Nağıllar, hekayələr

Bəhlul Danəndə

Şifahi xalq ədəbiyyatımızda özünəməxsus yeri olan aqil, hazırcavab və məşhur lətifə qəhrəmanları çox olub. Orta əsrlərin sevilə-sevilə yad edilən belə simalarından biri də Bəhluldur. Bu ad Şərq ölkələrində, xüsusilə Azərbaycanda Bəhlul "danəndə" (bilikli) və yaxud "divanə" (dəli) kimi tanınıb. Mənbələrdə o da göstərilir ki, Bəhlul həm də tarixi şəxsiyyət olub…

 

Bəhlul adı mənbələrdə həm də Bühlul şəklində qeyd edilir. Ərəb dilindən tərcüməsi "çox gülən adam" mənasını verir. Onun VIII əsrdə İraqda yaşadığı bildirilir. Abbasi xəlifəsi Harun ər-Rəşidin müasiri olub. Bəzi kitablarda o, Harun ər-Rəşidin qardaşı və ya əmisi oğlu kimi də təqdim edilir. Lakin görkəmli din xadimləri və ilahiyyatçı alimlər bu fərziyyəni qəbul etmirlər.


Bəhlul Danəndənin təvəllüd tarixi məlum deyil. Ancaq mənbələrdə göstərilir ki, Kufə şəhərində dünyaya gəlib. Ortabab bir ailədə boya-başa çatıb. Erkən çağlardan camaat arasında qeyri-adi düşüncəsi və istedadı ilə tanınıb. Yaraşıqlı bir gənc kimi diqqət çəkib. Məhz bu fərdi keyfiyyətlər onu Kufə şəhərindən Bağdada gətirib. Burada mədrəsədə təhsilini davam etdirib. İmam Cəfəri-Sadiq və İmam Museyi-Kazımdan dərs alıb. Yoxsul və köməksizlərin tərəfini saxlayıb, hüquqlarının müdafiəsinə qalxıb. Beləliklə, şəhər camaatının hörmət və ehtiramını qazanıb. Elə bu şəhərdə də 806-cı ildə dünyasını dəyişib.


Bəhlul zəmanəsinin böyük alimi olub. Belə yazırlar ki, bir gün Abbasi xəlifəsi Harun ər-Rəşid onu Bağdad şəhərinin baş qazısı təyin edir. Amma o, təklifi qəbul etmir. Fikirləşir ki, təklifi qəbul etsəm gərək hökumətin dediyi ilə hərəkət edəm… Harun ər-Rəşid Bəhlulun onun təklifini qəbul etməməsindən əsəbiləşir. Bunu hiss edən Bəhlul dərhal fikrinə əlavə edir: Mən özümü bu vəzifəyə layiq görmürəm!


Harun ər-Rəşid Bəhlulun sözləri ilə razılaşmır. Əmrinə tabe olmadığı üçün onu ölümlə təhdid edir. O, vəziyyətin ciddi olduğunu görür və fikirləşmək üçün xəlifədən bir gün möhlət istəyir. Xəlifənin hüzurundan mürəxxəs olan kimi İmam Museyi-Kazıma xəbər göndərir. Ondan kömək istəyir. O, Bəhlula məsləhət görür ki, özünü dəliliyə vur. Çünki başqa çarən qalmayıb. Ertəsi gün xəlifəyə xəbər verilir ki, Bəhlul Bağdad bazarında qarğı at minib o başa-bu başa qaçır. Dəlilər kimi, öz-özünə danışır. Harun ər-Rəşid Bəhlulun bu hərəkətinin səbəbini başa düşür. Ancaq açıb-ağartmır…


Beləliklə, Bəhlul yaxasını Harun ər-Rəşidin əlindən qurtarır. Həm də xalq arasında haqq sözünü qorxusuz söyləmək imkanı qazanır. Amma o, bundan sonra camaat arasında həm də dəli kimi qəbul edilir…


Bir çox araşdırmaçılar tərəfindən Bəhlulun xeyli hikmətli kəlamları və dövrünün görkəmli alimləri ilə elmi mübahisələri toplanıb. Amma bütün bunlarla bərabər, onu daha çox dünyayatanıdan və məşhur edən ibrətamiz lətifələri olub.


Azərbaycan şifahi xalq ədəbiyyatında Bəhlul Danəndə ilə bağlı çoxlu lətifələr var.