Nağıllar, hekayələr

Rəşid bəy Əfəndiyev. "Nəbi və Tahir"

Bir kənddə Nəbi adlı igid bir oğlan yaşayırdı. Onun gözəl bir atı vardı. At Nəbiyə, Nəbi də ata yaraşırdı.

Tahir adlı bir nəfər Nəbinin atını ələ keçirmək fikrinə düşmüşdü. Amma o bilirdi ki, atı Nəbinin əlindən zorla ala bilməz. Buna görə də hiyləyə əl atdı.

Tahir gəlib Nəbinin yolu üstündə uzandı. Nəbi yaxınlaşanda bərkdən zarımağa başladı. Nəbi atdan düşüb ona yaxınlaşdı:

– Nə olub, qardaş? Sənə necə kömək edim?

– Xəstəyəm, yeriyə bilmirəm. Məni tez kəndə çatdır, – deyə Tahir inildədi.

Nəbi onu qucağına alıb ata mindirdi. Özü də tərkinə minmək istəyirdi ki, birdən Tahir onu itələyib atı irəli sürdü. Bir az uzaqlaşıb dayandı, Nəbiyə sarı dönüb dedi:

– Salamat qal, Nəbi. Sənin atına gözüm düşmüşdü. Ona görə də əlindən aldım. Sən isə öz başına çarə qıl.

Nəbi onun dalınca qışqırdı:


– Bircə dəqiqə ayaq saxla. Eşit, gör nə deyirəm. O atı sənə bağışladım. Sağlığına qismət olsun. Amma səndən bir xahişim var: atı məndən bu yolla aldığını heç kimə demə.

– Niyə? – deyə Tahir soruşdu.

– Çünki insanlar bundan sonra birbirinə inanmazlar. Çətinə düşənə heç kim kömək əlini uzatmaz.