Nağıllar, hekayələr

Vilhelm Hauf. Kabus dolu gəmi

Balsorda atamın balaca bir dükanı var idi; adətən, əlindəki var-dövləti itirməkdən qorxan və risk etməyi sevməyən adamlar bu cür ortabab dükanlara sahib olurlar. Atam məni çox sadə və dürüst insan kimi tərbiyə etmişdi; istədiyinə də nail olmuşdu — hələ kiçik yaşlarımdan ona yardım etməyə başlamışdım. On səkkiz yaşım təzə tamam olmuşdu ki, atam həyatında ilk dəfə böyük ticarətə atılmaq qərarına gəldi və bir sövdələşməyə razılıq verdi.

Amma çox keçməmiş dünyasını dəyişdi; mənə elə gəlir ki, onun ürəyini partladan şey min qızıl sikkəni ucsuz-bucaqsız dənizə etibar etməsi idi — bu cür həyəcana onun qəlbi çətin ki tab gətirəydi.  Ölümündən bir neçə həftə sonra atamın yük daşıtdırdığı gəminin batması xəbəri də özünü çox gözlətmədi; xəbəri alaralmaz, nə qədər qəribə olsa da, atamın həyatda olmadığına görə sevindim.

Mən hələ gənc idim, ona görə də yaşadığım bədbəxtliklər cəsarətimi qıra bilməzdi. Atamdan qalan əmlakı pula çevirib xoşbəxtliyimi axtarmaq üçün sədaqətli nökərimlə birlikdə yad ölkələrə üz tutdum. Səmt küləyi əsməyə başlayan kimi Balsor limanından yola düşdük. Mindiyimiz gəmi Hindistana gedirdi. Sakit dənizin sularında düz iki həftəyə yaxın heç bir narahatlıq keçirmədən səyahət etdik, amma bir gün kapitan bizə fırtınanın yaxınlaşdığını xəbər verdi. O, çox qayğılı görünürdü; açıq-aşkar hiss olunurdu ki, bu yerlərin farvaterini yaxşı bilmədiyi üçün cəsarət sizdir və fırtınaya qarşı üzə bilməyəcəyimizdən qorxur.

Kapitan əmr etdi ki, yelkənlər endirilsin; gəmi ağır-ağır ləngər vuraraq axın istiqamətində üzməyə başladı. Aydın və soyuq bir gecə idi; hətta kapitan belə fırtına ilə bağlı yanıldığını fikirləşməyə başlamışdı. Amma birdən lap yaxınlıqdan yol boyu heç rast gəlmədiyimiz bir gəminin keçib getdiyini gördük. Onun göyərtəsini səs-küy bürümüşdü; sanki, bir dəstə adam var qüvvəsi ilə bağırır, vəhşicəsinə şənlənirdi; fırtına qabağı qorxulu bir zamanda bu cür şənliklə qarşılaşmağımız çox təəccüblü idi. Üzümü çevirdiyim an yanımda dayanmış kapitanın rənginin ağappaq ağardığını gördüm: “Gəmim məhv oldu! — o qışqırdı, — bu gəmi ölümün özüdür ki var!”

Ondan həyəcanının səbəbini soruşmağa imkan tapmamışdımki, matroslar bağıra-bağıra yanımıza— göyərtəyə qaçıb gəldilər. “Siz onu gördünüz, kapitan? — onlar qışqırırdılar, — de yə sən, bizim işimiz bitdi”. Kapitan isə matroslara “Quran”dan insana təsəlli verə biləcək surələr oxumağı tapşırıb sükanın arxasına keçdi. Amma əbəs yerə! Çünki gözlənilən fırtına elə o an özünü yetirdi və heç iki saat da keçmədi ki, gəmimiz cırıltı salaraq yerindəcə mıxlanıb qaldı. Qayıqlar tələm-tələsik suya endirildi, sonuncu matrosa qədər hamı gəmini tərk etdi; o, elə bizim gözümüzün önündəcə suyun dibinə qərq oldu. Özümə gəldiyim an açıq dənizdə üzürdüm — həm də dilənçidən heç bir fərqim yox idi. Olan-qalan var-dövlətim gəmi ilə birlikdə dənizin dibinə getmişdi. Amma bədbəxtliklər bununla bitsəydi, nə vardı ki...

Fırtına getdikcə şiddətlənirdi, artıq qayığı idarə etmək çətinləşmişdi. Mən öz sadiq nökərimi bərk-bərk bağrıma basdım və hər ikimiz son ana qədər bir-birimizi buraxmayacağımıza and içdik. Nəhayət, dan yeri ağarmağa başladı; şəfəqin ilk işartısının görünməsi ilə küləyin qayığımızı aşırması bir oldu. Bundan sonra gəminin ekipajından heç kimi görə bilmədim. Qayığın aşmasının təsirindən hissiyyatımı itirmişdim; özümə gələndə anladım ki, batan qayıqdan xilas ola bilmişəm; məni öz ardınca sürüyüb sahilə çıxarmış qoca, sadiq nökərimin qolları arasında idim. Fırtına sakitləşmişdi. Gəmimizin isə heç izi-tozu da qalmamışdı; elə bu vaxt lap yaxınlıqda tamam başqa bir gəminin üzdüyünü gördük; dalğalar bizi ona doğru aparırdı. Yavaş-yavaş yaxınlaşırdıq ki, birdən gördüyüm mənzərədən içimi qorxu hissi bürüdü — bu, gecə yanımızdan ötüb-keçən və kapitanı dəhşətə gətirmiş həmin o gəmi idi. Ürəyim izaholunmaz bir həyəcan içərisində çırpınırdı; kapitanın bu cür dəhşətli şəkildə təsdiqlənən fikirləri, gəminin kimsəsizliyi və bizim yaxınlaşarkən saldığımız haray-qışqırığa baxmayaraq oradan səsimizə heç kimin səs verməməsi ruhumu bürümüş vahiməni daha da artırdı. Amma yaşadığımız qorxuya baxmayaraq, bu gəmi yeganə xilas yolumuz idi və bizə belə bir gözəl qurtuluş vasitəsi göndərən peyğəmbərə dualar edirdik. Gəminin burnundan uzun bir lövbər zənciri sallanmışdı. Ondan yapışmaq üçün var gücümüzlə əllərimizi, ayaqlarımızı işlədib gəmiyə doğru üzdük. Nəhayət ki, istədiyimizə nail olduq. Zəncirdən yapışıb səsim gələn qədər bağırdım, amma gəmidə əvvəlki kimi sakitlik hökm sürürdü. O zaman yuxarı dırmaşmağa başladıq — yaşca kiçik olduğumdan irəlidə gedirdim.

Dəhşətə bir bax! Göyərtəyə çıxanda gözlərim qarşısında açılan o mənzərə nə idi elə?! Bütün döşəmə qana bələnmişdi, türk geyimli iyirmi, ya da otuz meyit yerə sərilib qalmışdı; qrot-maçtın1 yanında zəngin geyimli bir adam dayanmışdı, əlində də yatağan var idi; amma onun sifəti ağappaq ağarmış, əyilmişdi. Alnının ortasına böyük bir mismar vurulmuş bu adam elə ayaq üstəcə maçta mıxlanmışdı. O da yerdə qalanlar kimi ölü idi. Qorxu əl-ayağımı bağladı, heç nəfəs almağa belə cəsarət edə bilmirdim. Nəhayət, yol yoldaşım da dırmaşaraq gəmiyə qalxdı. Bircə canlı varlığın belə olmadığı göyərtənin görünüşü onu da dəhşətə gətirmişdi — hər yer insanı vahiməyə salan meyitlərlə dolu idi. Peyğəmbərin ruhuna dualar oxuya-oxuya yolumuza davam etmək qərarına gəldik. Atdığımız hər addımdan sonra geri çevrilir, yeni, daha dəhşətli bir şeylə üzləşib-üzləşməyəcəyimizi yoxlayırdıq; amma göyərtədə hər şey əvvəl necə idisə, eləcə də qalmışdı: ətrafda bir dənə də canlı varlıq yox idi: biz idik, bir də okean. Qorxudan hündürdən danışmağa da cəsarət edə bilmirdik; elə bil, maçta mıxlanmış kapitanın donmuş gözlərini bizə tuşlayacağından, ya da ölülərdən hansınınsa başını bizə tərəf çevirəcəyindən ehtiyat edirdik. Nəhayət ki, asta-asta olsa da, tryuma aparan pilləkənlərə çatdıq və istər-istəməz ayaq saxlayıb bir-birimizə baxdıq: heç birimiz ürəyimizdən keçəni hündürdən deməyə cəsarət edə bilmirdik. — Oh, cənab! — nəhayət ki, mənim sədaqətli nökərim dilləndi, — burada nəsə dəhşətli şeylər baş verib. Bu, aydın məsələdir. Amma orada — aşağıda çoxlu qatil olsa belə, yenə də mən onların mərhəmətinə sığınmağı buradakı ölülərlə birlikdə qalmaqdan daha üstün tutardım... Açığını desəm, mən də eyni şeyi fikirləşirdim. Biz özümüzü ələ almağa çalışdıq, görə biləcəyimizin həyəcanı içində əsə-əsə pilləkənlərlə aşağı enməyə başladıq. Nə qədər qəribə də olsa, aşağıda ölü bir sükut hökm sürürdü; yalnız bizim ayaq səslərimizin əks-sədası eşidilirdi. Kayutun qapısı ağzında ayaq saxladıq. Mən qulağımı qapıya söykəyib dinşədim, içəridə çsakitlik idi. Bir az cəsarətlənib qapını açdım. Kayutda əməlli-başlı səliqəsizlik var idi. Hər yan darmadağın edilmiş, pal-paltar, silah və digər əşyalar ətrafa səpələnmişdi. Görünür, ekipaj, ya da ən azından kapitanın özü burada yeyib-içmiş, əylənmişdi, çünki süfrə belə yığışdırılmamışdı. Biz yolumuza davam edib kayutdan-kayuta, otaqdan-otağa adlayır və hər girdiyimiz otaqda qalaq-qalaq ipək, qənd, mirvari və başqa əşyalarla rastlaşırdıq.

Bu qədər var-dövləti görüb özümü itirmişdim; çünki gəmidə heç kim yox idisə, hər şeyi özümünkü hesab edə biləcəyimi düşünürdüm. Amma İbrahimin bir xatırlatması mənim ağlımı başıma gətirdi — o dedi ki, çox ehtimalla gəmi qurudan çoxuzaqda üzür və əgər kənardan kömək olmasa, təklikdə bir yana çıxa bilməyəcəyik. Biz yemək yeyib kəmərin altını bərkitdikdən sonra göyərtəyə qalxdıq. Cəsədlərin iyrənc görünüşü yenə də ətimizi ürpərtdi. Ona görə də qərara gəldik ki, onları suya tullayıb, canımızı bu iyrənclikdən qurtaraq. Amma nə qədər əlləşsək də, heç birini yerindən tərpədə bilmədik və bu çarəsizlik bizi daha da vahimələndirdi. Meyitlər, sanki, döşəməyə mıxlanmışdı və onları göyərtədən yox etmək üçün bütün döşəmə taxtalarını qırıb çıxartmaq lazım gələcəkdi, bunun üçünsə əlimizdə heç bir alət yox idi. Nə qədər əlləşsək də, kapitanı da mıxlandığı dor ağacından qoparmaq mümkün olmadı; hətta bütün cidd-cəhdimizə baxmayaraq, onun donmuş barmaqlarını aralayıb yatağanı belə qoparmaq bizə müyəssər olmadı. Beləcə, bütün günü qismətimizi lənətləyərək, kədərli fikirlərə dalaraq keçirdik; şər qarışmağa başlayanda mən qoca İbrahimə icazə verdim ki, yatağa uzansın, özüm isə göyərtədə qalıb yaxınlıqdan keçib gedə biləcək hansısa bir gəmini köməyə çağırmaq ümidilə ətrafa göz qoymağa başladım. Amma ay doğar-doğmaz ulduzlara baxa-baxa saatın on birə yaxınlaşdığını müəyyən edirdim ki, yuxunun mənə güc gəlməyə başladığını hiss etdim; mən gəminin bortuna çırpılan dalğalarının səsini açıq-aydın eşidirdim, yelkənlər isə küləyin təsiri ilə astaasta cırıldayırdılar. Birdən qulağıma göyərtədən kişi səsləri və addım tappıltıları gəlməyə başladı. Dikəlib baxmaq istədim, amma sanki, gözəgörünməz bir qüvvə bədənimin bütün üzvlərini oturduğum yerə sıxaraq tutub saxlayır, məni tərpənməyə qoymurdu. Gözlərimi belə aça bilmirdim. Səslər isə getdikcə daha aydın eşidilməyə başlamışdı; matrosların şən çığırışları, bu hay-harayın arasından kiminsə hündürdən çıxan amiranə səsi əməlli-başlı aydın duyulurdu; bundan başqa, kanatların necə çəkilib bərkidildiyini, yelkənlərin çıxardığı cırıltını da açıq-aşkar hiss edirdim. Amma bir qədər sonra yavaş-yavaş şüurum dumanlanmağa başladı və mən dərin yuxuya daldım — aradabir yuxunun içindən silahların cingiltisinə diksindiyim isə çətinliklə olsa da, yadıma gəlir. Mən yalnız səmada günəş yüksəkliyə qalxdığı vaxt — gün şüaları üzümü yandırmağa başlayanda yuxudan ayıldım.

Təəccüb içində ətrafıma göz gəzdirdim; fırtınanı da, cəsədləri də, bu gecə eşitdiklərimi də, sanki, yuxuda görmüşdüm; amma ətrafı diqqətlə gözdən keçirdikdə hər şeyin real olduğu, göyərtədə meyitlərin axşam necə idisə, eləcə də qaldığı aydın oldu. Cəsədlər əvvəlki kimi tərpənməz halda uzanmışdılar, dor ağacına mıxlanmış kapitan da yerindən heç yana tərpənməmişdi. Mən özlüyümdə gördüyüm yuxunun qəribəliyinə güldüm və qoca nökərimi axtarıb tapmaq üçün ayağa qalxdım. O kayutda idi, oturduğu yerdəcə dərin fikirlərə dalmışdı. — Oh, cənab, — mən içəri girən kimi o dilləndi, — bu kabus dolu gəmidə daha bir gecə keçirməkdənsə, dənizin dibində olmağa razıyam. Ondan ümidsizliyinin səbəbini soruşdum, nökərim dedi: — Bir neçə saat yatdıqdan sonra yuxudan ayıldım və hiss etdim ki, yuxarıda — başımın üstündə adamlar ora-bura qaçışırlar. Əvvəlcə elə bildim sizsiniz, amma diqqət edib gördüm ki, yox, oradan ən azı, iyirmi nəfərin addım səsləri gəlir; bundan başqa, onlarınbir-birini necə haraylaması, qışqırığı da qulağıma gəlib çatırdı. Nəhayət, pilləkənlərdən ağır addım səsləri eşidilməyə başladı. Elə bil, beynimdə hər şey bir-birinə qarışdı; yalnız aradabir, bir neçə dəqiqəlik ağlım başıma qayıdırdı və mən maçta mıxlanmış həmin o adamın burada, bax, bu stolun arxasında necə oturduğunu, oxuduğunu, şərab içdiyini görürdüm; kapitandan bir qədər aralıda, al-qırmızı kaftanda uzanmış o adam isə indi onunla şərab içirdi. Bu, mənim qoca nökərimin danışdıqları idi. Siz, yəqin ki, bu sözləri eşitdiyim vaxt mənim  ürəyimdən nələr keçdiyini yaxşı başa düşərsiniz; dostlar, hisslərinin nökərimi aldatmasından heç söhbət belə gedə bilməzdi, çünki mən də ölülərin çaxnaşmasını açıq-aydın eşitmişdim. Belə bir dəstə ilə gəmi səyahətinə çıxdığımı düşünəndə içimi dəhşət bürüdü. Mənim sədaqətli nökərim İbrahim isə yenidən dərin xəyallara dalmışdı. “Xatırladım!” — o nəhayət ki, qışqıraraq dedi və ağlına gələn fikri tələm-tələsik danışmağa başladı. Onun ağlına gələn şey isə bir zamanlar babasının, çox səfərlərdə olmuş təcrübəli dənizçinin öyrətdiyi dua idi, elə indicə yadına düşmüşdü; bu ovsun caduya və qarabasmalara qarşı yaxşı təsir göstərirdi; bundan başqa, qoca nökərim məni əmin etməyə çalışırdı ki, “Quran”da olan ayələri cidd-cəhdlə təkrartəkrar oxusaq, ötən gecə bizi öz təsiri altına salmış o qeyri-adi yuxuya qalib gələ bilərik. Qocanın təklifi ürəyimdən oldu. Hər ikimiz həyəcanla gecənin düşməsini gözləməyə başladıq. Kapitanın kayutunun arxa tərəfində kiçik bir anbar var idi; qərara gəldik ki, orada gizlənək. Sonra bütün kayutda baş verənləri izləyə bilmək üçün qapıda bir neçə deşik açdıq; işimizi bitirər-bitirməz içəri girib qapını bərk-bərk bağladıq və İbrahim otağın dörd küncünə də peyğəmbərin adını yazdı. Beləcə, gecənin dəhşətli hadisələrini gözləməyə başladıq. Yenə də saat on birə yaxın məni yuxu basmağa başladı — bu güclü yuxuya qalib gəlmək asan məsələ deyildi. Nökərim məsləhət gördü ki, “Quran”dan bir neçə ayə oxuyum; bu, həqiqətən də, kömək elədi. Elə bu vaxt birdən-birdə yuxarıda həyat oyandı; kanatlar cırıldamağa başladı; göyərtədən yenə də dünənki kimi addım səsləri gəlirdi. Bir neçə dəqiqə səsimizi içimizə çəkib gərgin intizar içində gözlədik; sonra kiminsə pilləkənlərlə aşağı kayutaya endiyini duyduq. Qoca nökərim ayaq səsləri eşidilər-eşidilməz kabuslara və cadugərliyə qarşı babasının ona öyrətdiyi duanı oxumağa başladı: Azadlıqda uçursunuzsa, Torpağın altında gözdən itirsinizsə, Dənizin dərinliklərində gizlənirsinizsə. Sizin içinizdə atəş burulğanı fırlanırsa, — Allah sizin yaradıcınız və hakiminizdir... Bütün ruhların bir hökmdarı var.

Etiraf etməliyəm ki, bu duanın işə yarayacağına  o qədər də inanmırdım, ona görə də qapı açılanda, demək olar, başımdakı bütün tüklər biz-biz durmuşdu. Yuxarıda dor ağacına mıxlanmış həmin o hündür, boylu-buxunlu adam indi gözümün önündəcə kayuta gəlmişdi. O, içəri daxil oldu. Mismar hələ də alnının ortasında dimdik dururdu, amma yatağanı nədənsə qınına qoymuşdu; onun ardınca nisbətən kasıb geyimli biri də gəlirdi — mən onu da yuxarıda görmüşdüm, tərpənməz halda yerdə uzanmışdı. İçəri birinci girən alnı mismarlı adam heç şübhəsiz ki, kapitan idi, solğun üzünü qara saqqal basmışdı; o, içəri girər-girməz vəhşi bir hərəkətlə bəbəklərini oynada-oynada, ora-bura fırlada-fırlada kayuta göz gəzdirdi. Yanımızdan ötüb-keçəndə onu əməlli-başlı gözdən keçirə bildim; o isə, deyəsən, heç arxasında gizləndiyimiz qapıya fikir də vermədi. Kapitan yoldaşı ilə birlikdə kayutun ortasına qoyulmuş stolun arxasında oturdu və bizim bilmədiyimiz dildə hündürdən, demək olar, qışqıra-qışqıra danışmağa başladı. Getdikcə onların səsi daha bərk çıxır, daha qəzəbli olurdu; sonra kapitan yumruğu ilə stola elə bir zərbə vurdu ki, az qaldı divarlar silkələnsin. Onun həmsöhbəti vəhşi bir qəhqəhə çəkərək yerindən sıçradı və başı ilə kapitana arxasınca gəlməsini işarə etdi. Kapitan ayağa qalxdı, yatağanı qınından çıxartdı, sonra hər ikisi kayutu tərk etdilər. Onlar getdikdən sonra nökərim də, mən də rahat nəfəs aldıq; amma yaşadığımız qorxu hələ uzun müddət bitməyəcəkdi. Göyərtədə səslər getdikcə artır və çılğınlaşırdı. Oradan gah ora-bura qaçan adamların ayaq tappıltıları gəlir, gah çığırtılar eşidilir, gah da çığırtını gülüş və söyüş səsləri əvəz edirdi. Sonra elə bir çaxnaşma düşdü ki, eşidən bu səsin cəhənnəmdən gəldiyini düşünərdi; bizə elə gəldi ki, bütün göyərtə yelkənlərlə birlikdə başımıza uçur; silahlar şaqqıldadı, dalbadal atəş açıldı, sonra kimsə qışqırdı və... bir az sonra yenidən araya ölü sükut çökdü. Bir neçə saat keçəndən sonra yuxarı çıxmaq qərarına gəldik; göyərtədə hər şey yenə də əvvəlki kimi idi: döşəmə tərpənməz halda uzanmış və ağaca dönmüş meyitlərlə dolu idi. Biz bir neçə gün eyni şəkildə təkrarlanan hadisələr içərisində vahiməli saatlar yaşadıq; gəmi şərqə doğru istiqamət götür müşdü, mənim hesablamalarıma görə orada torpaq olmalı idi; amma hər şey gözlədiyim kimi alınmırdı. Çünki gəmi gün ərzində xeyli yol qət edirdisə belə, gecələr görünür, geri qayıdırdı, çünki günəşin doğduğu vaxt həmişə eyni yerdə olurduq. Səbəbi yalnız bir şeylə özümüzə izah edə bilirdik: deyəsən, gecələr ölülər bütün yelkənləri açır və geri üzürdülər. Bunun qarşısını almaq üçün biz gecə düşənə kimi dəfələrlə yelkənləri sarıyıb bağladıq; amma heç bir nəticə vermədi. Sonra artıq bir dəfə istifadə olunmuş vasitədən yenidən yararlanmaq qərarına gəldik — perqament kağızın üstünə peyğəmbərin adını yazıb, babanın öyrətdiyi duanı da bura əlavə etdik və kağızları yelkənlərə doladıq. Sonra da öz darısqal hücrəmizə çəkilib nə olacağını həyəcanla gözləməyə başladıq. Ölülər həmin gecə daha bərk qəzəbləndilər. Bunu eşitdiyimiz səslərdən də başa düşürdük. Amma bütün qəzəblərinə baxmayaraq, dua işə yaradı. Çünki səhəri gün yelkənlər onları gündüz necə bağlamışdıqsa, eləcə də qalmışdı. İndi gün ərzində neçə yelkən endirmək lazım idisə, o qədərini endirir və gəminin tələsmədən irəliləməsi üçün şərait yaradırdıq; beləliklə, beş gün ərzində xeyli yol qət edə bilmişdik. Nəhayət, altıncı gün səhər tezdən uzaqdan torpaq göründü; hər ikimiz Allaha da, onun peyğəmbərinə də xilasımız üçün şükürlər etdik. Həmin gün də, növbəti gecə də gəmi sahil boyunca üzürdü; yeddinci günün səhəri yaxınlıqda bir şəhərin olduğunu gördük. Böyük çətinliklə lövbəri suya saldıq — o, həmin andaca quma çökdü; qayığı suya endirdik və var gücümüzlə avar çəkib sahilə doğru üzdük. Yarım saat sonra artıq dənizə tökülən çayla irəliləyib sahilə qalxmışdıq. Şəhər darvazaları yaxınlığında onun adı ilə maraqlandıq, öyrəndik ki, hind şəhəridir, özü də mənim yola düşərkən getmək istədiyim şəhərin lap yaxınlığında yerləşir. Yubanmadan karvansaraya yollandıq, bu qeyri-adi səyahətdən sonra doyunca yemək, dincəlmək lazım idi. Karvansarada olarkən müdrik və elmli bir adamı necə tapa biləcəyimlə maraqlandım; karvansara sahibinə işarə edib başa saldım ki, həmin adam mütləq cadugərlikdən də baş çıxarmalıdır. O, məni şəhərin kənar küçələrindən birinə yolladı; yöndəmsiz bir ev idi; qapını döydüm, içəri keçəndə isə karvansara sahibinin tapşırdığı kimi Muleyi soruşdum. Məni ağsaqqal, uzunburun bir qoca qarşıladı və nə istədiyimi soruşdu. Müdrük Muleyi axtardığımı söylədim, o da Mu ley olduğunu deyib diqqətlə danışdıqlarıma qulaq asdı. Mən vaxt itirmədən meyitlərlə necə rəftar etməli olduğumu və onları göyərtədən hansı yolla uzaqlaşdıra biləcəyimi soruşdum, məsləhət verməsini xahiş etdim. O: “Çox güman ki, matroslar törətdikləri hansısa bir cinayət səbəbindən dənizdə üzməyə məhkum ediliblər, — dedi, — əgər ölüləri quruya gətirib dəfn edə bilsəniz, sehr aradan qalxacaq. Amma bir şeyə diqqət edin: onları mütləq və mütləq üstündə uzandıqları lövhələrlə birlikdə bura gətirmək lazımdır”. Bu müdrik qoca bir də onu söylədi ki, gəmi — bütün vardövləti ilə birlikdə həm qanun, həm də Allah qarşısında mənə aiddir, çünki onu, demək olar ki, tapmışam; amma bütün bunları sirr kimi saxlamalıyam; əgər qazancımdan bir az ona versəm, öz qulları ilə birlikdə gəmidən ölülərin çıxarılmasına yardım edə bilər. Mən Muleyi səxavətlə mükafatlandıracağıma söz verdim və biz özümüzlə mişar, balta götürüb, beş kölə ilə birlikdə yola düşdük. Yol boyu söhbət edərkən Muley “Quran” ayələri ilə yelkənləri bağlamağımızı eşidib, bu kəşfimizə heyran qaldığını söylədi. Dedi ki, bu, həqiqətən də, bizim üçün yeganə xilas yolu imiş. Gəmiyə çatanda günəş hələ çox yüksəkdə idi. Hamımız işə girişdik, aradan heç bir saat keçməmişdi ki, dörd meyit artıq qayığa uzadılmışdı. Kölələrə tapşırılmışdı ki, onları sahilə çıxarıb dəfn eləsinlər. Geri qayıtdıqları vaxt onlar danışdılar ki, meyitləri basdırmaq lazım gəlməyib, çünki onları torpağa qo yan kimi hamısı bir anın içindəcə külə çevrilib. Biz lövhələri sökməyə ara vermədən axşama kimi işlədik və bütün ölüləri sahilə çıxarmağa nail olduq. Göyərtədə yalnız alnından dor ağacına mismarlanmış kapitan qalmışdı. Amma nə qədər çalışsaq da, onun başındakı mismarı dartıb çıxara bilmədik, bu qədər güc sərf etməyimizə baxmayaraq, onu yerindən tərpətmək mümkün deyildi. Neyləyəcəyimizi anlamırdıq, kapitanı sahilə çıxarmaq üçün dor ağacını baltalamalı deyildik ki... Bizi düşdüyümüz bu çətinlikdən Muley xilas etdi. O, kölələrdən birini tələmtələsik sahilə göndərdi, tapşırdı ki, bir dibçək torpaq gətirsin. Kölə geri qayıdan kimi müdrik kişi dibçəyə tərəf əyilib nəsə pıçıldamağa başladı. Deyəsən, ovsun oxuyurdu. Sonra bu torpağı ölünün başına səpdi. O an baş verən hadisə hamımızı sarsıtdı. Kapitan gözlərini açdı, dərindən nəfəs aldı; elə bu vaxt başındakı mismar yarasından qan axmağa başladı. Artıq biz çətinlik çəkmədən mismarı çıxara bilərdik. Elə belə də etdik — yaralı kapitan kölələrdən birinin qolları arasına yıxıldı. — Məni bura kim gətirib? — o, özünə gələr-gəlməz ilk sualı bu oldu. Muley məni göstərərək bir az da ona tərəf əyildi. Yaralı zəif səslə sözünə davam etdi: — Çox sağ ol, yadelli, məni bitib-tükənməyən bir əzabdan xilas etdin. Artıq əlli ildir cəsədim bu dalğaların üstü ilə orabura üzür, ruhum isə hər gecə yenidən o bədənə qayıtmağa məhkum edilmişdi. Amma indi başıma torpaq toxundu, bağışlandım; artıq ulu əcdadlarımın yanına yollana bilərəm. Ondan çəkdiyi məşəqqətlərin səbəbini soruşanda belə dedi: — Mən əlli il bundan əvvəl nüfuzlu, tanınmış adam idim, Əlcəzairdə yaşayırdım; zəhmətsiz pul qazanmağa olan ehtirasım məni vadar etdi ki, gəmi alıb piratlıqla məşğul olmağa başlayım. Zantada gəmimə havayı üzmək istəyən bir dərviş mindi — o vaxtlar artıq uzun müddət idi ki, bu işlə məşğul idim. Yoldaşlarım da, mən də — kobud insanlar idik, dərvişin müqəddəs biri ola biləcəyini heç ağlımıza da gətirmirdik; hətta mən onu ələ salıb gülürdüm də. Bir dəfə dərviş günah dolu həyat yaşadığımı deyib, pis işlə məşğul olduğuma görə məni tənbeh etdi. Gecə şturmanımla yeyib-içirdik, birdən-birə dərvişin sözləri yadıma düşdü, əsəbimdən coşub-kükrədim. Hətta sultandan belə eşitsəydim, yenə də bu sözlərə dözə bilməzdim, amma onları mənə allahın bir dərvişi söyləmişdi. Qəzəb içimi necə boğdusa, göyərtəyə tərəf cumdum, bir dəqiqənin içindəcə əlim dəki xəncəri onun sinəsinə sapladım. O, can verə-verə məni də, ekipajımı da lənətlədi, dedi ki, başımız torpağa dəyin cəyə qədər bizə nə yaşamaq, nə də ölmək qismət olacaq. Beləcə, dərviş canını tapşırdı, biz onu dənizə tulladıq, hədə dolu sözlərini isə ələ salıb güldük. Amma onun qarğışı elə həmin gecə bizi tutdu. Ekipajımın bir hissəsi mənə qarşı qiyam qaldırdı. Qanlı toqquşma oldu — tərəfdarlarım məğlub oldular, qiyamçılarisə məni dor ağacına mismarladılar. Amma heç onlar da xilas ola bilmədilər, çünki aldıqları yara ağır idi. Tezliklə gəmim böyük bir məzarlığa çevrildi. Mismarlandığım yerdə gözlərim qaraldı, nəfəsim dayandı, fikirləşdim ki, ölürəm. Amma ölmürdüm. Sadəcə əl-qolum bağlanmış, yerimdəcə quruyub qalmışdım. Növbəti gecə — dərvişi dənizə atdığımız saatda hamımız özümüzə gəldik. Həyat geri dönmüşdü, amma hamımız yalnız o dəhşətli gecə etdiklərimizi və danışdıqlarımızı təkrarlaya bilirdik. Düz əlli ildir ki, bu sularda üzürük — nə yaşaya bilirik, nə də ölə; çünki torpağa yetişə bilmirdik... Dənizdə fırtına başlayanda dəhşətli bir sevinc hissi keçirir, yelkənləri endirirdik ki, sıldırım qayalara çırpılıb məhv olaq, yorulmuş bədənimiz dənizin dibində rahatlıq tapsın. Amma alınmırdı ki, alınmırdı. Amma indi nəhayət ki, öləcəyəm. Sənə təşəkkür edirəm, yadelli xilaskarım!

Əgər bu xəzinəni mükafat kimi qəbul edə bilərsənsə, qoy bu, mənim sənə minnətdarlığım olsun!  Kapitan bu sözləri dedikdən sonra başı yana düşdü və canını tapşırdı. O da öz yoldaşları kimi bir anın içindəcə külə çevrildi. Külü balaca bir qutuya toplayıb torpağa basdırdıq; sahilə qayıtdıqdan sonra şəhərdə gəmi təmir edən fəhlələr tapdım. Bütün malları böyük məbləğə dəyiş-düyüş edərək pula çevirdim, bir neçə motrosu işə götürdüm, dostum Muleyi səxavətlə mükafatlandırdım və öz vətənimə yola düşdüm. Geri qayıdarkən göyərtədəki malları satmaq üçün müxtəlif adalara və ölkələrə yan almalı olurdum. Başladığım bu işə peyğəmbərin özü xeyir-dua vermişdi. Ona görə də düz doqquz aydan sonra Bolsaruya çatdığımda vəfat etmiş kapitandan aldığım mirası ikiyə qatlamışdım. Həmvətənlərim qazandığım vardövlətə və uğurlarıma çox təəccüblənirdilər. Onlar elə hesab edirdilər ki, mən məşhur dəniz səyyahı Sindbadın gizlətdiyi almaz dolu mağaranı tapmışam.

Düzünü desəm, onları düş dük ləri bu fikirdən daşındığmağa heç çalışmadım da... Amma o vaxtdan bəri bütün balsorlu gənclər on səkkiz yaşına çatar-çatmaz mənim kimi öz xoşbəxtliklərini tapmaq üçün səyahətə çıxırlar. Mən isə sakit və rahat yaşayır, hər beş ildə bir dəfə Məkkəyə səfər edirdim ki, müqəddəs yerlərdə mərhəmətinə görə Tanrıya dualar oxuyum və yalvarım ki, kapitanla yoldaşlarını öz cənnətinə qəbul etsin.