Nağıllar, hekayələr

Çin Nağılı. Oxuyan piyalə

Keçmiş zamanlarda Xuan-e adlı bir qız vardı. Onun ailəsi çox kasıb idi. Öz bir parça yerlərindən o qədər az taxıl yığırdılar ki, qışa güclə onlara çatırdı. Baharda isə onlar acından ölməmək üçün qızları Xuan-eni pencər, yeməli bitki kökləri yığmaq üçün çəmənliyə və ya dağa göndərirdilər.


Bir dəfə Xuan-e bitki kökləri yığa-yığa gəlib çağın qırağına çatdı. Birdən qulağına tütək səsi gəldi. Tütəyin elə həzin səsi var idi ki, qız ona qulaq asaraq nə üçün bura gəldiyini unutdu. O, kolluğun qalın budaqlarını aralayıb gördü ki, çay qırağında daş üstə kasıb geyimli bir oğlan üzü çaya tərəf oturub, ətrafında da mal-qara otlayır. Balaca gümüş tütəyi də çalan odur.

Oğlan tütəyi ağzından götürənədək Xuan-e ovsunlanmış kimi dayanıb ona qulaq asırdı. Mahnı qurtarandan sonra qız həyəcanla düşündü ki, evlərinə qayıtmaq vaxtıdır, ancaq zənbilin yarısı boşdur, qız budaqları buraxdı və səssizcə uzaqlaşdı.


Səhərisi gün elə bil Xuan-enin cəld ayaqları özü onu çayın qırağına gətirib çıxartdı. Çoban yenə də həminki daşın üstündə oturub tütək çalırdı. Qız yenə də dayanıb ona o qədər qulaq asdı ki, əlindən səbətin nə vaxt yerə düşməyindən xəbəri olmadı. Səbət yerə düşəndə budaqlara dəyib səs saldı. İnəklərin hamısı öz buynuzlu başlarını çevirib Xuan-eyə baxdılar. Onların dalınca da çoban o tərəfə baxdı. O, ömründə bu cür gözəl qız görməmişdi. Oğlan ayağa qalxdı.


Xuan-e utandığından qaçmağa üz qoydu. Ancaq qız da görə bildi ki, çoban ucaboy və qədd-qamətlidir, sifəti isə çaldığı mahnılar qədər qəşəngdir.
Deyingən qarılar deyərdilər ki, (bunu onlar sonralar da dedilər) Xuan-e gərək o gündən bir də o çayın ətrafına dolanmaya idi. Lakin Xuan-e cavan idi. O, yenə də çayın qırağına getdi. Çoban da cavan idi. Bu yaşda cavanların başına gələnlər bunların da başına gəldi. Qız ilə oğlan bir-birini sevdilər. Hər gün günbatana yaxın Xuan-e ilə çoban görüşürdülər. Oğlan səbəti ağzınacan doldurmaqda qıza kömək edirdi. Sonra- lar onlar çayın qırağında oturub, günün dağların dalına çəkilməsinə, onun son şüalarının suyu qızıl rənginə boyamasına, çayın o tayındakı ağacların get-gedə necə qaralmasına tamaşa edirdilər. Oğlan Xuan-e üçün gümüş tütəkdə çox hava çaldı, hamısı qızın xoşuna gəldi, ancaq ən çox qızın xoşuna gələn birinci dəfə eşitdiyi mahnı idi. Çoban həmişə ən axırda bu havanı çalırdı. Belə bir məsəl var ki, əgər bir nəfər bir əhvalatı on nəfərə danışsa, onu yüzü biləcək. Bu dəfə də belə oldu. Xuan-e ilə çobanı, qızın qonşularından bir arvad gördü. Çox keçmədən bütün kənd onların görüşü haqqında danışmağa başladı. Qızın ata-anası da bu əhvalatı eşitdi.


Atasının qıza bərk acığı tutdu. Onu evə salıb heç yerə buraxmadılar. Ancaq Xuan-enin bədbəxtliyi bununla qurtarmadı.
Qonşu kənddə dövlətli dul bir kişi vardı. – Özünün qoca və kaftar olmağına baxmayaraq çoxdan idi ki, gözəl-göyçək bir qız almaq istəyirdi. O, Xuan-enin gözəlliyinin tərifini eşidib, onun üçün hədiyyələrlə birlikdə elçi göndərdi.


Nahaq yerə Xuan-e atasına yalvarırdı ki, hədiyyələri geri qaytarsın, atası ona heç qulaq da asmaq istəmirdi. Xuan-e anasına yalvardı ki, onun tərəfini saxlasın. Anası gizlincə qızı ilə gözünün yaşını tökürdü, ancaq ərinin sözünün qabağında bir söz deyə bilmirdi. Hədiyyələr qəbul olundu, toyun vaxtı da gələn ayın əvvəlinə təyin olundu.
Çoban əvvəlki kimi öz sürüsünü çay qırağına sürüb gətirirdi. Ancaq indi onun tütəyi susurdu, çünki Xuan-e yanında deyildi. Bir dəfə o çay qırağına gəlmədi; inəkləri, uzun saqqallı qoca otarmalı oldu. Oğlan eşitdi ki, Xuan-eni dövlətli dul bir kişiyə ərə verirlər, dərdindən naxoşladı. O özünün yarı uçuq daxmasında uzanıb gündən-günə zəifləyirdi.
Çobanın bir dostu vardı, mahir bir metaltökən idi. O, şəhərdə qızıl və gümüş şeylər satan zərgərin dükanında işləyirdi, onun anası kənddə qalmışdı, hərdənbir kəndə anasına baş çəkməyə gələrdi. Bu dəfə də anasından cavan çobanın xəstələnməsini eşidib onun yanına getdi.


Çoban, dostunu görüb yerinin içində dirsəkləndi və dedi:
– Sən lap vaxtında gəlmisən. Mənə qulaq as. Mənim, babamdan qalan bu gümüş tütəkdən başqa heç nəyim yoxdur. Mən bunu Xuan-eyə bağışlamaq istəyirəm. Ancaq qızın ata-anası ona icazə verməzlər ki, məndən hədiyyə alsın. Sən yaxşı ustasan, bu gümüş tütəyi ərit, onun gümüşündən bir piyalə qayır və toy günü o piyaləni qəşəng Xuan-eyə bağışla!
Oğlan bunu deyib başını balışa qoydu və öldü!
Dostu onun son xahişini yerinə yetirdi – tütəyi əridib gözəl bir piyalə qayırdı.
Xuan-enin toy günü gəlib çatdı. Hər iki kəndin camaatı dövlətli dul kişinin evinə yığışmağa başladı. Metaltökən də gəldi. O, piyaləni toy büsatı üçün hazırlanan qabların yanına qoydu. Çox keçmədən qonaqları süfrəyə dəvət etdilər. Böyük çayniklərdən şərab tökməyə başladılar...


Evdə hamının keyfi kök idi. Təkcə Xuan-e qonaqlar yeyib içdikləri vaxt adətə görə ayrıca otaqda oturmuşdu. O bir də üzünü görməyəcək öz sevgilisini yada salıb acı-acı ağlayırdı. Birdən qonaq otağından gələn şən səslər kəsildi, və tütəyin təmiz, aydın səsi eşidildi. Bu səs Xuan-enin ən çox sevdiyi mahnı idi. Qız yerindən dik atıldı, bəlkə ona yalandan xəbər vermişlər ki, çoban ölüb. Heç bircə dəqiqə də fikirləşmədən səs gələn tərəfə qaçdı. Qonaqların yığışdığı otağın qapısını azca aralayıb gördü ki, çoban onların içində yoxdur. Mahnını çaxırla doldurulmuş gümüş piyalə oxuyurdu. Qonaqlar heyrətdən gözləri bərəlmiş halda dinməzcə oturmuşdular, piyalə isə mahnını axıra qədər çalıb susdu. Sonra nə qədər ona çaxır tökdülərsə, bir də çalmadı.


Bədbəxt Xuan-e uzun illər ömür sürdü. Onun ürəyi bərk sıxılanda, piyaləni götürüb dodaqlarına yaxınlaşdırırdı. Piyalə astadan onun sevdiyi tanış mahnını oxuyurdu.
Xuan-e öləndə bu piyaləni özü kimi qəşəng olan qızına bağışladı. Piyalə, qızın əlində o vaxtacan susdu ki, qız birini sevdi. O vaxtdan bəri həmin nəsildə gümüş piyalə anadan qıza yadigar verilir. Piyalənin gözəl mahnısını, ancaq o vaxt eşitmək olur ki, onu əlinə götürən qız, saf və təmiz məhəbbətlə oğlanı sevmiş olsun.