Nağıllar, hekayələr

Cek London. Kiş haqqında hekayət

Bir zamanlar Buzlu okeanın sahilində Kiş adlı bir ovçu yaşayırdı. O, qəbilə başçısı idi, uzun illər firavan yaşamışdı, öləndən sonra da adı öz xalqı tərəfindən ehtiramla çəkilirdi. Kiş çox-çox əvvəllər ömür sürdüyündən onun adı yalnız qocaların yadında qalmışdı.

 

Uzun qış gecələrində adamlar Kiş haqqında hekayəti dinləməyə toplaşırdılar. Danışırdılar ki, Kişin atası cəsur ovçu olmuşdur.

 

Aclıq zamanı o, öz qəbiləsinin həyatını xilas etmək üçün nəhəng ağ ayı ilə təkbətək əlbəyaxa döyüşə girmiş və ölümə tuş gəlmişdi. Qorxunc heyvanın özü də ölmüş, amma ovçunun bütün sümüklərini sındırmışdı. Ayının əti çox idi və qəsəbənin sakinləri aclıq təhlükəsindən xilas oldu. Cəsur ovçunun yeganə oğlu Kiş atasının ölümündən sonra anası ilə bir damın altında tək qalmışdı. Lakin insanların yaddaşı zəif olur, hər şeyi tez unutduqları kimi, onun atasının igidliyini də unutdular. Kiş hələ balaca oğlan idi, hamı onları yaddan çıxaranda ana-bala yoxsullaşıb qəsəbənin ən miskin daxmasında yaşamağa məcbur oldular.

 

Lakin bir dəfə axşamüstü başçı Kloş-Kvanın geniş daxmasında məşvərət zamanı Kiş damarlarında kimin qanının axdığını göstərdi. O, yaşlı kişilərə xas olan ləyaqətlə ayağa qalxdı, səs-küylü mübahisənin bitməsini, sakitlik çökməsini gözləyərək sözə başladı:

 

- Mən sizə həqiqəti deyəcəyəm. Mənə və anama verilən ət payı həmişə köhnə, bərk və sür-sümüklü olur.

 

Ağsaqqal, hörmətli ovçular, dəliqanlı cavanlar heyrət içində donub qaldılar. Bu, inanılmaz bir hadisə idi! Uşağın böyüklər kimi danışması bir yana, hələ üstəlik, yaşlıların üzünə belə kəskin sözlər də deyir!

 

Kiş isə sakitcə və qətiyyətlə sözünə davam etdi:

 

- Bunu sizə ona görə deyirəm ki, mənim atam Bok mahir ovçu idi. Hamı bilir ki, Bok ovdan qayıdanda ən bacarıqlı ovçudan çox ət gətirirdi. O, əti öz əlləri ilə bölüşdürür, hətta əldən düşmüş qarılara, ən zəif qocalara belə ədalətli pay çatmasına göz qoyurdu.

 

- Bir buna baxın! - deyə kişilər qışqırdılar, - oğlanı buradan qovun! Qoy gedib yatsın! O, ağsaqqallarla belə danışmaq üçün hələ böyüməyib!

 

Lakin Kiş hay-küyün sakitləşməsini səbirlə gözlədi.

 

- Uq-Qluq, sənin arvadın var, onun yerinə sən danışırsan. Sənin isə, Massuq, anan da var, sən onların da əvəzinə danışırsan. Anamın məndən başqa heç kimi olmadığından onun əvəzinə mən danışıram. Odur ki, sizə deyirəm: Bok hünərli ovçu olduğu üçün həlak oldu. Deməli, qəbilədə ət olanda onun oğlu Kişə və arvadı Aykiqaya kifayət qədər pay çatması ədalətli olardı. Mən - Bokun oğlu Kiş sözümü dedim.

 

O, oturdu və hiddətli səs-küyü diqqətlə dinləməyə başladı.

 

Ertəsi gün o, buzun torpaqla qovuşduğu sahilə getdi. Görənlərin dediyinə görə, ova gedərkən o, yay və sümükdən itiuclu çoxlu ox götürmüş, atasının iri nizəsini çiynindən asmışdı. Bu da qəbilədəkilərin gülüşməsinə və məsxərəsinə səbəb olmuşdu. Doğrudan da, inanılmaz hadisə baş vermişdi. Bu vaxtadək balaca, südəmər oğlanların təkbaşına ova getdiyini heç kim görməmişdi. Adamlar başlarını yırğalayaraq deyirdilər ki, bu işin axırı yaxşı qurtarmayacaq! Qadınlar sərt üzündən qəm yağan Aykiqaya mərhəmətlə baxaraq:

 

- O, tezliklə qayıdacaq! - deyə ananı sakitləşdirməyə çalışırdılar.

 

Ovçular isə:

 

- Qoy getsin, bu, ona yaxşı dərs olar! - deyirdilər, - onun ovu çox çəkməz, amma bundan sonra sakitləşər və mülayim danışmağı öyrənər.

 

Lakin bir gün, iki gün, üç gün keçdi, şiddətli çovğun qopdu, Kiş isə görünmürdü. Aykiqa saçlarını yoldu, böyük matəm əlaməti olaraq üz-gözünə kül sürtdü.

 

Qadınlar kişiləri qınayırdılar ki, öz rəftarları ilə oğlanı ölümün qucağına atmışlar. Kişilərsə dinməzcə qulaq asır, çovğun qurtaran kimi onun cəsədini axtarmağa hazırlaşırdılar. Lakin Kiş sağ-salamat qəsəbəyə qayıtdı. O, əliboş dönməmişdi. Çiynində ət gətirirdi. Onun dedikləri təsirli idi, sözlərində qürur duyulurdu:

 

- Kişilər, itlərinizi və kirşələrinizi götürün, mənim izimlə gedin. Demək olar ki, bir gün yol getməli olacaqsınız. Orada - buzun üstündə xeyli ət - ana ayı və iki iri ayı balası sizi gözləyir.

 

Aykiqa sevincdən, az qala, ağlayacaqdı, amma Kiş onun ah-naləsini əsl kişi kimi kəsdi:

 

- Kifayətdir, ana, - dedi, - gedək yemək hazırla. Sonra isə mən yatacağam, çox yorulmuşam.

 

O, daxmaya girib doyunca yemək yedi. Bundan sonra düz iyirmi saat yatdı.

 

Onun sözləri əvvəlcə inamsız qarşılandı, çoxlu şübhə və mübahisələrə səbəb oldu. Ağ ayı ovu təhlükəli işdir, balalı ağ ayı ovuna gedən ovçu isə üç dəfə, ondan da qat-qat çox təhlükəyə m əruz qalır. Kişilər heç cür inana bilmirdilər ki, Kiş boyda bir oğlan öz əlləri ilə belə möcüzə yaradıb. Amma qadınlar təkidlə deyirdilər ki, o, doğrudan da, təzə ayı əti gətirib! Nəhayət, onlar hazırlaşıb yola çıxdılar. Yol boyu ovçular öz aralarında acıqla deyinirdilər ki, əgər oğlan hər şeyi dediyi kimi edibsə də, ayının dərisini soymaq ağlına gəlməyib. Şimalda isə heyvanı öldürən kimi dərisini mütləq soymalısan. Bunu eləməsən, cəmdək şaxtada elə donur ki, hətta ən iti bıçağın da dili ona toxunan kimi sınır. Lakin ovçular həmin yerə çatanda gördülər ki, Kiş ayının və balalarının cəmdəklərini ovçu qaydalarına əməl edərək soyub təmizləmiş, hər birini dörd parçaya bölmüşdür.

 

Növbəti səfərdə Kiş cavan bir ayı öldürdü. Bir ay sonra isə çox iri erkək və dişi ayı vurdu. O, adətən, ova üç-dörd günlüyə gedirdi, bəzən isə qarlı düzlərdə bir həftə itib-batırdı. Həmişə də ova gedəndə ona qoşulmaq arzusunda olanlara etiraz edir və adamlar buna təəccüblənirdilər. “Bəs bu qədər işin öhdəsindən o, necə gəlir?

- deyə bir-birindən soruşurdular, - axı o özüylə it də götürmür, itin gördüyü işi isə ov zamanı heç nə ilə əvəz etmək olmaz”.

 

- Sən niyə yalnız ayı ovlayırsan? - deyə Kloş-Kvan bir dəfə ondan soruşmağa cəsarət etdi.

 

Kiş ağıllı cavab verdi:

 

- Hamı bilir ki, ayının əti daha çox olur.

 

Hər halda, Kiş böyük uğurla ov etməkdə davam edirdi. Bəxti onun kimi gətirməyən və ya fərasətsiz ovçular dəfələrlə onun ovunu qəsəbəyə daşımışdılar.

 

Əti böləndə o, həmişə ədalətli olurdu. Atası kimi Kiş də ciddi nəzarət edirdi ki, əldən düşmüş qarılar və qocalar öz ədalətli paylarını alsınlar. Özünə isə yalnız zəruri olan qədər pay saxlayırdı. Bunu görən adamlar ona hörmətlə, bir az da qorxu hissi ilə yanaşmağa başladılar, bir çoxları deyirdi ki, qoca Kloş-Kvandan sonra Kişi başcı seçmək yaxşı olardı.

 

- Mən özümə yeni daxma tikmək istəyirəm, - deyə Kiş bir gün Kloş-Kvana və ovçulardan kiməsə bildirdi.

 

- İstəyirəm ki, anam Aykiqanın və mənim rahat yaşaya biləcəyimiz geniş daxmamız olsun.

 

- Niyə də olmasın, - deyə onlar təmkinlə razılıqlarını bildirdilər.

 

- Ancaq mənim bununla məşğul olmağa vaxtım yoxdur. Mənimki ovçuluqdur. O da bütün vaxtımı alır. Belə fikirləşirəm ki, qəsəbəmizin kişiləri və qadınları mənim üçün daxma tiksə, ədalətli olar, axı onlar mənim ovdan gətirdiyim ətlə dolanırlar...

 

Onun üçün geniş daxma tikdilər. Kiş anası ilə ora köçdü və firavan yaşamağa başladı.

 

Bununla belə, Kişin möcüzəli ovunun sirri hələ də hamını heyrətə gətirirdi, adamlar yalnız bu barədə danışırdılar. Axırda Uq-Qluq onu cadugərlikdə günahlandırdı. Bir axşam məşvərət zamanı uzun söz-söhbətdən sonra bu qərara gəlindi ki, belə uğurlu ov etməyinin sirrini öyrənmək üçün Kişin izi ilə güdükçü göndərsinlər. Kiş növbəti dəfə ova yollananda qəsəbənin iki gənc və ən bacarıqlı ovçusu Bim və Boun xəlvətcə onu izləməyə başladı.

 

Onlar beş gündən sonra geri qayıdanda böyük heyrət içində idilər və hiss olunurdu ki, gördükləri hər şeyi səbirsizliklə danışmağa can atırlar. Elə həmin andaca Kloş-Kvanın evində məşvərət keçirildi və Bim danışmağa başladı:

 

- Qardaşlar! Biz sizin tapşırdığınız kimi xəlvətcə Kişin izi ilə getdik. Birinci gün günorta o, böyük bir erkək ayıya rast gəldi. Bu, çox böyük ayı idi...

 

- Ondan böyüyü ola bilməzdi, - Boun onun sözünü kəsib, əhvalatın davamını danışmağa başladı, - amma ayı dalaşmaq istəmirdi. O, geri döndü və buzun üstü ilə sakitcə getdi. Kiş isə qorxu-hürkü bilmədən onun dalınca düşmüşdü. O qışqıraraq ayını söyür, əllərini yelləyir və çığırırdı. Axırda ayı hirsləndi, arxa pəncələri üstə dikəldi və nərildədi. Kiş düz onun üstünə gəlirdi.

 

- Hə, - Bim davam etdirdi, - Kiş düz ayının üstünə gəlirdi. Birdən ayı Kişin üstünə cumdu və bu zaman Kiş qaçmağa başladı, qaça-qaça da buzun üstünə yumru kürəcik atdı. Ayı dayanıb kürəciyi qoxuladı və uddu. Kiş isə hey qaçır və buzun üstünə kürəciklər atırdı. Ayı onun arxasınca gəlir və kürəcikləri udurdu.

 

Bu zaman hər tərəfdən inamsızlıq bildirən səslər eşidildi, Uq-Qluq isə hamıya bildirdi ki, belə nağıllara inanmaq olmaz.

 

- Biz bunu öz gözlərimizlə gördük, - Bim söylədi.

 

- Hə, öz gözlərimizlə, - Boun təsdiqlədi, - bu, həqiqətən də, belə olub, sonra isə ayı dikələrək bərkdən nərildədi və ön pəncələrini yellədərək qarnını döyəcləməyə başladı. Kiş hələ də buzun üstü ilə ondan qaçırdı. Ayı daha ona məhəl qoymurdu, onun bütün fikri-zikri özündə idi, çünki yumru kürəciklər onun içini didib parçalayırdı.

 

- Hə, kürəciklər onun içini didirdi, - deyə Bim onun sözünə qüvvət verdi, - çünki o, pəncələri ilə özünü döyür, bala ayı kimi buzun üstündə yumbalanır, hoppanırdı. Yalnız onun bağırtısından və nəriltisindən bilmək olardı ki, bu heç də oyun deyil, dəhşətli ağrıdır. Ömrümdə heç zaman belə şey görməmişdim.

 

- Hə, bizim gözlərimiz hələ heç vaxt buna bənzər bir şey görməmişdi, - deyə Boun davam etdi, - amma necə də nəhəng ayı idi!

 

- Bu ki cadugərlikdir! - Uq-Qluq dilləndi.

 

- Bilmirəm, - Boun dedi, - mən sizə gördüyümü danışıram. Bir az sonra ayı haldan düşdü. Axı o, çox böyük və ağır idi, var gücü ilə atılıb-düşürdü. O, sahilboyu sürünür, başını yavaş-yavaş o tərəf-bu tərəfə yelləyirdi. Hərdən oturur və yenidən zarıldayır, bağırırdı. Kiş onun ardınca, biz isə Kişin iziylə gedirdik.

 

Günün sonunda qadınlar xizəklə nəhəng ayı cəmdəyi gətirdilər, kişilərsə hələ də məşvərət edirdilər. Kiş ayağını daxmasına təzəcə basmışdı ki, adam göndərib ondan məşvərətə gəlməyi xahiş etdilər. O isə dedi ki, yorğun və acdır, daxması geniş və rahatdır, orada hamıya yer çatar. Hamıda elə böyük maraq vardı ki, başda Kloş- Kvan olmaqla bütün məşvərət üzvləri ayağa qalxıb Kişin daxmasına yollandı.

 

Kiş yemək üstündə olsa da, ayağa qalxıb onları hörmətlə qarşıladı, hər birinə oturmaq üçün yaşına uyğun yer göstərdi.

Kloş-Kvan Bimlə Bounun dediklərini təkrarladı və sözünün sonunda ciddi və təsirli şəkildə Kişə müraciət etdi:

- Kiş, sənin ayını necə ovladığını bizə deməyini gözləyirik. Boynuna al, sən cadudan istifadə edirsənmi?

Kiş ona baxaraq qımışdı:

 

Ey Kloş-Kvan! - o dilləndi, - balaca oğlan cadu barədə nə bilər?! Bu, onun işidirmi?! Mənim belə şeylərdən başım çıxmır. Mən ağ ayını çətinlik çəkmədən öldürməyin üsulunu tapmışam. Vəssalam. Mən bunu ağılla eləmişəm, cadu ilə yox.

- Bunu hər kəs bacararmı?

- Bəli.

Bundan sonra uzun bir sükut çökdü. Kişilər bir şey başa düşməyərək bir-birinə baxır, Kiş isə heç nə olmamış kimi yeməyini davam etdirirdi.

- Sən... sən... bu sirri bizə açarsanmı? - deyə Kloş-Kvan, axır ki, səsi kəsilə-kəsilə soruşmağa cürət etdi.

- Yaxşı! Mən bu sirri sənə açaram.

Kiş, nəhayət, beyin sümüyünü sümürməkdən əl çəkib ayağa qalxdı və dedi:

- Bu çox sadədir! Baxın!

O, balina bığının nazik zolağını götürüb hamıya göstərdi. Zolağın ucları itilənib iynə kimi yonulmuşdu. Kiş azacıq balina piyi götürdü.

 

- Baxın, - dedi, - balina piyini elə əzirsən ki, onda çökək alınsın, həmin çökəyə kip bürmələnmiş balina bığı qoyub üstünü piylə bərkidirsən. Sonra qoyursan şaxtada donur. Kiçik, buzlu kürəcik alınır. Ayı kürəciyi udduqdan sonra piy əriyir, balina bığı düz vəziyyət alıb onun qarnına sancılır, ayının halı pisləşir. O, tamamilə zəifləyəndə isə yaxınlaşıb nizə ilə öldürürsən. Hər şey çox sadədir!

 

Qədim zamanlarda Buzlu okeanın sahilində yaşayan Kiş haqqında hekayət belədir. Özünə cadu ilə yox, ağlı ilə ç ıxış yolu tapdığı üçün ən miskin daxmada yaşayan bu balaca oğlan qəbilə başçısı oldu.

 

Onun uzun ömrü boyu qəbiləsi ehtiyac nə olduğunu bilmədi, nə dul qadınlar, nə köməksiz qocalar, nə də uşaqlar onlara ət payı çatmadığı üçün gecələr ağlamadılar.