Nağıllar, hekayələr

M. Rzaquluzadə. Xan çinarın yarpağı

Xan çinarın başı göyün bir qatındadır, kökləri ana torpağın qoynunda.

Gün doğanda ilk işıltıları alnından öpər xan çinarın.

Al şəfəqdə işım-işım işıldar xan çinarın yarpaqları.

Quşlar yuva qurar, bala böyüdər xan çinarın qucağında.

Dan yelləri əsəndə, ilk cingiltilərə qarışar, səhər nəğməsi kimi səslənər xan çinarın yarpaqları.

Gün qızanda, qayadan fışqıran buz bulaq suları kimi şırıldar, ürəkləri sərinlədər yarpaqların xışıltısı.

Xan çinarın yarpaqlarına zərli naxışlar çəkər batan günəşin son işıqları.

Anaların laylasına qoşular, körpələrə şirin yuxu gətirər yarpaqların nəğməsi.

Nənələrin nağıllarına qarışar, nəvələrə zər qanadlı pərilərdən, büllur saraylardan, divbasan igidlərdən danışar yarpaqların xışıltısı.

Zəhmətdən, hünərdən, döyüşdən, zəfərdən dastanlar söylər xan çinarın hər yarpağı nəsillərdən-nəsillərə.

Neçə-neçə qarlı-boranlı qışlar görmüş, amma şux durmuş, əyilməmiş xan çinarın vüqarlı başı...

Əyilməz də!..

Payızlarda yarpaqları saralıb tökülmüş, qışlarda azğın boranlara sinə gərmiş şax budaqları; yazlarda yenə yarpaqlanmış-budaqlanmış, daha da ucalmış dik başı xan çinarın...

 

 

Payızdır yenə...

Yarpaqlar tökülür — qanadı qırıq quşlar kimi, havada axsaya-axsaya, büdrəyə-büdrəyə.

İliklərə işləyir dəli küləyin buz nəfəsi.

Göydə boz buludlar qalaq-qalaqdır, yerdə — solğun yarpaqlar...

Öz hökmü var hər fəslin!

Neyləsin xan çinar?

Çıl-çılpaqdır, çıl-çılpaq...

Ancaq aşağılarda, alt budaqlarda bozarmış, saralmış bir neçə yarpaq var...

Bir qız durmuş xan çinarın altında — beş-altı yaşlarında bir qızcığaz.

 

Xan çinarı daim şax budaqlı, budaqlarını daim şux yarpaqlı, yarpaqlarını daim yamyaşıl, işım-işım işıldayan görmüş qızcığaz öz yaşından bəri.

Bəs indi, bu nədir belə?

Yaranışın bu qəribə əyləncələrindən, doğum-ölüm oyunlarından qızcığazın nə xəbəri!..

Yerə səpilmiş yaralı yarpaqları incitməmək üçün ehmalca addımlayır qızcığaz — bir neçə yarpağı qalmış budağa sarı.

Saralıb bozarmış bir yarpağa baxır, qayğılı-qayğılı.

Tozdan belə saralıb-bozarmış bilir onu.

Uzadır xırdaca tombul əllərini.

Tozunu silmək istəyir, nəvazişlə. Qopub əlində qalır yarpaq.

Əlləri əsir, ürəyi uçunur qızcığazın, dolur gözləri.

Ağlamaq istəyir qızcığaz, hönkürə-hönkürə, hıçqıra-hıçqıra...

Bağrına basır yarpağı.

Qızcığazın körpə ürəyinin hərarətindən, ana südü kimi saf-təmiz məhəbbətindən sanki canlanır, dilə gəlir solğun yarpaq:

— Gözlərin dolmasın, bala can, dərd olmasın bu sənə!..

Mən bu qocaman xan çinarın bir yarpağıyam, bala can, yalnız bircə yarpağı.

Biz yarpaqlar gəldi-gedərik, bala can, xan çinar sağ olsun, var olsun!

Mən də bu solğun yarpaqlar kimi, ana torpağın qoynunda günəşin hərarətinə, yağışın rütubətinə qarışacağam, yenə xan çinara qovuşacağam...

Yenə bahar gələcək, güllü-çiçəkli bahar!..

Səhər-səhər gün işığında xan çinarın işım-işım işıldayan yamyaşıl yarpaqları içində məni də görəcəksən, bala can, görəcəksən!..

Dan yelləri əsəndə, xan çinarın xışıldayan səsində, göylərə ucalan torağayın səhər nəğməsində, ana torpağın ətirli nəfəsində mənim də səsimi eşidəcəksən, nəfəsimi duyacaqsan, bala can, eşidəcəksən, duyacaqsan!

Bahar gələcək, güllü-çiçəkli bahar!

Xan çinar var olsun, bala can, yerli-yataqlı, şax budaqlı xan çinar!..