mənə etdiyiniz yaxşılığı da heç vaxt unutmayacağam. Qurbağalar Ceyhunun əynindəki qurbağa geyimini çıxardılar, ona öz səliqəli geyimini geyindirdilər. Ceyhun saraydakı qurbağalar ilə sağollaşıb onu bura gətirən qurbağanın arxasınca addımlamağa başladı.


Sehrli aləmə düşdüyü quyudan çıxandan sonra ağac qurbağası Ceyhunla vidalaşdı və quyunun içinə enib yoxa çıxdı. Ceyhun meşədə qorxu ilə ətrafa baxanda bura gəzintiyə gələn uşaqları görüb çox sevindi. O, dostları ilə görüşüb onlarla birlikdə sevincək ailəsinin yanına getdi. Valideyinləri Ceyhunu görəndə çox sevindilər. Onun geri dönməsi münasibətilə şənlik təşkil etdilər. Ceyhun bütün başına gələnləri valideynlərinə, dostlarına və dayələrə danışdı. Bir vaxtlar hər kəsi incitdiyi üçün çox məyus olduğunu söylədi. Valideynləri Ceyhunun ərköyünlüyü buraxıb hər kəslə mehriban davrandığını görüb çox sevinirdilər. Ərköyün oğlanın başına gələnlər dostları üçün də ibrət dərsi oldu.


İnsanın ailəsinə və yaxınlarına qarşı xoş davranmalı olduğunu həmişəlik yaddaşlarında saxladılar.