Nağıllar, hekayələr

Şəbnəm Hümbətova. Sənin kimi olacağam...

– Atam gəldi. Uraa!!!

– Gəl görüm qucağıma. Ay səni, dəcəl, günü-gündən böyüyürsən. Belə getsə, səni qucağıma ala bilməyəcəyəm.

– Bəli, mən böyük kişiyəm artıq. Bu gün müəllim inşamı təriflədi.

– Nə gözəl! Afərin sənə! Sükanı belə saxla!

– Baş üstə, amma sən də velosiped alacağına söz vermişdin ha.

– Söz vermişəmsə, alacağam. Qoy gedim, əllərimi yuyum. Gələrəm, söhbət edərik.

Bir azdan ata-oğul söhbəti şam süfrəsi arxasında davam etdirdilər.

– Hə, de görüm, günün necə keçdi? – deyə ata soruşdu.

– Ata, bilirsən, bu gün Asiflə dalaşdıq. Birinci o başladı. Məni itələdi. Mən də yıxıldım, sonra durub onu vurdum.

– Yaxşı eləmisən. Qoyma səni vursunlar. Heç vaxt!

– Yaxşı eləmişəm? Amma müəllim dedi ki, düzgün hərəkət etməmişik. Dedi ki, “Allah insanlara şüur verib, dil verib. Aranızda nə varsa, danışaraq həll edin. Dalaşaraq nəyisə həll etmək insan olmayan varlıqlara aiddir”. Düz deyir, ata?

– Həə... Düz deyir.

Ata nədənsə qızardı. Tez söhbəti dəyişdi:

– De görək, yazdığın inşanın mövzusu nə idi?

– “Həyatda kimə oxşamaq istərdim?”

– Sən nə yazdın?

– Yazdım ki, mən atama oxşamaq istəyirəm.

– Afərin sənə.

– Hə, yazdım ki, atam kimi həkim olacağam. Çoxlu xəstələrim olacaq və mən də onları sağaldacağam. Atam kimi, mən də kasıblardan pul almayacağam. Onları pulsuz sağaldacağam. Ehtiyacı olanlara pulsuz dərmanlar verəcəyəm. Çünki mənim atam belə edir.

Atanın iştahı nədənsə kəsildi. Artıq oğlunun söhbətinə qulaq asmaq istəmirdi. Oğul isə dayanmaq bilmirdi:

– Müəllim inşanı oxudu və məndən sənin adını soruşdu. Mən də dedim. Sonra dedi ki, atana halal olsun, dünyada belə insanlar azdır.

Oğlu süfrədən durub atasını bərk-bərk qucaqladı: “Mən də böyüyəndə sənin kimi olacağam”, – dedi. Ata oğlunu qucaqlayıb başını sığalladı. Zorla gülümsədi.

Ata yeməyini bitirmədən durub ağır addımlarla iş otağına keçdi. Stulunda əyləşib fikrə daldı. Ürəyi sıxılırdı. Gözü oğlunun masanın üzərindəki şəklinə sataşdı və beynində "Mən də böyüyəndə sənin kimi olacağam" sözləri əks olundu.

– Allahım, mən nə edirəm?! – deyə öz-özünə pıçıldadı.

Telefon dəstəyini götürüb işlədiyi xəstəxanaya zəng vurdu.

– Alo, Nazilə xanım. Dünən gələn xəstəyə zəng vurun. Deyin, indi təcili xəstəxanaya gəlsin. Əməliyyat olunacaq. Otağı da hazırlayın. Mən gəlirəm.

– Axı demişdiniz, pulu gətirməsələr, əməliyyat olmayacaq. Onlar hələ pulu ödəməyiblər.

– Nə deyirəm, onu da edin. Çatdırın ki, pul lazım deyil. Təcili olaraq gətirsinlər.

– Burada da heç kim yoxdur. İş saatı bitib.

– Zəng eləyin, hamını yığın. Həkimlər üçün iş saatı bitmir. Artıq söz istəmirəm. Mən gələndə hər şey hazır olsun.

– Baş üstə.

Maşınına əyləşib xəstəxanaya tərəf sürdü. Yol boyunca dünən yanına gələn xəstənin qohumu ilə olan söhbəti xatırladı:

“– Təcili əməliyyat olunmalıdır. Pulu ödəyin, həkimlər xəstəni əməliyyata hazırlasınlar.

– Qurban olum. Mən bu qədər pulu bir günə necə tapım? Ağrıları çoxdur. Dözə bilmir. Bu gün əməliyyat eləsəniz, ömrüm boyu sizə minnətdar olardım. Bir həftəyə pulu gətirəcəyəm.

– Xanım, xəstəxananın öz qaydaları var. Bura mağaza deyil ki, nisyə dəftərimiz olsun. Əgər belədirsə, burada yazılan dərmanları verin, ağrısı azalacaq. Pulu ödəyən kimi də əməliyyat olunacaq”.

Bütün bu söhbətləri xatırladıqca utanırdı. Hələ indiyə qədər belə vicdan əzabı çəkməmişdi.