Nağıllar, hekayələr

Özbək xalq nağılı. Danışan ağac

Tərcümə edən: Gülnar Nəzərova

 

Günlərin bir günü bir yolçu dincəlmək üçün böyük bir ağacın yanına yaxınlaşdı. O, ağacın kölgəsi altında uzandı və qısa zamanda dərin yuxuya getdi. Bir müddət sonra yolçu oyanıb yoluna davam etmək istədikdə pul kisəsinin yoxa çıxdığını gördü. Bu ağacın yaxınlığında isə bir kənd var idi. Nə edəcəyini bilməyən yolçu özünü yerə vura-vura ah-vah eləməyə, bərkdən qışqırmağa başladı. Onun səsini eşidən kənd camaatı toplaşdı və:

 

- Oğurluq bizim kənddə olub. Bu işi bizdən bilməsələr yaxşıdı, - deyərək öz-özünə danışmağa başladılar.

 

Bu vaxt kənd əhalisindən kimsə bu hadisəni qazıya bildirdi. Bundan xəbər tutan qazı pul kisəsini itirmiş adamı hüzuruna çağırdı və:

 

- Niyə qışqırıb-bağırıb camaatı narahat eləyirsən? - deyə məsələni öyrənmək istədi.

 

- Ey hökmü ədalətli qazı, mən bir ağacın altında yuxuya getmişdim, həmin vaxt kimsə mənim pul kisəmi oğurlayıb. İndi mən oğrunu haradan tapacağam? Ona görə də qışqırmaqdan başqa çarəm qalmayıbdır, - deyə çarəsiz yolçu cavab verdi.

 

Qazı məsələni anladıqdan sonra həmin ağacın bir budağının kəsdirilib danışdırılmasını əmr etdi. Sonra qazı ağaca çatmamış bir yerdə çuxur qazdırdı, çuxurun içinə öz gözətçilərindən birini endirdi və ona:

 

- Mənim sualımı eşitdiyin zaman: “Ey qazı, mən adamları görən kimi oğrunun kim olduğunu tanıyaram deyə cavab verərsən”, - dedi.

 

Çuxurun üzərini yaxşıca bağladılar. Adamlar budağı kəsib qazıya verdi və qazı guya heç nədən xəbəri yoxmuş kimi budağı sorğu-sual etməyə başladı. Gözətçi də qazının buyruğuna əməl edərək danışmağa başladı. “Ağac da danışmağı bacarır, o oğrunu tapacağına bizə söz verdi” deyə kənddə şayiə yayıldı. Pul kisəsini oğurlayan gerçək oğru bunu eşidən zaman təlaşlandı.

 

- İş aşkara çıxacaq, yaxşısı budur, özüm gedib əməlimi etiraf edim, - deyə oğru qərarını verdi və pul kisəsini götürüb qazının yanına apardı.